Türk ordusu Suriyada

"Türkiyə Suriyanın şimalını İŞİD-dən təmizləmədən geri çəkilməyəcək"

91
(Yenilənib 16:06 29.09.2016)
Rusiya Baş Qərargahı: "Bizim üçün maraqlıdır ki, niyə İŞİD silahlıları heç bir müqavimət göstərmədən cənuba və cənub-qərbə doğru geri çəkilir?"

BAKI, 29 sen — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi əməliyyat dairəsinin rəisi, general-leytenant Viktor Poznixir Türkiyənin Suriyadakı əməliyyatına dair diqqətçəkici açıqlamalar verib. Poznixir iddia edib ki, İŞİD terrorçuları nə türk əsgərlərinə, nə də Azad Suriya Ordusuna heç bir müqavimət göstərmədən nəzarətindəki əraziləri tərk edib.

Orxan Qafarlı
© Photo : Orxan Qafarlının şəxsi arxivindən
Orxan Qafarlı

"Bizim üçün də maraqlıdır ki, niyə İŞİD silahlıları heç bir müqavimət göstərmədən cənuba və cənub-qərbə doğru geri çəkilir? Az qala bir mərmi belə, atmırlar", — general bildirib.

Bundan başqa Viktor Poznixir Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu ilə kürd silahlı dəstələri arasında tez-tez qarşıdurmalar yaşandığını da bildirib.

Rusiya Baş Qərargahının bəyanatını Sputnik-ə dəyərləndirən, Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlının sözlərinə görə, İŞİD terrorçuları türk ordusu ilə bacara bilməyəcəklərini anladıqları üçün o ərazilərdən çıxırlar: "İŞİD çox yaxşı bilir ki, Suriyanın şimalı Türkiyə üçün son dərəcə vacibdir və strateji xarakterlidir. Və bilir ki, Türkiyə o bölgəni təmizləmədən geri çəkilməyəcək. Ona görə də, canlı qüvvəsini və silahlarını əbəs yerə itirmək istəmir".

"Yəni məsələ Rusiyanın iddia etdiyi kimi deyil. Terrorçular səbəbsiz əl-qolunu sallayıb getməyi heç vaxt düşünməyiblər. Sadəcə olaraq, onlar qarşılarındakı gücün kim olduğuna baxırlar. Güclü türk ordusu ilə döyüşə girib hər şeylərini itirməkdənsə geri çəkilirlər", — siyasi şərhçi qeyd edib.

Türkiyəli jurnalist-yazar Ömər Dinçər də məsələnin Viktor Poznixirin açıqladığı kimi olmadığını düşünür.

"Bu, Kreml ilə məsləhətli verilən bəyanata oxşamır. Bir halda ki, Rusiyanın bir nömrəli adamı Vladimir Putin Türkiyənin Suriyadakı əməliyyatını dəstəkləyir, elə isə başqalarının nə dediyinə diqqət etməmək lazımdır. Bu cür çıxışlara fikir verilsə, Türkiyə-Rusiya əlaqələrinə zərər dəyə bilər", — Ö. Dinçər deyib.

Türkiyəli politoloq Ömər Dinçər
© Photo : STR
Türkiyəli politoloq Ömər Dinçər

Ekspertin sözlərinə görə, Türkiyənin uğurlu əməliyyatı həm də Rusiyanın xeyrinədir: "Rusiyanın Aralıq dənizinə yeganə çıxışı Suriyanın Tartus limanındakı hərbi bazasıdır. Və o donanmanın orada qala bilməsi üçün bölgə terrorçulardan təmizlənməlidir".

"Hadisələr göstərir ki, rus ordusu təkbaşına İŞİD-in öhdəsindən gələ bilmir. İŞİD isə Rusiyanın Tartus limanındakı bazası üçün ən böyük təhlükədir. Dəfələrlə həmin baza ətrafında terror aktları törədilib. Hətta bir dəfə hərbi bazanın içərisindəki döyüş təyyarələrini hədəf alan raket atışları olmuşdu və çoxlu sayda qırıcı yararsız hala düşmüşdü. Bütün bunları İŞİD edirdi. İndi, Türkiyənin İŞİD-i bölgədən təmizləməsi Rusiyanı niyə narahat etməlidir? Əksinə, Moskva bundan məmnun olmalıdır", — siyasi şərhçi qeyd edib.

91
Teqlər:
Ömər Dinçər, Orxan Qafarlı, Viktor Poznixir, İŞİD, Suriya, ordu, Türkiyə, Rusiya
Əlaqədar
Mosul bu tarixdə İŞİD-dən azad ediləcək
Türkiyə aviasiyası İŞİD-in mövqelərinə zərbələr endirib
İŞİD Türkiyə ərazisini raket atəşinə tutub
Türkiyənin İŞİD hesabatı: 3 min 128 nəfər ölkədən deportasiya edilib
Pentaqon İŞİD liderlərindən olan Adnaninin öldüyünü təsdiqləyib