Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov

Səfir Rusiya-Azərbaycan münasibətlərinin detallarını açıqladı

2671
(Yenilənib 22:34 10.06.2019)
Rusiyanın Azərbaycandakı səfiri Bakı ilə Moskvanın əməkdaşlıq səviyyəsindən, iki ölkənin AİB və ŞƏT kimi təşkilatlar çərçivəsində əməkdalığından, jurnalist Fuad Abbasovun ölkədən çıxarılmasından, sərhədlərin demarkasiyasından və s. danışıb

BAKI, 10 iyun — Sputnik. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi Azərbaycanla Rusiyanı birləşdirən vacib nəqliyyat arteriyasıdır və artıq onun yarısı başa çatıb. Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, bu günə qədər işlərin yarıdan çoxu görülüb, körpü cari ilin sonu, yaxud gələn ilin əvvəllərində başa çatacaq.

Diplomat deyib ki, Samur çayı üzərindən yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəddi tez keçməsinə şərait yaradacaq. Bu isə iki ölkə arasında yük daşımalarının artmasına təsir edəcək. Eyni zamanda bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması layihəsinin bir hissəsidir.

Чрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Михаил Николаевич Бочарников
© Sputnik / Murad Orujov
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında

Boçarnikov əlavə edib ki, sözügedən çay vasitəsilə nəqliyyat axınlarının yenidən bölüşdürülməsi üçün marşrutlar, eləcə də inkişaf edəcək yeni keçidlər müəyyənləşdirilib.

Azərbaycanla Rusiya arasındakı qarşılıqlı ticarət haqqında danışan səfir bildirib ki, 2019-cu ilin birinci rübündə 10% artım qeydə alınıb.

"Rusiyanın yanvar-mart ayları üzrə statistikasına görə, ticarət dövriyyəsinin həcmi yarım milyard dollardır, Azərbaycanın da 4 aylıq statistikasına əsasən ticarət dövriyyəsi 800 milyon dollardan artıqdır və 22% artım müşahidə edilib. Bu, çox müsbət bir təzahürdür" – deyə Boçarnikov əlavə edib.

Səfirin sözlərinə görə, ümumilikdə ötən il ticarət dövriyyəsinin həcmi 2.4 milyard dollar olub və 13% artım müşahidə edilib.

Diplomat onu da vurğulayıb ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsi qeyri-neft sektoru üzərində qurulub və burada mineral xammalların payı nəzərəçarpacaq dərəcədə deyil. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanın ticarət əlaqələrinin mövcud olduğu əsas sahələr kənd təsərrüfatı və maşınqayırmadır.

İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
© Official website of President of Azerbaijan Republic

O, qeyd edib ki, Rusiya və Azərbaycan yol xəritəsi çərçivəsində əczaçılıq sahəsində birgə istehsal mexanizmləri üzərində işləyir.

"Rusiyanın "RFarm" şirkəti ilə Azərbaycanın dərman istehsalı şirkəti birgə əczaçılıq müəssisəsi qurmaq istiqamətində işlərini başa çatdırmaq üzrədirlər. Birgə müəssisə "Həyat Farm" adlanır" - Boçarnikov deyib. O, bildirib ki, birgə müəssisənin cari ilin sonlarında, ya da 2020-ci ilin əvvəllərində qurulması gözlənilir.

Səfir siyasət sahəsində də dialoq və əməkdaşlığın davam etdiyini bildirib: "Siyasət sahəsində də bizim dialoqumuz prezidentlərin müəyyənləşdirdiyi istiqamətdə qarşılıqlı anlaşma əsasında inkişafını davam etdirir. Bu müddət ərzində artıq Pekində iki ölkə prezidentinin görüşü olub və əminəm ki, ilin sonuna qədər yenə də olacaq."

Səfirin sözlərinə görə, ölkələrimiz arasında XİN və digər nazirliklərin rəhbərliyi və ekspertlər səviyyəsində əlaqələr mövcuddur. Bu, gündəlik işdir və uğurla davam edir. Diplomat humanitar istiqamətdə də mədəni əməldaşlığı qeyd edib.

Пресс-конференция чрезвычайного и полномочного посла Российской Федерации в Азербайджане Михаила Бочарникова
© Sputnik / Murad Orujov
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında

Diplomat buna misal olaraq, Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən rus avanqard rəssamlarının sərgisini qeyd edib. O, bu yaxınlarda Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin ekspozisiyasından ibarət "Mümkün ölçülər" (Possible Dimensions) adlı sərgini xatırladıb.

Boçarnikov iki ölkə arasında beş yol xəritəsinin həyata keçirildiyini, əsas istiqamətlərdən birinin də 2024-cü ilədək nəzərdə tutulmuş iqtisadi əməkdaşlıq üzrə xəritə olduğunu qeyd edib.

"Bütün istiqamətlər üzrə qarşıya qoyulmuş məqsədlər həyata keçirilir, konkret məqsədlərə nail olunub, bəzi istiqamətlərdə isə işlər davam etdirilir" - deyə o bildirib.

Səfir onların icrası çərçivəsində kənd təsərrüfatı sahəsində əməkdaşlığın möhkəmləndirilməsini, iki ölkənin işgüzar məsləhətləşmələrinin canlandırılmasını qeyd edib.

Diplomat Rusiyanın və Azərbaycanın şəhərləri arasında hava əlaqələrinin inkişaf etdiyini də xatırladıb.

Yeni hipersəsli döyüş bloklu Avanqard raket kompleksinin sınaq buraxılışının izlənilməsi
© Sputnik / Ministry of Defense of the RF

"Səfirliyin xətti ilə mənim gözümün qarşısından müntəzəm olaraq Rusiya tərəfindən rəsmən təyin edilmiş hava daşıyıcılarının genişləndirilməsinə dair bildirişlər gəlib keçir. Onların arasında Rusiyanın və Azərbaycanın ən müxtəlif regionları arasında yük daşımalarının həyata keçirilməsinə dair mütəmadi məlumatlar var" - deyə səfir bildirib.

O, ölkələrə qarşılıqlı səfərləri və humanitar əməkdaşlığı genişləndirməklə bağlı yol xəritələri üzərində də işin getdiyini deyib.

"2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist səfər edib. Azərbaycan rusiyalı turistlər üçün cəlbedici istiqamətə çevrilib. Rusiyada Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılıb. Bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək" - deyən Boçarnikov həmçinin əlavə edib ki, Azərbaycan və Rusiya arasında uçuşlar həyata keçirən aviaşirkətlərin sayının artırılmasına dair danışıqlar davam edir.

O, iki ölkənin müxtəlif kurortları arasındakı qarşılıqlı əlaqələrdən də bəhs edib.

Səfir iki ölkənin ali məktəbləri arasındakı münasibətlərə toxunaraq deyib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə ADA arasında sıx əlaqələr mövcuddur. 2020-ci ildə həmin universitetlərin əməkdaşlarının kursları əsasında hər iki ali məktəbi bitirənlərin eyni anda iki diplom əldə etməsi istiqamətində sxem hazırlanacaq.

"Proses gedir. Hələlik həllini tapmayıb, konkret sənəd imzalanmayıb. Düşünürəm ki, bu məsələ ilin sonuna qədər həyata keçiriləcək" - Boçarnikov bildirib. O, Rusiya Ali İqtisadiyyat Məktəbi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında da əlaqələrin olduğunu deyib.

Mixail Boçarnikov mətbuat konfransında Sputnik Azərbaycan-ın əməkdaşının "strateji əlaqələrin yeni səviyyəyə yüksəlməsi fonunda Moskva ilə Bakı arasında inteqrasiyanın güclənməsi" barədə sualını da cavblandırıb.

"MDB güclənir, öz dəyərini və zəruriliyini təsdiqləyib. MDB çərçivəsində daha sıx əməkdaşlığa ehtiyac duyulur. Və bunu dünyadakı iqtisadi vəziyyət, iqtisadi maraqları qorumaq üçün bir araya gəlmək məcburiyyəti diktə edir" – deyən səfir, bunun dünyada ölkələrin maraqlarının müdafiəsi ilə bağlı olduğunu vurğulayıb.

Rusiyalı diplomatın sözlərinə görə, MDB Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və hətta imkan daxilində qarşılıqlı ticarətin dəstəklənməsi üçün "inteqarsiya" sözündən istifadənin zəruriliyi qeyd olunub.

Пресс-конференция чрезвычайного и полномочного посла Российской Федерации в Азербайджане Михаила Бочарникова
© Sputnik / Murad Orujov
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında

O əlavə edib ki, son bir ildə MDB ölkələri arasında ticarət dövriyyəsi 11,7% artıb. MDB çərçivəsində inteqrasiya mövcuddur.

Səfir vurğulayıb ki, həmçinin Rusiyanın üzv, Azərbaycanın isə dialoq üzrə tərəfdaşı olduğu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) da var. ŞƏT ən müxtəlif istiqamətlərdə öz fəaliyyətini aktivləşdirir. Diplomatın sözlərinə görə, bunlar siyasi dialoq, iqtisadi məsələlər və təhlükəsizliklə bağlıdır.

"Bizim fikrimizcə, həm dialoq üzrə müşahidəçi ölkələrin, həm də tərəfdaş ölkələrin bu təşkilatda öz iştirak dinamikasını artırmaq imkanı var. Yəni hətta bu statusla belə" - Boçarnikov əlavə edib.

Səfirin sözlərinə görə, ŞƏT-in bir sıra sənədləri var ki, onlar bu ölkələr üçün açıqdır. Əgər söhbət Rusiya və Azərbaycanın iştirakçılığını aktivləşdirməkdən gedirsə, ŞƏT-i bir universitet, təşkilatın energetika klubu da adlandırmaq olar.

Diplomat qeyd edib, hətta hazırda təşkilatın tamhüquqlu üzvləri olmayan, dialoq üzrə tərəfdaş ölkələr belə ŞƏT-in bir çox proqramlarında iştirak edə bilərlər.

