Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib. Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın bu qərarını Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, uçot dərəcələrinin sabit saxlanması iqtisadiyyatda hər hansı ciddi dəyişikliklərə yol açamayacaq:
“Hesab edirəm ki, uçot dərəcəsi hələ də yüksəkdir və onun endirilməsinə ehtiyac var. Digər tərəfdən artıq uçot dərəcəsi iqtisadi proseslərin tənzimlənməsi baxımından ciddi təsirə malik deyil. Bir göstərici üzərindən bütün iqtisadi proseslərin kreditləşməsi köhnəlmiş yanaşma kimi qəbul edilməlidir”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətin qurulması məsələsidir. Medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması da önəm kəsb edir”.
Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 aprel — Sputnik. Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir. Bu, hadisələrin çox uğursuz inkişafının göstəricisidir. Əgər biz postmünaqişə dövründən danışırıqsa, biz gələcək barışığa gətirəcək elementlərə diqqət ayırmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.
"Biz 1500 Ermənistan əsgərinin cəsədini qaytarmışıq. Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarına iştirak edirik. Mən sizə deyə bilərəm ki, Birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri. Bax, fərq bundadır.
Biz Rusiya sülhməramlılarına öz dəmiryolu vasitələrimizlə logistik dəstək veririk. Onlar öz vasitələrini dəmiryolu vasitəsilə Bərdəyə gətirirlər ki, bu da Yerevana uçub, oradan da 5-6 saat Laçın dəhlizi ilə getməkdən daha asan və ucuzdur. Mən digər elementləri də nümunə gətirə bilərəm. Biz Rusiyanın "Qazprom" şirkətinə maye qazı Azərbaycan ərazisindən Ermənistana nəql etməyə icazə verdik. Çünki Rusiya ərazisində təmir işləri aparılırdı. Biz yox deyə bilərdik. Lakin biz hə dedik.
Bu başqa bir göstərici, başqa bir jestdir. Biz Ermənistana bizim Zəngilan, Qubadlı rayonlarımızdan keçən 21 kilometrlik yolu istifadə etməyə imkan verdik. Biz buna icazə verdik, blok etmədik. Onlar bizə müharibə zamanı işğal etdikləri ərazilərə bir metr yaxınlaşamağa imkan verdilər? Yox. Bütün bunlar birtərəfli addımlardır. Bu, sadəcə jest deyil, bu müharibə səhifəsini çevirmək üçün düşünülmüş siyasətdir. Açılış nitqimdə dediyim kimi, biz heç nəyi unutmayacağıq, lakin eyni zamanda biz gələcəyə də baxmalıyıq", - deyə İlham Əliyev bildirib.