Siyavuş Novruzov

YAP icra katibinin müavini: "Putinin yenidən seçilməsi regionumuz üçün çox vacibdir"

1111
(Yenilənib 16:25 28.02.2018)
"Rusiya ərazisində xalq toplantıları keçiriləndə, ona sanksiya tətbiq edən dövlətlər yox idi"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Sputnik Azərbaycan-a özəl müsahibə verib. Müsahibəni təqdim edirik:

— Rusiyada keçiriləcək prezident seçkilərini necə qiymətləndirirsiniz? Bu seçkilərdə özünü Vladimir Putinə qarşı qoymuş insanlar — öz növbəsində Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak və digərləri haqqında nə demək olar?

— Rusiyada martın 18-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Ona görə diqqət mərkəzindədir ki, Rusiyada baş verən istənilən hadisə dünyaya və regiona çox böyük təsiri olan olaylar sırasındadır. Biz bu gün Moskvanın apardığı siyasətə nəzər salsaq, görərik ki, Rusiya təkqütblü dünyanın ortadan qaldırılması yolunda xeyli addımlar atıb.

21 fevral 2018-ci il tarixində Şam yaxınlığında, Suriyanın şərqindəki Qouta şəhərində qalxan duman
© REUTERS / Bassam Khabieh

SSRİ dağılandan sonra – 1990-cı illərdə dünya tamamilə təkqütblü idi. Hətta bəzən BMT-nin qərarları da, tam şəkildə bir ölkənin diktəsi əsasında qəbul olunurdu. Artıq tədricən bu məsələ gündəmdən çıxır. Və beynəlxalq hüququn prinsiplərinin qorunmasında Rusiya müəyyən rol oynamağa başlayıb. Bu, xüsusilə bizim region üçün və o cümlədən Azərbaycan üçün çox əhəmiyyətlidir. Rusiyanın regiondakı ölkələr və onu əhatə edən dövlətlərlə yaxşı münasibət qurması, həmçinin Azərbaycanın da bu proseslərdə rolu çox vacib olan elementlərdən biridir.

Keçiriləcək seçkilərə gəldikdə, təbii ki, seçim Rusiya xalqının seçimidir və biz onların seçiminə qarışa bilmərik. Amma mənim fikrimcə, Vladimir Putinin yenidən Rusiya prezidenti seçilməsi həm region üçün, həm dünya üçün, həm də ən əsası Rusiyanın özü üçün vacibdir. Vladimir Putinin seçilməsi bu gün həm Rusiyada stabilliyin qorunub saxlanılması, həm inkişaf, həm də yeni perspektivlərin açılması baxımından vacibdir.

Digər namizədlər ilə bağlı qeyd edə bilərəm ki, onlardan bəziləri dəfələrlə bu proseslərdə iştirak edib. Onların hansı addımlar atmaları, hansı proqramla çıxış etmələri, hansı fikirlər söyləmələri Rusiya vətəndaşlarına da, bizim xalqımıza da bəllidir. Mən onların çıxışlarında təzə bir fikir görmürəm.

Bizim ölkələrimiz arasında ümummilli lider Heydər Əliyevin dövründən yaranmış gözəl münasibətlər var və biz bu münasibətləri daha da möhkəmləndirməliyik. Bir daha sözümün əvvəlinə qayıdıram ki, seçim rus xalqının seçimidir, amma bu gün Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında həm dövlət başçıları kimi əlaqələr, həm də yaxın dost kimi mövcud olan münasibətlər var. Bu münasibətlər iki xalqın və dövlətin daha da yaxınlaşmasına xidmət edir. Onu da qeyd etmək istərdim ki, bu əlaqələr həm də Türkiyənin Rusiya ilə yaxınlaşmasına və münasibətlərinin normal məcraya qayıtmasına xidmət edir.

— Rusiyadakı seçkilər ara-sıra etiraz aksiyaları ilə müşayiət olunur. Sizcə bu, nəyin göstəricisidir: seçicilərin narazılığının, yoxsa xarici qüvvələrin rolunun?

