Rusiya prezidenti Vladimir Putin

Putin amerikalı biznesmenləri köməyə çağırdı

2246
(Yenilənib 16:30 02.06.2017)
Putin Rusiya-ABŞ münasibətlərinin soyuq müharibə dövründən sonra ən pis vəziyyətdə olduğunu bildirib

BAKI, 2 iyun — Sputnik. Rusiya-ABŞ münasibətləri soyuq müharibə vaxtından sonra ən aşağı nöqtədədir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən "Rusiya-ABŞ biznes dialoqu"nun plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkələr BMT, G20 çərçivəsində beynəlxalq arenadakı dialoqu dəstəkləyir. Lakin qarşılıqlı əməkdaşlığın fundamenti sarsılıb. Əlaqələrdə çat yaradan bu situasiya həm Rusiya, həm də ABŞ biznesini qane etmir. 

Putin qeyd edib ki, yalnız dayanıqlı ikitərəfli ticarət əlaqələri ölkələri siyasi konyunkturanın təlatümlərindən sığorta edə bilər.

Bundan sonra Rusiya lideri Amerikanın biznes dairələrinə müraciət edərək, onları ölkələr arasında dialoqu bərpa etməyə köməklik göstərməyə çağırıb.

Dövlət başçısı bildirib ki, Moskva ABŞ prezidenti Donald Trampla ikitərəfli münasibətləri normallaşdırmaq üçün dialoqu davam etdirəcək.

"Uğura nail olmaq üçünsə hər iki tərəfdən ciddi səylər, siyasi iradə, məsələlərin həllinə hazırlıq, tərəflərin qarşılıqlı praktik maraqları tələb olunur" – deyə Putin əlavə edib.

İşgüzar dairələrin əlaqə qurmaları üçün beynəlxalq platforma olan forumda əsas iqtisadi məsələlər müzakirə olunur. Bu forum 1-3 iyun tarixlərində Sankt-Peterburqda keçirilir.

2246
Teqlər:
Rusiya-ABŞ münasibətləri, BMT, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp, Sankt-Peterburq, Moskva, Rusiya
Əlaqədar
Rusiyada Beynəlxalq İqtisadi forum işə başladı
Rusiyadan Türkiyə ilə bağlı yekun qərar verildi
Rusiyadan xarici ölkə təyyarə və gəmilərinə xəbərdarlıq

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

43
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

43
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ
Dağlıq Qarabağ, arxiv şəkli

Qərb niyə Dağlıq Qarabağ münaqişəsinin həllindən narazıdır

41
(Yenilənib 20:56 24.11.2020)
Qarabağ münaqişəsinin nizamlanması həm də o baxımdan bənzərsiz oldu ki, Qərb bütün iştirakçılar tərəfindən bu prosesdən kənarlaşdırıldı.

BAKI, 24 noyabr — Sputnik, İrina Alksnis. Fransanın xarici işlər naziri ölkəsinin Dağlıq Qarabağa kömək məqsədilə təşkil etdiyi humanitar missiyanın detallarını açıqlayıb: söhbət regiona cərrahların və tibbi avadanlıqların göndərilməsindən gedir. ABŞ isə Beynəlxalq Qızıl Xaç Komitəsi və münaqişənin yenidən kəskinləşməsi nəticəsində zərər çəkən insanlara yardım göstərən digər qeyri-hökumət təşkilatlarına beş milyon dollar ayırmaqla öz işini bitmiş hesab elədi.

Parisin və Vaşinqtonun Qarabağ münaqişəsinə yanaşmasındakı entuziazm çatışmazlığı (həm sözdə, həm də əməldə) Sergey Lavrovun bu ölkələrin "təhqir edilmiş qürur" nümayiş etdirmələri haqqındakı sözlərini təsdiqləyir. Çox güman ki, Azərbaycan Prezidenti İlham Əliyev də ironik şəkildə "ABŞ və Fransa gec də olsa, əldə olunmuş razılaşmaya müsbət münasibət bildirdilər" deyəndə elə bunu nəzərdə tuturdu.

Rəsmi Ankara isə ənənəyə uyğun olaraq, söz seçimində bir o qədər də ehtiyatlı davranmadı. Türkiyə Prezidentinin mətbuat katibi bəyan etdi ki, NATO və Avropa Şurasının timsalında Qərb otuz ildir ki, Qarabağ münaqişəsi ilə bağlı "konkret və real təkliflər" irəli sürə bilmədiyi halda, Rusiya və Türkiyə "qarşılıqlı anlaşmaya" nail oldular.

