Adil Qeybulla

Professor: “Ölüm halları bu şəxslərdə daha çox müşahidə edilir”

1150
(Yenilənib 17:37 13.09.2021)
Professor, həkim Adil Qeybulla bildirib ki, əvvəllər virus gənclərdə sub-klinik formada keçirdi, hal-hazırda biz onun əksini müşahidə edirik
Adil Qeybulla: “Hələ də insanların məsuliyyətsizliyi müşahidə edilir”

Alimlər hesab edir ki, dünya üzrə peyvəndləmə işi geniş vüsət aldıqda “Delta” ştammının yoluxma dərəcəsi müəyyən mərhələdə sonlana bilər. Peyvənd edilməyən şəxslərdə koronavirusdan ölüm halları vaksinasiya olunan insanlarla müqayisədə 11 dəfə çoxdur. Bu, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzi tərəfindən dərc edilmiş tədqiqatlarda yer alıb.

Sputnik Azərbaycan xəbər verir ki, professor, həkim Adil Qeybulla REAL TV-yə müsahibəsində bildirib ki, vaksin olunmuş şəxslər yoluxsa da, xəstəlik onlarda ölümə gətirib çıxarmır: “İmmun sistemi xəstəliyə müəyyən qədər hazır olur. Ölüm halları daha çox vaksinasiya olunmayan, yanaşı ağır xəstəlikləri olan xəstələrdə olur. Son vaxtlar virus gənclər arasında da geniş yayılıb. Bu gün reanimasiyada, süni ventilyasiya aparatında olan gənclər var. Əvvəllər virus gənclərdə sub-klinik formada keçirdi. Hal-hazırda biz onun əksini müşahidə edirik. Epidemioloji vəziyyətin ağırlığına baxmayaraq hələ də insanların məsuliyyətsizliyi müşahidə edilir”.

Adil Qeybullanın fikirlərinə audifaylda qulaq asa bilərsiniz

1150

Sputnik Azərbaycan-ın qazi redaktoru: döyüşdə olduğum ilk gün mühasirəyə düşdük

24
(Yenilənib 16:46 24.09.2021)
Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev deyir ki, o artıq general Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdi.
Vüsal Azayev: “Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir”

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışıblar.

Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev də Vətən Müharibəsinin iştirakçısı olub. Vüsal Azayev müharibənin başladığı ilk gündən gördüklərini belə nəq edib: “Müharibənin başlanması barədə xəbəri alan kimi qardaşım və mən hərbi komissarlığa yollandıq. Biz artıq mərhum generalımız Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdik. Rayondakı insanların müharibə başlanmasına verdiyi reaksiya döyüşə gedənlərə əlavə stimul verirdi. Yol boyu insanlar əllərinə keçən zəruri ərzaqları hərbçiləri daşıyan maşınların içinə atırdı. Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir. Döyüşdə olduğum ilk gün mühasirəyə düşdük. O mühasirədən uğurla çıxdıq. Qürur verən bir amil də bizdən yüksək rütbə daşıyan hərbçilərin bizimlə bərabər döyüşə atılması idi. Müharibədə olduğum müddətdə Ermənistan sərhədinə qədər döyüş yolu keçmişəm. Çox təssüf ki, bölüyümüzün 15 şəhidi oldu. Lazım gəldi və yaranmış tarixi, hərbi şəraitdən uğurla istifadə edib düşmən təxribatını hərbi qələbəmizlə sonlandırdıq”.

Vüsal Azayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

24

Baş prokuror Kamran Əliyev erməni həmkarı ilə görüşü haqda

700
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, iclasda bir sıra zəruri məsələlər müzakirə olundu.
Kamran Əliyev: “Fəaliyyətimizi davam etdirməyi qərara aldıq”

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev görüş barədə fikirlərini AZƏRTAC-a açıqlayıb.

Baş prokuror bildirib ki, bu, üçtərəfli formatda keçirilmiş ikinci görüş idi: “Birinci görüş bu il yanvarın 12-də Moskvada baş tutmuşdu. Nur-Sultanda təşkil olunan görüşdə əsas məqsəd Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının prokurorluq orqanlarına aid müvafiq bəndlərinin icrası ilə bağlı idi. İclasda bir sıra zəruri məsələlər müzakirə olundu və bu istiqamətdə Rusiya Baş Prokurorluğunun vasitəçiliyi ilə fəaliyyətimizi davam etdirməyi qərara aldıq. Hesab edirəm ki, bu sahədə də bizim fəaliyyətimiz müsbət nəticələr verəcək”.

Kamran Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

700
Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

0
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

0