BAKI, 31 may — Sputnik. İyun ayının 1-dən etibarən Rusiyada xarici ölkələrin sürücülük vəsiqəsi ilə işləyən şəxslər işdən uzaqlaşdırılacaqlar. Maraqlıdır ki, bununla bağlı qanun 2013-cü ildə qəbul edilsə də, sabahdan etibarən qüvvəyə minəcək.
Bu qanunun fəsadlarının azərbaycanlı sürücülərə necə təsir edəcəyi maraqlıdır. Bildiyimiz kimi, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onların arasında professional sürücü kimi çalışanlar da az deyil. Amma yeni qanun onları da işsiz qoyacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi sürücülük vəsiqəsi beynəlxalq səviyyədə tanınır. Beləliklə, bir tərəfdə beynəlxalq səviyyədə tanınan vəsiqə, digər tərəfdə isə suveren ölkənin parlamenti tərəfindən qəbul edilən qanunun toqquşması baş verir.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qərar Rusiyada professional şəkildə sürücü işləmək istəyənlər üçün nəzərdə tutulub. Belə ki, Rusiyada sürücü kimi çalışmaq istəyənlər mütləq Rusiya sürücülük vəsiqəsini almalıdırlar.
"Azərbaycan qanunlarına görə isə ümumiyyətlə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən sürücülük vəsiqəsi ilə ölkəyə daxil olan Azərbaycan vətəndaşları həmin vəsiqədən bir ay müddətində istifadə edə bilər. Sonra mütləq milli sürücülük vəsiqəsi ilə dəyişməlidir" — Əliyev bildirib.
Onun sözlərinə görə, əgər şəxs xarici ölkə vətəndaşıdırsa, onun səlahiyyətli orqanın verdiyi sürücülük vəsiqəsi varsa, o, bu vəsiqədən ölkədə qalmaq üçün icazə aldığı gündən etibarən bir ay müddətinə istifadə edə bilər: "Yəni, Azərbaycanda şəxsin professional kimi işləməsi və ya işləməməsi fərq etmir. Şəxs bir ay müddətinə onda olan xarici vəsiqədən istifadə edə bilər. Rusiyada isə bu qərar sürücülük fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub. Yəni, kim sürücü kimi işləmək istəyirsə, o, Rusiya sürücülük vəsiqəsi almalıdır".
K. Əliyevin sözlərinə görə, Azərbaycanda səlahiyyətli orqan tərəfindən verilən sürücülük vəsiqələri Rusiyada yenə də qəbul edilir: "Yeni qanun ancaq sürücü kimi işləmək istəyənlərə şamil edilir, 2-3 günlük, 1 aylıq gedən turistlərə aid edilmir".
Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, Rusiyada qəbul edilən qanunda qeyd edilir ki, xarici ölkədə sürücülük vəsiqəsi alan şəxs peşəkar sürücülüklə məşğul ola bilməz: "Məsələn, avtobus sürücüsü, taksi sürücüsü kimi xarici sürücülük vəsiqəsi ilə məşğul olmaq olmaz. Azərbaycan qanunlarında isə qeyd edilib ki, xarici ölkələrdə aldığınız sürücülük vəsiqələri ilə öz avtomobilinizi belə, bir aydan artıq idarə edə bilməzsiniz. Belə oxşar qaydalar dünyanın hər yerində var. Ola bilsin ki, müddət fərqi olsun, amma hər yerdə qayda eynidir".
Ekspert bildirir ki, Rusiyada qəbul edilən qərar iki məqsəd daşıya bilər: "Birinci məsələ yol təhlükəsizliyi ilə bağlıdır. Belə ki, dünyanın bir sıra ölkələri hər ölkənin təhsilini bəyənmir. Onlar öz sürücülük təhsilinə, öz sürücülük imtahanlarına daha çox üstünlük verirlər. İkinci məsələ isə əmək bazarının qorunmasıdır. Bu qanun ona xidmət edəcək ki, sürücülük işlərində daha çox Rusiya vətəndaşları və daim bu ölkədə yaşayanlar işləyəcəklər".
Ə. Hüseynov, həmçinin qeyd edir ki, Rusiyada sürücülüklə bağlı imtahan verən şəxslərdən rus dili imtahanı da götürülür: "Bu, bütün əcnəbilərə şamil edilir. Məsələn, rus dilini bilməyən şəxs necə taksi və yaxud avtobus sürücüsü işləyə bilər? Bunu faciəyə çevirmək lazım deyil. Əgər azərbaycanlı orada taksi sürücüsü kimi işləmək istəyirsə, gedib imtahan versin, işləsin. Bu, onlar üçün ciddi problem olmayacaq. Bizim yol hərəkəti qaydalarımız demək olar ki, Rusiya ilə eynidir".
BAKI, 16 yanvar — Sputnik. Litva hökuməti Rusiyanın tanınmış müğənniləri Filipp Kirkorov və Mixail Şufutinskinin ölkəyə girişinə qadağa qoyublar. Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, bu barədə Litvanın Xariçi işlər naziri Qabrielyus Landsbergis bəyanatla çıxış edib.
Litvalı nazir hər iki müğənnini "Rusiya siyasətinin yüngül təbliğat" bələdçisi adlandırıb.
Hazırda Kirkorov və Şufutinski ilə bağlı Litva XİN-də işçi qrupu yaradılıb. Nazirin sözlərinə görə, işçi qrupunun yaradılmasında məqsəd "qara siyahıya salınan bu və ya digər şəxs haqqında əsaslı dəlillərin toplanmasıdır".
Qeyd edək ki, hər iki müğənninin Litvada baş tutacaq konsert proqramları koronavirus pandemiyasına görə təxirə salınıb. Kirkorov və Şufutinski isə ləğv edilən konsertlərinə görə əvvəlcədən 30 min avro kompensasiya alıblar.
Baxmayaraq ki, başqa konsert təşkilatçıları da sığorta xarakterli məbləğləri əldə edərək eyni şəkildə xərcləyiblər, Litva mətbuatında Kirkorov və Şufutinskiyə ödənilən məbləğ mənfi rezonans doğurub.
BAKI, 16 yanvar — Sputnik. Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaş" Uşaq Yumoristik Kinojurnalının bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.
71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troyekurov qəbristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub. 1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının bədii rəhbəri və baş redaktoru olub.
Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.