““3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir: “Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb. “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.
Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz