Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov

Mətbuat Şurası jurnalistlərin ölümü ilə bağlı müraciət ünvanlayacaq

45
(Yenilənib 15:07 04.06.2021)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, baş vermiş bu hadisədə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir
Əflatun Amaşov: “Qoy bilinsin ki, bütün bunlara görə kim məsuliyyət daşıyır”

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  Kəlbəcərdə jurnalistlərin minaya düşərək vəfat etməsi ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

Əflatun Amaşov bildirib ki, baş vermiş hadisə təəssüf hissi ilə qarşılanıb: “44 günlük müharibə ərzində də Azərbaycan jurnalistləri hücumlara məruz qalmışdı. Ancaq bu dəfəki hadisə jurnalistlərin ölüm ilə ntəicələndi. Ermənistan tərəfi üçtərəfli bəyanatdan sonra hələ də mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməyib. Baş vermiş bu hadisədə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir. Azərbaycan Mətbuat Şurası bütün jurnalist təşkilatlarına, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müraciət ünvanlayacaq. Biz jurnalistlərin ölümlərinə bütün dünyanın diqqətini çəkəcəyik. Qoy bilinsin ki, bütün bunlara görə kim məsuliyyət daşıyır”.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Əflatun Amaşovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

45
Mövzu:
Kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşdülər
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur”

178
(Yenilənib 16:46 22.06.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır
Vüsal Qasımlı: “Yeni format iqtisadi baxımdan böyük potensial vəd edir”

““3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir: “Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.  “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

178
Millət vəkili Fazil Mustafa

Millət vəkili: “O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər”

225
(Yenilənib 16:42 22.06.2021)
Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orada olan insanların yaşayış səviyyəsindən ölçülür
Fazil Mustafa: “Pilot layihələr tikilib qurtarmır”

“Bakı şəhəri günü-gündən gözəlləşir. Bakı mədəniyyət şəhəri olaraq diqqəti cəlb edir. Gələn turistlər də bunu deyir”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, amma Bakıda həm də ciddi problemlər var: “Dünən Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orada olan insanların yaşayış səviyyəsindən ölçülür. Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir. Burada təkcə fərdi cinayətlərdən söhbət getmir. Hamı bu cinayətin iştirakçısına çevrilməkdədir. Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər. Bu gün 100-lərlə vətəndaş evlərindən köçərək kirayədə qalır, amma evlərinə qayıda bilmir. Pilot layihələr tikilib qurtarmır”.

Fazil Mustafanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

225
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədi imzalayacaq

0
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

0