BAKI, 20 sentyabr — Sputnik. İraqın şimalındakı kürd muxtariyyətinin 25 sentyabrda planlaşdırdığı müstəqillik referendumu ilə bağlı Rusiyadan açıqlama gəlib. Sputnik xəbər verir ki, açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.
Peskov, ölkəsinin İraqın ərazi bütövlüyünü tanıdığını deyərək, Rusiyanın referenduma qarşı olduğunu bildirib: "Rusiya bölgə dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir".
Jurnalistin, "Rusiya kürdlərin keçirəcəyi referendumun nəticələrini tanıyacaqmı?" sualına Peskov cavab vermək istəmədiyini söyləyib.
BAKI, 22 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik məsələlərini müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Prezident Vladimir Putinin iclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik, eləcə də ölkə daxili problemləri müzakirə etdiyini qeyd edib.
"İclasda Rusiyanın sosial-iqtisadi inkişafına dair gündəmdə duran məsələlər müzakirə olunub. Strateji sabitlik və silahlanma üzərində nəzarət məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə Kremlin nümayəndəsi bildirib.
Su polosu üzrə ikiqat olimpiya çempionu, Dövlət Dumasının Tatarıstandan seçilmiş sabiq deputatı İrek Zinnurov Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – rəhbəri təyin olunub. O artıq öz işinə başlayıb: gənclər təşkilatları, universitet rektorları və dövlət departamentləri ilə fəal şəkildə görüşlər keçirir. Yeni rəhbər, ilk növbədə, ölkələr arasında mədəniyyət, idman və bölgələrarası əməkdaşlıq sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək.
"Həmvətənlərimlə görüşdüm və onların “Rossotrudniçestvo” ilə bağlı şikayətlərini dinlədim. İndi bu problemə başqa baxış bucağından yanaşmaq istəyirəm. Biz bəzən axşam saatlarında, hətta lazım gələrsə, şənbə-bazar günlərində, başqa sözlə, həmvətənlərimizə əlverişli olan vaxtda da işləyəcəyik ki, onlar bir-biri ilə rahat görüşüb ünsiyyətdə ola bilsinlər. Mədəniyyət, təhsil, elm sahəsində görülən işləri davam etdirmək niyyətindəyik”, – deyə Zinnurov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Yeni rəhbərin sözlərinə görə, o, Azərbaycanın bütün qurumları ilə sıx əməkdaşlıq etməyə hazırdır.
BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.
Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.
Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.