Mətbuat isə dərhal Dağlıq Qarabağla bağlı razılaşmanın Qərb üçün ağrılı məğlubiyyət olmasından – xüsusilə də Rusiya ilə birlikdə münaqişənin sülh yolu ilə həllini axtaran ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa üçün – yazmağa başladı. Məsələn, "The National Interest" dərgisi yazır ki, Qərb bu dəfə lap fil qulağında yatıb. Həm hərbi əməliyyatların bir anda yenidən başlaması, həm də razılaşmanın imzalanmasıyla regiona rus sülhməramlılarının yerləşdirilməsi Qərb üçün çox gözlənilməz oldu. Jurnal bu məsələdə bütün günahı Amerika kəşfiyyatının üstünə yıxır. Məqalədə qeyd olunur ki, amerikan kəşfiyyatı Putin və Ərdoğanın danışıqlarından belə xəbər tuta bilməyib. Nəticədə də ABŞ-ın regiondakı mövqeyi bir xeyli zəifləyib.

Əgər "kəşfiyyatın işləmədiyi" etiraf olunursa, deməli, reallıqda vəziyyət daha acınacaqlıdır. Bəlkə də, həmin ifadə ABŞ-ın bu hekayədəki daha genişmiqyaslı uğursuzluğunu ört-basdır etməyə imkan verir. Çünki Qarabağ münaqişəsinin nizamlanması, konflikt lokal xarakter daşısa da, qlobal siyasi sistemin yaşadığı dəyişikliklərin prinsipial olaraq yeni mərhələsində mühüm rol oynayır.

Digər tərəfdən, ilk dəfə idi ki, ABŞ və Avropa bütün iştirakçı tərəflər üçün bir anda lazımsız və istənilməyən tərəfdaşa döndülər. Halbuki son üç onillik boyunca Qərb hegemoniyası, demək olar, həmişə və hər yerdə idi. Bütün vəziyyətlərdə, hər hansı bir qarşıdurmada - hətta müxtəlif ölkələrdəki daxili siyasətin əhəmiyyətli hissəsində - həmişə Qərbə dəstək üçün müraciət edən, onun köməyinə ümid bəsləyən, bu və ya digər şəkildə həmin köməyi əldə edən qüvvələr olub. 2014-cü ilin yazında Krımda baş verənləri buna misal göstərmək olar.

Ancaq Qarabağ münaqişəsinin nizamlanması həm də o baxımdan bənzərsiz oldu ki, Qərb bütün iştirakçılar tərəfindən bu prosesdən kənarlaşdırıldı. Halbuki danışıqlar prosesi heç də asan keçmədi və bu da iştirakçı tərəflərin rəsmi açıqlamalarında bəzən kifayət qədər sərt şəkildə öz əksini tapdı. Bununla belə, artıq bütün dünyada bərqərar olmuş ənənənin əksinə, tərəflər ABŞ və Avropanı bu prosesə cəlb etmək əvəzinə, hamısı bir ağızdan "özümüz öhdəsindən gələrik" dedilər. Və həqiqətən də öhdəsindən gəldilər.

Özü də Qərbi və dünyanın qalan hissəsini fakt qarşısında qoyaraq. Bununla da ABŞ-ın dünya sisteminə təsir göstərən xüsusi bir statusa sahib olması ilə bağlı iddialarına ağır zərbə vurdular. Təcrübə isə göstərir ki, ilk cəhdlərin, həm də bu qədər uğurlu cəhdlərin davamı mütləq gəlir.

Amerikanın baş verən hadisədə günahı öz kəşfiyyatının üstünə atmasında da təəccüblü heç nə yoxdur. Əlbəttə ki, bu, Dağlıq Qarabağ münaqişənin nizamlanmasının dünya siyasi sistemində fərqli bir tektonik dəyişiklik olduğunu, ABŞ və Qərbin sahib olduqları müstəsna statusdan məhrum edildiklərini ictimaiyyət qarşısında etiraf etməkdən daha asan və əlverişlidir.

41
Teqlər:
Qərb, münaqişə, Qarabağ, Azərbaycan
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

75
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

75
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu