Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Millət vəkili: “Erməni diasporunun məqsədləri xalqları münaqişəyə cəlb etməkdir”

27
(Yenilənib 14:56 25.06.2021)
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir
Səməd Seyidov: “Bunu başa düşsələr, regionda əmin-amanlıq bərqərar olacaq”

“Azərbaycanın yaratdığı yeni reallıqlar, torpaqlarımızın azad edilməsi, Qarabağda sülh, əmin-amanlıq kimi tamamilə yeni proseslər başlayıb. Azərbaycanın yaratdığı reallıq Avropada dərk edildikcə, AŞPA-da danışıq tərzimiz də dəyişir”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirib.

S.Seyidov deyib ki, AŞPA-nın bu iclasında erməni mənşəli Azərbaycan vətəndaşlarının Fransada, Rusiyada, ABŞ-da olan erməni diasporunun əlində girov kimi saxlanılması, onların manipulyasiya edilməsi məsələsini qaldırıb: “Bildirdim ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir. Məqsədləri yenə də xalqları üz-üzə qoymaq, münaqişəyə cəlb etməkdir. Azərbaycanın milli maraqları bütün etnik qrupların sülh şəraitində yaşamasıdır. Erməni əsilli Azərbaycan vətəndaşları bunu nə qədər tez başa düşsələr, regionda o qədər də tez əmin-amanlıq bərqərar olacaq”.

Səməd Seyidovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
İqtisadçı-ekspert Rəşad Həsənov

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? ekspert şərh edir

15
(Yenilənib 16:28 26.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Rəşad Həsənov: “Qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır”

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Saxta xəbərləri yaymaqda məqsəd nədir? - Timur Şafir danışır

21
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib ki, mediadakı dezinformasiya yeni bir fenomen deyil və uzun müddətdir mövcuddur
Timur Şafir: “Saxta xəbərləri yaymaq üçün bir çox məqsəd var”

“Saxta xəbərlər mediada və sosial şəbəkələrdə yayılan məlumatlardır”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV təmsilçiləri üçün keçirilən ustad dərslərində Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

“Pandemiya bizə əhalinin "çiplənməsi", sarımsaq və arağın virusla mübarizədə faydaları və müxtəlif nəzəriyyələr barədə şayiələri ortaya çıxardı. İndi sosial şəbəkələrdə uydurma və saxta xəbərlərin əsas mövzusu peyvənd və onunla əlaqəli hər şeydir. Mediadakı dezinformasiya yeni bir fenomen deyil və uzun müddətdir mövcuddur. Feyk nyusu yayanlar düşünür ki, yalan nə qədər dəhşətli olsa, o qədər çox inanan olacaq. Saxta xəbərlər yeni texnologiyalardan istifadə edilərək yayılmağa başladığı üçün günümüzün realllığına çevrilib. Belə xəbərlər yalnız hər hansısa xəbər saytında, bir qəzetdə və ya bəzi anonim telegram kanallarında yayımlandıqdan sonra reallığa çevrilir. Qeyd etmək lazımdır ki, saxta xəbərləri yaymaq üçün bir çox məqsəd var.Bu səbəblər ticarətdən tutumuş siyasi məqsədlərə qədər dəyişir” – deyə Timur Şafir bildirib.

Timur Şafirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

183
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

183