Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) pandemiya şəraitinin davam etməsi ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciəti çatdıran DİN-in əməkdaşı Ağgül Həmdizadə deyib ki, pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir:
“Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır”.
“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.
“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, - deyə N.Heydərov bildirib.
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:
“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.
Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 8 mart - Sputnik. Müğənni Rəsul Əfəndiyev bütün analara həsr etdiyi mahnısını təqdim edib.
Müğənni Sputnik Azərbaycan-a bildirib ki, "Ana" mahnısının sözlərini Rafael Qədirov, musiqisini isə Fərid Kərimli yazıb. Mahnının lentə alınmasında kamançaçı Elnur Kərimov, Kənan Tərlanoğlu (ud) və balabançı Nurlan Bəkirov da iştirak ediblər.
Klipin ssenarisi Kənan Bayramova məxsusdur. Klipdə əsas, ana obrazını Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə yaradıb. Qəhrəmanların obrazı üzərində dizayner Afaq İsmayılzadə işləyib.
"Ana hər birimizin həyatında vacıb insandır. Həmişə yanımızdadır, nə etsək, dəstək olur. Onların simasında bütün Azərbaycan qadınlarını təbrik edirəm", - Əfəndiyev deyib.
Rəsul Əfəndiytev gənc ifaçılar arasında özünəməxsus yer tutur. O, Xalq artisti Aygün Kazımova ilə duetindən sonra məşhurlaşdı, hazırda da Kazımova ilə işbirliyini davam etdirir.