"Burada əlbəttə ağla Avrasiya İqtisadi Birliyi gəlir. Qeyd etməliyəm ki, başda AİB olmaqla istənilən inteqrasiya birliklərində iştirak edib-etməmək hər bir dövlətin suveren hüququdur. Bu iştirakçılığı qəbul edib-etməmək hər bir dövlətin, eləcə də Azərbaycanın hüququdur" - deyə Boçarnikov bildirib.

"Mənə bəzən səfir kimi bu təşkilata hipotetik olaraq daxil olmağın Azərbaycana nə fayda verəcəyi barədə suallar ünvanlayırlar. Amma başqa ölkələrin əldə edəcəyi faydaları qiymətləndirmək səfirin işi deyil, hər bir suveren dövlət özü qiymətləndirməlidir ki, bu, onun üçün sərfəlidir, ya yox" - səfir əlavə edib.

Diplomat AİB-ə üzv olan digər dövlətlər haqqında isə deyib ki, təşkilata tam üzvlük onlara Birliyin vahid bazarına, kapital və əmək resurslarına çıxış, vahid bazar xidmətləri çərçivəsində formalaşmaq imkanı verir.

Boçarnikov qeyd edib ki, AİB-ə müşahidəçilik institutu kimi də baxılır. Odur ki, bu təşkilat heç kəs üçün qapalı deyil. Həddindən artıq çox ölkə bu birliklə maraqlanır. Bu təşkilatla qarşılıqlı əlaqələrin digər formaları da var.

"Vyetnamla azad ticarət zonası barədə müxtəlif sənədlər imzalanıb. Həmçinin bir sıra digər ölkələrlə də danışıqlar aparılır" - deyə Boçarnikov əlavə edib.

Diplomatın sözlərinə görə, hər hansı ölkə üzv olduğu təqdirdə, onun vətəndaşlarının AİB ərazisində, məsələn, əmək fəaliyyətləri ilə məşğul olmaq üçün icazə sənədlərini almasına ehtiyac yoxdur. O qeyd edib ki, 2017-ci ildə Rusiyada işləmək üçün 54 mindən çox Azərbaycan vətəndaşlarına patent verilib.

"Hər hansı bir inteqrasiya birliyinə qoşulub-qoşulmamaq barədə qərarlar suveren dövlət tərəfindən qəbul edilir" - deyə Boçarnikov fikrini yekunlaşdırıb.

Rusiya səfiri yaxın günlərdə regiona səfər etmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı suallara da cavab verib. Deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizamlanmasına dair öz təkliflərinin detallarını açıqlamırlar.

"Onların birgə bəyanatında humanitar sahədən və təhlükəsizliyin dəstəklənməsindən danışılır. Biz bundan müəyyən bir nəticə çıxara bilərik. Onlar bu yaxınlarda regionda oldular, öz təkliflərini etdilər və xarici işlər nazirləri yaxın zamanlarda görüşmək təklifini qəbul elədirlər. Həmsədrlər işi olduqca qapalı rejimdə aparır və bunu da onların öz izahatı var. Məsələ çox həssasdır və biz şadıq ki, iş davam etdirilir" - səfir deyib.

Rusiya yeni raketdən müdafiə sistemini sınaqdan keçirib
© Sputnik / Ministry of Defence of the RF

Səfir Rusiyadan çıxarılmış Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasov ətrafındakı məsələlərə də toxunub. "Fuad Abbasovun hansı media qurumunu təmsil etdiyini bilmirəm. Mən bu məsələyə azərbaycanlı jurnalistin yox, Azərbaycan vətəndaşının məsələsi kimi baxıram" - deyə bildirib. O qeyd edib ki, Rusiya tərəfinin məlumatına görə, F. Abbasov Rusiyada qalma müddəti başa çatdıqdan sonra lazımi qurumları məlumatlandırmayıb: "Bu da kobud qanun pozuntusudur. Başqa ölkələrdə qanunsuz qalan şəxslərin deportasiyası nadir hal deyil. Bu sadəcə olaraq mətbuatın diqqətini cəlb edib".

"Bizə müraciət daxil olandan sonra vəziyyətlə maraqlanmışıq. Bizdə Ximkinsk şəhər məhkəməsinin qərarı var. Orada qeyd olunub ki, Fuad Abbasov 15 gün müddətində Rusiya ərazisini tərk etməyib və Rusiya Federasiyasının ərazisində qalma müddətini uzatmaq üçün ərizə verməyib. Ona görə də, onun RF ərazisindən çıxarılması barədə inzibati qərar verilib" - Boçarnikov əlavə edib.

Səfir RF və Azərbaycan arasında dövlət sərhədlərinin demarkasiyası prosesinə də toxunub. Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı komissiyaların növbəti görüşü gələn həftə Bakıda keçiriləcək.

"Mən maraqlanmışam, demarkasiya kifayət qədər uğurla gedir, artıq sərhədlərin əhəmiyyətli hissəsi demarkasiya edilib" - deyə səfir fikrini yekunlaşdırıb.

2671