Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Hotel Ulduz Təsnifatı prosesinin keçirilməsi üçün assosiasiyaya müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Hotel Ulduz Təsnifatı haqqında mətbuata açıqlama verib.
O bildirib ki, Azərbaycan regionda ilk dəfə olaraq Avropa Mehmanxanalar Assosiasiyasının üzvü olaraq beynəlxalq standartlara əsaslanan ulduz təsnifatı sistemini yaradıb:
“Artıq 40 hotel bununla bağlı bizə müraciət edib. Onlardan 24-ü audit olunub. Apreldə isə həmin hotellərə rəsmi olaraq ulduz kateqoriyasını təsdiq edən sertifikatların və lövhənin verilməsini gözləyirik”.
Florian Zenqstşmidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, xaricdə təhsil mərkəzləri bir çox hallarda öz kommersiya maraqlarına görə müraciət edənlərin taleyi ilə oynayırlar: “Belə mərkəzlər diplomu tanınmayan, lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparırlar. Azərbaycan tərəfindən diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var. Diplomların tanınmasına səbəb təhsilalanların mövcud parametrlərə uyğun gəlməməsidir. Övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Təəssüf ki, bu işlərlə məşğul olduğunu iddia edən şirkətlər hər il bir ad altında fəaliyyət göstərirlər”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, türk dövlətləri və xalqları arasında informasiya sferasında belə yaxınlaşma sevindiricidir: “Biz düşünürük ki, bu yaxınlaşma sadəcə müstəqil türk dövlətləri arasında olmamalıdır. Eyni zamanda bu əməkdaşlığa müstəqil dövləti olmayan türk xalqları arasın belə yaxınlaşma olmalıdır. Dezinformasiyaların qarşısının alınması və yaxud informasiya sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün belə bir platformanın qurulması əhəmiyyətlidir. Belə bir platforma dezinformasiyaların qarşısını almaqla yanaşı, ortaya çıxa biləcək hər hansı anlaşılmazlıqların doğru şəkildə qarşısının alınmasına imkan verəcək”.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 15 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib
"Bu gün Bayden Administrasiyası ABŞ suverenliyi və maraqlarına qarşı Rusiya hökuməti və kəşfiyyat orqanlarının atdığı addımlara görə Rusiyaya qarşı tədbirlər görür", - deyə məlumatda bildirilir.
Qəbul olunan qərara əsasən on Rusiya diplomatı ABŞ-dan da qovulur. Ölkədən qovulan şəxslər arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.
Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunur.
ABŞ rəhbərliyi, həmçinin Aİ, Böyük Britaniya, Avstraliya və Kanada ilə birgə Krımla bağlılığı olan 8 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.