“İşğaldan azad edilmiş ərazilərdə elə bir infrastruktur qurulmalıdır ki, nəinki yerli əhali, həm də turistləri cəlb edə bilsin”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə əmlak məsələləri üzrə ekpsert Elnur Fərzəliyev deyib.
Ekspertin fikrincə, uzun illər ərzində respublikanın digər şəhərlərində, xüsusən də Bakıda məskunlaşmış məcburi köçkünlərin həmin ərazilərə qayıdıb sıfırdan təsərrüfat fəaliyyəti ilə məşğul olması çətin olacaq:
“Bu baxımdan azad edilmiş ərazilərdə ağıllı kənd və şəhərlərin qurulması nəzərdə tutulur. Bu təcrübədən artıq bir çox ölkələrdə istifadə edilir. İnsanların kənd yerlərində yaşamağa marağının artırılması və təsərrüfat fəaliyyətinə başlayıb yaxşı nəticələr alması üçün bu, əlverişli bir seçim kimi dəyərləndirilir. Dövlət məcburi köçkünlərə azad edilmiş ərazilərdə elə bir şərait qurmaq istəyir ki, geri dönüş onlar üçün də maraqlı olsun”.
Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən azad edilmiş ərazilərin “smart city” və “smart village” konsepsiyası əsasında bərpa edilməli olduğunu deyib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:
“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.
Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
“Yeni Azərbaycan Partiyasının Qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib”. Bunu Sputnik Azərbaycan-a YAP-ın üzvü, millət vəkili Ramil Həsən deyib.
Millət vəkili qeyd edib ki, o, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvüdür və daxili nizamnaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirmək onun borcudur:
“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarix, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbəriyi və vitse-prezident Mehriban Əliyevanın xoş məramı ilə iştirak etdiyi islahatlar və reforma siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir”.
Ramil Həsənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".
Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.
"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.
Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.