Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu memorandum Vətən müharibəsindəki qələbədən sonra bu il ərzində qazandığımız ən böyük uğur sayıla bilər:
“İki ölkə arasında 25 ildir mübahisə davam edirdi. SSRİ dönəmində bu yataq Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdi. Gərək SSRİ dağıldıqdan sonra yatağın birgə istismarı ilə bağlı razılığa gəlinəydi. Bu memorandum yeni uğurları gətirə bilər. Gəlinən razılıqlar hər kəsin faydasınadır. Memorandumun imzalanması ilə Azərbaycan-Türkmənistan arasındakı anlaşmazlıqlar keçmişdə qaldı”.
Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:
“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.
Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib. Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın bu qərarını Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, uçot dərəcələrinin sabit saxlanması iqtisadiyyatda hər hansı ciddi dəyişikliklərə yol açamayacaq:
“Hesab edirəm ki, uçot dərəcəsi hələ də yüksəkdir və onun endirilməsinə ehtiyac var. Digər tərəfdən artıq uçot dərəcəsi iqtisadi proseslərin tənzimlənməsi baxımından ciddi təsirə malik deyil. Bir göstərici üzərindən bütün iqtisadi proseslərin kreditləşməsi köhnəlmiş yanaşma kimi qəbul edilməlidir”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.