Azərbaycan Rusiya ikitərəfli münasibətlərdən məmnundurlar

184
(Yenilənib 00:16 02.09.2015)
Rusiya XİN-in başçısı Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

BAKI, 1 sent-Sputnik.“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”.

Sputnik xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.   

Azərbaycan prezidenti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Günündə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsi Bakıda çox yüksək qiymətləndirilib. “Bu çox yüksək qiymətləndirilir. Bu bizim münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir” — deyə Azərbaycan prezidenti qeyd edib.    

“Bu müddət ərzində bizim nazir Moskvaya səfər edib, indi siz buradasınız. Yəni, bu bizim münasibətlərin dinamik inkişafının göstəricisidir”. Biz ikitərəfli xarakterli bir çox məsələləri operativ və səmərəli şəkildə həll edirik, həmçinin beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, xüsusən də, hazırkı zamanda, dünyada və bizim regionda hər şeyin belə dəyişdiyi bir dövrdə mütəmadi məsləhətləşmələr aparırıq” — deyə prezident İlham Əliyev qeyd edib.

Rusiya ilə münasibətlərin davam etdirilməsində maraqlı olduğunu vurğulayan İlham Əliyev deyib: "Bu səfərlər ölkələrimiz  arasında xeyli əvvəl formalaşmış və həyatımızın, demək olar ki, bütün – siyasi, iqtisadi, enerji, humanitar sahələrini əhatə edən strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir. Və biz ikitərəfli münasibətlərin səmərəli  və uğurlu inkişafının davam etdirilməsində maraqlıyıq.”

Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin ən səmimi salamlarını  prezident İlham Əliyevə çatdırıb: “Rusiya Federasiyasının prezidenti yüksək səviyyədə təşkil olunan və keçirilən ilk Avropa Oyunlarının açılış mərasimində iştirakını və səfəri çərçivəsində sizinlə görüşünü məmnunluqla xatırlayır”.

Lavrov həmçinin deyib ki, “Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər”.

İki ölkə XİN-ləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığımızın da ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "Bu ilin avqustunda Xəzər donanmasının 3 hərbi gəmisinin Azərbaycana səfərinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı bildirirəm və ümidvarıq ki, azərbaycanlı dostlarımız bu ilin sentyabrında Sverdlovsk vilayətində keçiriləcək hərbi-texniki məhsulların sərgisində iştirak edəcəklər.” 

Humanitar, o cümlədən təhsil, mədəniyyət sahələrində də əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən rusiyalı nazir qeyd edib ki, bu sahələrdə əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir. Bu gün Bakıya səfərindən qabaq prezident İlham Əliyevin və özünün təhsil aldıqları Moskva Beynəlxalq Münasibətlər İnstitutunda “Bilik Günü” ilə bağlı çıxış etdiyini bildirən Lavrov, institutun rektorunun prezident İlham Əliyevin bu təhsil ocağının məzunlarının ilk görüşünü Azərbaycanda keçirmək təşəbbüsünü bir daha məmnunluqla vurğuladığını deyib.

İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiya XİN rəhbəri qeyd edib ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan o, Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğulayıb.

Sergey Lavrov Rusiyaya göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul edilmiş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini deyib və bunu yüksək qiymətləndirib. Görüşün, ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını vurğulayan Lavrov bu münaqişənin həllində müəyyən irəliləyişlərin əldə olunacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş edib.

184
Teqlər:
Prezident İlham Əliyev, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ, Vladimir Putinin, XİN, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov, Rusiya, Görüş, Rusiya Xarici işlər nazirliyi, Sergey Lavrov, İlham Əliyev, Rusiya, Azərbaycan