Moskva

ABŞ-ın son addımı Rusiyanın qəzəbinə səbəb oldu

1416
(Yenilənib 14:47 07.04.2017)
Moskva Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib

BAKI, 7 apr — Sputnik. Rusiya ABŞ-ın Suriyaya məxsus aviabazaya zərbə endirməsi ilə əlaqədar olaraq, Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı bəyanat yayıb.

ABŞ-ın Suriyadakı hərbi bazaya zərbəsi
© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERS

"Rusiya Suriyada əməliyyatlar zamanı aviauçuşların təhlükəsizliyinin təminatı və insidentlərin qarşısının alınması haqqında ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırır" — deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri aprelin 7-nə keçən gecə Suriyada hökumət qüvvələrinin aviabazasına raket zərbələri endirib. ABŞ bu zərbələri Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirdiyini açıqlayıb.

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki "Əş-Şəyrat" aerodromuna, azı 59 "Tomaqavk" raketi atdığı bildirilir. Zərbələr nəticəsində 6 Suriya hərbçisi həlak olub, aerodrom və aerodromdakı təyyarələr yararsız hala düşüb.

Rusiya XİN-in bəyanatında qeyd olunur ki, RF BMT Təhlükəsizlik Şurasını ABŞ-ın Suriyanın hakimiyyət qüvvələrinə endirdiyi zərbə ilə bağlı fövqəladə iclas keçirməyə çağırıb. XİN bildirir ki, ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə aparan ölkəyə qarşı nümayişkaranə şəkildə hərbi zərbələr endirməsini başa düşmək mümkün deyil.

ABŞ-ın Suriyaya hava hücumu
© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERS

Bəyanatda ABŞ-ın belə "ağlasığmaz addım"ı ilk dəfə atmadığı da xatırladılır: "ABŞ-ın bu cür hərəkətləri dünyadakı problemləri daha da dərinləşdirir və beynəlxalq təhlükəsizliyi təhdid edir".

"ABŞ hərbçilərinin və digər ölkələrin Suriya ərazisində bu ölkənin hakimiyyəti ilə razılaşdırmadan atdığı addımlar və BMT Təhlükəsizlik Şurasının hərəkətləri beynəlxalq hüququn kobud və aydın şəkildə pozulmasıdır. Əgər əvvəllər bu, terrorizmlə mübarizə məsələsi kimi izah edilirdisə, hazırda suveren Suriya əleyhinə açıq-aşkar aqressiv aktdır" — deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, ABŞ-ın bugünkü hərəkətləri Rusiya-Amerika münasibətlərini daha çox korlayır: "Rusiya müasir dünyanın ən qaynar problemlərinin həllinə, ilk növbədə də beynəlxalq terrorizmlə mübarizəyə hazır olduğunu dəfələrlə bəyan edib. Lakin biz heç vaxt uzun müddət beynəlxalq terrorizmə qarşı barışmaz mübarizə aparan qanuni Suriya hökumətinə qarşı qeyri-legitim əməliyyatlarla razılaşa bilmərik".

XİN həmçinin vurğulayıb ki, Vaşinqton hərbi əməliyyatların keçirilməsi üçün istinad etdiyi İdlib hadisələrini tamamilə təhrif edib: "Amerika tərəfi heç cür başa düşmək istəmir ki, Suriya hökuməti orada kimyəvi silahdan istifadə etməyib. İxtisaslı mütəxəssislər birmənalı şəkildə təsdiq ediblər ki, Dəməşqdə kimyəvi silah yoxdur. Bu barədə müvafiq nəticəyə BMT-nin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) gəlib. Son illərdə sözügedən təşkilat tərəfindən praktiki olaraq Suriyanın hərbi-kimyəvi proqramları ilə əlaqəli olan bütün obyektləri yoxlanılır. İdlib məsələsinə gəlincə, orada terrorçular Suriya və İraqda istifadə üçün istehsal etdikləri zəhərli maddələrlə yüklənmiş partlayıcı qurğulardan istifadə ediblər. Bu istehsal Suriya Hava Qüvvələrinin hərbi əməliyyatları nəticəsində ləğv edilib".

ABŞ-ın Suriyaya hava zərbələri
© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERS

"ABŞ özünü elə aparır ki, sanki aydın şeyləri görmür. Onlar Bağdadın rəsmi məlumatlarına baxmayaraq, İraqda terrorçuların kimyəvi silahlardan istifadəsinə göz yumurlar. Onlar Hələbdə terrorçuları kimyəvi silahların istifadəsinə qarşı sənədlərə riayət etməkdən azad ediblər. Bu yolla yalnız beynəlxalq terrorizmi çiçəkləndirmək, gücləndirmək və kütləvi qırğın vasitələrinin istifadə edildiyi yeni hücumları gözləmək olar" — bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, ABŞ-ın hərbi aksiyası diqqəti Amerika koalisiyasının Mosuldakı yüzlərlə dinc sakinin ölməsi və humanitar fəlakətin artmasına səbəb olan fəaliyyətləri ilə bağlı situasiyadan yayındırmağa cəhddir: "Aydındır ki, Amerikanın qanadlı raket zərbəsi əvvəlcədən hazırlanıb. Vaşinqtonun sadəcə güc nümayişi xarakteri daşıyan zərbələrlə bağlı qərarı İdlib hadisələrinə qədər verdiyi hər bir mütəxəssisə məlumdur".

1416
Teqlər:
beynəlxalq terrorizm, hərbi əməliyyat, Xarici İşlər Nazirliyi, Suriya, XİN, BMT, Rusiya, Vaşinqton, ABŞ, mübarizə, bəyanat
Əlaqədar
BMT Türkiyə, Rusiya, ABŞ və İrana təcili çağırış etdi
ABŞ-ın bu addımına Rusiyanın cavabı maraqla gözlənilir
Rusiyadan ABŞ-a sərt reaksiya
ABŞ rusiyalı diplomatın ölüm səbəbini açıqlamayacaq
Türkiyə, Rusiya və ABŞ ordu başçıları arasında kritik görüş
"ABŞ və Rusiya Suriyaya dair gizli razılaşma əldə edib"
ABŞ və Rusiya gərginliyi azaltmaq üçün birgə addımlar atacaqlar
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

5
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

5
Rusiyada tibb işçiləri, arxiv şəkli

Rusiyada koronavirusa yoluxanların ölənlərin sayında rekord qeydə alınıb

19
(Yenilənib 23:15 26.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2187990-a çatıb. Rusiyada pandemiya yayılandan 38062 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 26 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 25487 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 524 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2187990-a çatıb. Rusiyada pandemiya yayılandan 38062 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 60,3 milyonu keçib, 1,42 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

19
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Rusiya
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0