— Rusiya çox böyük dövlətdir. İstər-istəməz orada kimsə nədənsə narazı ola bilər. Eləcə də, aksiyaya çıxanlar namizədliyini irəli sürmüş digər insanların tərəfdarları da ola bilər. Bu gün Rusiyanın kifayət qədər təkmil seçki qanunvericiliyi mövcuddur. Seçki qanunvericiliyinin, o cümlədən sərbəst toplaşmaq azadlığının tələblərinə uyğun olaraq istənilən namizəd etiraz aksiyası keçirə bilər.

Amma təbii ki, Rusiyada keçirilən aksiyalarda xarici faktorun rolu da böyükdür. Biz eyni ssenarinin bu və ya digər şəkildə Azərbaycanda da dəfələrlə tətbiqinin şahidi olmuşuq: 50-70 adamı yığışır, onların uzaqdan, sağdan, soldan şəklini çəkib dünyaya göstərirlər ki, Azərbaycanda hakimiyyəti sevmirlər, hakimiyyətə qarşı belə etiraz aksiyaları var. Eyni proseslər Rusiyada da təkrar olunmaqdadır. Amma narazıların sayı ümumi seçicilərin sayının 1 faizindən də azdır. Çünki Rusiyanın bütün bölgələrində hakimiyyəti dəstəkləyən kifayət qədər seçici var. Mən ilk gündən Rusiyada keçirilən seçkiləri yaxından izləyirəm. Və görürəm ki, insanların demək olar ki, böyük əksəriyyəti Vladimir Putinin namizədliyini dəstəkləyir.

— Putinin prezidentliyi dövründə Azərbaycanla Rusiyanın münasibətləri möhkəmlənib və yeni səviyyəyə yüksəlib. Qarabağ məsələsini bir kənara qoysaq, bu münasibətlərdə başqa nə çatışmır?

— Azərbaycan ilə Rusiyanın münasibətlərinin tarixi kökləri var. Yəni, biz həm qonşuyuq, həm də uzun illər bir dövlətin tərkibində yaşamışıq. Müxtəlif dövrlərdə fərqli düşüncəli şəxslər Rusiyaya və Azərbaycana rəhbərlik ediblər. Bunun nəticəsində qısa bir dövrdə münasibətlərdə müəyyən soyuqlaşma olmuşdu və onun da nəticəsində müəyyən problemlər yaranmışdı. Amma Rusiyada Vladimir Putinin, ondan əvvəl isə Azərbaycanda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sıx əlaqələrin qurulması, indi isə prezident İlham Əliyevin həmin münasibətləri davam etdirməsi, keçmişdə olan bütün problemləri aradan qaldırıb.

— Bəs Qarabağ məsələsində Rusiyadan gözləntiləriniz nədir?

— Hesab edirəm ki, Rusiya Minsk Qrupunun həmsədr ölkəsi kimi bu seçkidən sonra Qarabağ məsələsində daha ədalətli mövqe tutaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına öz töhfəsini verməlidir. Çünki Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Ermənistanla hər hansı münasibətlərin qurulmasına getmək olmaz. Azərbaycan məhz Ermənistana görə MDB tərkibində müəyyən müqavilələrə qoşulmur. Çünki işğalçı bir dövlət ilə eyni müqavilə çərçivəsində fəaliyyət göstərə bilmərik.

Rusiyanın digər həmsədr dövlətlərindən fərqi ondadır ki, onun Ermənistana təsir mexanizmi daha güclüdür. Bu təsir mexanizmindən istifadə olunması həm Cənubi Qafqazda, həm post-sovet məkanında stabilliyin mövcudluğu baxımından bütün dövlətlər, o cümlədən Rusiya üçün xeyirlidir. Hesab edirəm ki, bu seçkidən sonra bu problemə də bir son qoyulacaq.

Əgər beynəlxalq hüquq normaları və BMT-nin qəbul etdiyi 4 qətnaməyə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü təmin edilərsə, bundan sonra Azərbaycan və Ermənistan arasında həm iqtisadi, həm siyasi əlaqələr bərpa olunar. Müvafiq olaraq, Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan-Azərbaycan, eləcə də digər ölkələrin iştirakı ilə geniş arealda böyük bir inkişafa nail olmaq olar. Bu məsələnin ikinci tərəfi yoxdur. Çünki Ermənistanın heç bir çıxış yolu yoxdur! O baxımdan da Rusiya həm də Ermənistanın bu problemdən çıxmasına dəstək olmaqda maraqlı olmalıdır. Onun da yeganə yolu Azərbaycanın ərazi bütövlüyün təmin olunmasıdır.

— Azərbaycanın Rusiya ilə ticarət əlaqələrini qoruyan və hətta inkişaf etdirən bir ölkə kimi ABŞ və Avropanın sanksiyaları ilə üzləşməsi mümkündürmü?

— Hesab edirəm ki, bu sanksiyalar məsələsi qeyri-ciddi bir məsələdir. Qeyri-ciddiliyi ondan ibarətdir ki, bir dövlətə qarşı sanksiyanı hansısa beynəlxalq təşkilat deyil, başqa bir dövlət tətbiq edir. Doğrudan da gülünc bir məsələdir. Bizim Konstitusiyamızda göstərilib ki, hakimiyyətin mənbəyi xalqdır. Yəni hər bir ölkədə hakimiyyəti formalaşdıran o ölkənin xalqlarıdır. Rusiyanı, Azərbaycanı götürək, ölkələrimizin tarixinə nəzər salsaq, görərik ki, bizdə seçki hüquq olanda, o ölkələrdə seçki yox idi. Bizdə qadına seçki hüququ veriləndə, həmin ölkələrdə quldarlıq, feodalizm hökm sürürdü. Məsələn, 13-14-cü əsrlərdə Rusiya ərazisində xalq toplantıları keçiriləndə, istənilən qərarlar xalqın səsverməsi ilə qəbul ediləndə, indi ona irad tutan dövlətlərin, xalqların hələ harada yaşadıqları müəyyən deyildi. Azərbaycanda Nizami Gəncəvi və yaxud da Məhəmməd Füzuli doğulanda, bugünkü tənqidçilərin hələ normal paltar geyinib-geyinmədiyini dəqiq deyə bilmirəm.

İndi oturub bir ölkə, belə bir qədim kökü, təcrübəsi, seçmək və seçilmək hüquq olan ölkəyə başqa bir ölkə sanksiya tətbiq edir. Doğrudan da gülünc bir vəziyyət ortaya çıxır. Rusiya böyük dövlətdir. İndi o da qalxıb desin ki, Avropada və ya Amerikanın özündə filankəsə sanksiya tətbiq edirəm. Bunun hansı hüquqi qüvvəsi var? Təbii ki, yoxdur! Hüquqi qüvvəsi olmayan bir məsələdir və gülüş doğurur.

Xatırlayırsınızsa, prezidentimiz BMT-də çıxışında da qeyd etdi ki, BMT öz strukturuna bir də baxmalıdır, öz qərarlarına hörmətlə yanaşmalıdır. Qərar qəbul edəndə onun həyata keçməsini təmin etməlidir. Hətta BMT-nin qərarı belə, təmin olunmursa, hansısa bir ölkənin qəbul etdiyi bir qərar işləyirsə, onda dünyada təkhakimiyyətlilikdən söhbət gedir. Sonra da digər ölkələrdə seçkilərdə alternativlik tələb edirsiniz! Nəyə əsasən sənin verdiyin qərara biz qulaq asmalıyıq, bizim verdiyimiz qərara sən qulaq asmamalısan? Ona görə də dövlətin böyüklüyü, kiçikliyi yoxdur. Beynəlxalq aləmdə hər dövlətin bir səsi var və bu səsə də hörmətlə yanaşmaq lazımdır.

— ABŞ-da Donald Tramp prezident seçilən gündən Rusiyanı bu ölkənin seçkilərinə müdaxilə etməkdə ittiham edirlər. İndi də Rusiyada prezident seçkiləri qarşısında Qərbin hansısa təzyiqlərindən, müdaxilə predmetlərindən söhbət gedir. Sizcə, bu ittihamların arxasında nəsə dayanırmı? Yoxsa sadəcə olaraq yenə də o qütblər bir-birilərini zəiflətmək üçün bu tipli addımlara gedirlər?

— Təbii ki, hər bir ölkəyə digər, xüsusən də rəqib saydığı ölkədə güclü rəhbərin, liderin olması sərf etmir. Onlar elə bir siyasət aparırlar ki, orada hakimiyyət zəif olsun və oranın lideri də öz xalqını arxasınca apara bilməsin və qarşı tərəf orada diktə etsin. Onlar üçün bu xalqın, dövlətin gələcək taleyinin necə olacağının əhəmiyyəti yoxdur. Əsas öz maraqlarıdır.

Пресс-конференция Ксении Собчак, архивное фото
© Sputnik / Алексей Филиппов

"Ərəb baharı"na qurban getmiş dövlətlərə baxaq — qurulu dövlətlər idi. Necə idarə etmələrini, necə yaşamalarını onlar özləri müəyyən edirdilər. Əgər pis idarə olunurdularsa, onda oranın xalqı ayağa qalxmalı, hakimiyyəti dəyişməli və yeni rəhbər gətirməlidir. Biz belə bir etirazın şahidi olmadıq. Kənardan müdaxilə oldu və indi biz həmin dövlətlərdə səfalət, qaçqınlıq, miqrasiya, təbii sərvətlərin talan olunması və digər neqativ məsələlərin şahidiyik. Bəs hanı demokratiya, hanı insan hüquqları?

İndi rəsmi şəkildə bəyan edirlər ki, bu gün təkcə İraqda yarım milyondan artıq insan dünyasını dəyişib. Görün nə qədər insanın da hüquqları pozulub. Tutalım, Səddam Hüseyn vaxtilə məsələn, 150-200 nəfərin hüququnu pozmuşdu. Onu devirdilər və asdılar. Amma indi 500 mindən artıq insan dünyasını dəyişib. Nə qədər insan əlildir, şikəstdir. Nə qədər insan evsiz-eşiksiz, mülkiyyətsiz qalıb. Nə qədər insan miqrasiyadadır, itkin vəziyyətinə düşüb. Və Avropaya gedənlərin gələcək taleyinin yaxşı olacağına da heç kəs qarantiya vermir. Təbii sərvətləri çox olan dövlətlər dağıdıldı və onların yerində bu gün çox zəif dövlətlər quruldu. Zəif dövləti isə bir səfirin diktəsi ilə də idarə edirlər.

İndi isə həmin qüvvələr bu ssenarini davam etdirmək arzusundadırlar. Götürək Rusiyanı, Orta Asiya ölkələrini. Biz bunu Türkiyə ilə də bağlı müşahidə edirik. Güman edirəm ki, bunların heç birinə yol vermək olmaz, o təxribatların qarşısı qətiyyətlə alınmalıdır. Hər bir xalq özünün liderini seçir və o liderin vasitəsilə də öz arzularını, istəklərini həyata keçirir. Hesab edirəm ki, rus xalqı çox düzgün seçim edib, öz liderini seçib və bundan sonra da seçəcək.

© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov
Siyavuş Novruzov: "Rusiya Qarabağ məsələsində daha ədalətli mövqe tutmalıdır"
1111
Teqlər:
müdaxilə, müsahibə, ölkə, dövlət, xalq, dünya, region, sanksiya, Yeni Azərbaycan Partiyası, lider, Siyavuş Novruzov, Vladimir Putin, YAP, seçki, İlham Əliyev, Rusiya, Azərbaycan, namizəd, prezident
Mövzu:
Rusiyada prezident seçkiləri (14)
Əlaqədar
Rusiya konsulluğu qarşısında etiraz aksiyası keçirilib
Siyavuş Novruzov: “İrəvanla bağlı bütün sənədlər Rusiya arxivlərində saxlanılır”
Rusiya Avropanın bir hissəsidir, ya yox: Avropalıların bu barədə fikirləri fərqlidir
Rusiya əhalisinin sayında dəyişiklik var
Rusiyadan açıqlama: Türkiyə Əsədlə dialoq qursun