Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Səfər zamanı Prezident Azıx mağarasında olublar.
Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Sputnik Azərbaycan-a deyir ki, Azıx mağarası tək Azərbaycanda yox, həm də dünyada ən qədim yaşayış məskənlərindən biridir:
“Tədqiqatlar Azərbaycanın qədim insan üçün məskən olduğunu göstərir. Prezident Azıx mağarasının tarixi haqqında məlumat verməklə yanaşı, bu ərazinin Azərbaycanın ayrılmaz parçası olması ilə bağlı açıq mesaj verdi. Bu Azərbaycan tarixini saxtalaşdırmağa çalışan, onun abidələrini dəyişdirən, məhv edən ermənilərə göndərilmiş mesaj idi. Ordumuz torpaqlarımızı işğaldan azad etməklə həm də tarixi abidələrimizi gerçək sahiblərinə qaytardı. Qarabağ ərazisi qədim azərbaycanlıların tarixi torpağıdır”.
Qeyd edək ki, Azıx mağarası 1960-cı ildə azərbaycanlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunub.
Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, xaricdə təhsil mərkəzləri bir çox hallarda öz kommersiya maraqlarına görə müraciət edənlərin taleyi ilə oynayırlar: “Belə mərkəzlər diplomu tanınmayan, lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparırlar. Azərbaycan tərəfindən diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var. Diplomların tanınmasına səbəb təhsilalanların mövcud parametrlərə uyğun gəlməməsidir. Övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Təəssüf ki, bu işlərlə məşğul olduğunu iddia edən şirkətlər hər il bir ad altında fəaliyyət göstərirlər”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, türk dövlətləri və xalqları arasında informasiya sferasında belə yaxınlaşma sevindiricidir: “Biz düşünürük ki, bu yaxınlaşma sadəcə müstəqil türk dövlətləri arasında olmamalıdır. Eyni zamanda bu əməkdaşlığa müstəqil dövləti olmayan türk xalqları arasın belə yaxınlaşma olmalıdır. Dezinformasiyaların qarşısının alınması və yaxud informasiya sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün belə bir platformanın qurulması əhəmiyyətlidir. Belə bir platforma dezinformasiyaların qarşısını almaqla yanaşı, ortaya çıxa biləcək hər hansı anlaşılmazlıqların doğru şəkildə qarşısının alınmasına imkan verəcək”.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenkonun prezident seçildikdən sonra ikinci xarici səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkir. Prezident Aleksandr Lukaşenkonun Azərbaycanda rəsmi və qeyri-rəsmi formatda keçirdiyi görüşlər, verdiyi açıqlamalar diqqətlə izlənilir. Sputnik Azərbaycan Azərbaycan-Belarus əlaqələri və Aleksandr Lukaşenkonun bu səfərinin ikitərəfli münasibətlərdə rolu ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.
Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq mövcuddur:
"Bu əlaqələrin və əməkdaşlığın əhatə dairəsi genişdir. İki ölkə arasında hərbi sənaye, kənd təsərrüfatı, maşınqayırma sahələrində əməkdaşlıq daima inkişaf edir. Belarus rəhbərliyi də hər zaman Azərbaycanın problemlərinə diqqətlə yanaşıb. Düşünürəm ki, bizim münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf etməyə davam edəcək. Belarus Azərbaycan vasitəsilə sərfəli bazarlara çıxış əldə edir. Bu Azərbaycanın da maraqlarına cavab verir. Çünki bununla həm də bizim qeyri-neft sektorumuz inkişaf edir. Belarus həm də Azərbaycanın enerji resurslarından yararlanmaqda maraqlıdır".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Azərbaycan-Belarus münasibətləri həmişə fəqli səviyyədə olub: "Prezident Lukaşenkonun fərdi şəxsiyyəti onun prezidentlik idarəçiliyində də özünü bariz şəkildə göstərib. Azərbaycan hər zaman Belarusa çətin vaxtlarında dəstək göstərib. Belarus son vaxtlar Polşa və Baltikyanı ölkələrlə münasibətlərini sıxlaşdırmışdı. Ölkənin istiqaməti bu yöndə idi. Ancaq indi bu münasibətlərdə durğunluq mövcuddur. Məhz bu əlaqələr hesabına Belarus informasiya texnologiyaları sahəsində yüksək inkişaf əldə etmişdi".
Politoloq bildirib ki, bu gün Azərbaycan-Belarus münasibətlərində iqtisadi maraqlar daha qabarıq formada önə çıxır.
"Azərbaycan Qarabağın bərpasını həyata keçirir. Burada etibarlı tərəfdaşlara ehtiyac var. Bu səfər göstərir ki, bu gün Azərbaycan-Belarus münasibətləri tamam yeni keyfiyyətdədir. Aprelin sonunda Belarusda Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Erməni mətbuatı iddia edir ki, Azərbaycan bu sammitdə müşahidəçi kimi iştirak etmək istəyir, lakin Ermənistan hökuməti buna qarşıdır. Bütün bu baş verən proseslər münasibətlərimizin yeni xarakterindən xəbər verir".
Politoloq qeyd edib ki, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi. Bu baxımdan Belarus prezidentinin səfərini və bu səfər zamanı səsləndirdiyi fikirləri yüksək qiymətləndirir.
"Belarus həm də dağlıq Qarabağla bağlı məsələlərin siyasi tərtibatında önəmli rol oynayıb. Burada prezident Lukaşenkonun müstəsna rolunu qeyd etməliyik. Belarusla əməkdaşlıq həm bizim, həm də bu ölkənin maraqlarına cavab verdiyi üçün faydalıdır", - deyə Əhmədoğlu əlavə edib.