Rusiyanın Müdafiə naziri Sergey Şoyqu

MDB ölkələri Müdafiə Nazirləri Şurasının 70-ci iclası keçirilib

19
(Yenilənib 10:16 16.06.2016)
Sergey Şoyqu: Beynəlxalq terrorçuluğun MDB məkanında yayılmasına yol verməməliyik.

BAKI, 15 iyun — Sputnik. Moskva şəhərində MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclası keçirilib.

APA-nın verdiyi məlumata görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılıb.

İclası giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu gün bəşəriyyət üçün başlıca təhlükə beynəlxalq terrorçuluqdur: "MDB ölkələrinin əsas vəzifəsi beynəlxalq terrorçuluğun öz ərazilərində yayılmasının qarşısını almaqdır. Bizim bugünkü görüşümüz Böyük Vətən Müharibəsinin başlanmasının 75-ci ildönümü ərəfəsində keçirilir. O dövrdə dünya üçün təhlükə faşizm idisə, bu gün üçün əsas təhlükə beynəlxalq terrorçuluqdur. Bizim qarşımızda vacib vəzifə durur: Beynəlxalq terrorçuluğun MDB məkanında yayılmasına yol verməməliyik. MDB-nin xarici sərhədlərində vəziyyət sabit deyil. Hazırkı durum müdafiə sahəsində qarşılıqlı fəaliyyəti genişləndirməyi tələb edir. Belə qarşılıqlı fəaliyyətin hüquqi əsası 2015-ci ildə MDB ölkə başçıları Şurasının qərarı ilə təsdiqlənən MDB ölkələrinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq Konsepsiyasıdır. Bu Konsepsiya bizim silahlı qüvvələrimizin gücləndirilməsini, milli və kollektiv təhlükəsizliyimin təmin edilməsini, eləcə də mehriban qonşuluq münasibətlərinin inkişafını özündə ehtiva edir".

MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclasında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.

19