Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda qalınlığı 15 mikrondan çox olan polietilen paketlərin alıcılara ödənişli təqdim olunması ilə bağlı təkliflər hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim olunduğunu bildirib.
Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyir ki, polietilen paketlərin ləğv edilməsi ilə bağlı qərar verərkən onu nə ilə əvəz etməklə bağlı da düşünmək lazımdır:
“İnkişaf etmiş ölkələrdə ticarət mərkəzləri polietilen əvəzinə kağız paketlərlə təmin edilir. Bunun bizim ölkəmizdə də tətbiq edilməsi düzgün olardı. Çünki Balaxanıda yerləşən tullantıların emalı müəssisəsi belə kağız paketləri təkrar emal etmək imkanına sahibdir. Əgər bu məsələ həll olunubsa, bu çox təqdirəlayiq addımdır. Amma əksi olduğu təqdirdə problemlər yaradacaqdır”.
Qeyd edək ki, yanvarın 1-dən çox nazik, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsinə qadağa qoyulub.
Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Pandemiya dövründə toyların keçirilməsi formatından danışarkən təkcə say nəzərə alınmalı deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATV-yə pandemiya dövründə toyların keçirilmə qaydaları haqqında danışarkən professor, həkim Adil Qeybulla deyib.
Onun sözlərinə görə, toylar bərpa ediləndə bir sıra şərtlər mütləq nəzərə alınmalıdır:
“Toya gələn şəxslərin tempraturu ölçülməli, həmçinin xəstəliklərlə bağlı xəbərdarlıqların edilməsi vacibdir. İmmun zəifliyi olan insanlara belə şənliklərdə iştirak etməməklə bağlı tövsiyyələr edilməlidir. Yəni pandemiya dövründə toyların necə keçirilməsi ilə bağlı insanlarda düzgün fikir formalaşmalıdır”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
ADA Universitetində “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işi aparılır. Sputnik Azərbaycan məlumat verir ki, bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək.
İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin sözlərinə görə, tədqiqat çərçivəsində məcburi köçkünlər arasında beş sorğu keçiriləcək:
“Bu sorğular bir-biri ilə əlaqəlidir. Sorğuların nəticəsinə uyğun olaraq sonda tədqiqat qrupu tərəfindən Azərbaycan hökumətinə hesabat təqdim ediləcək”.
Elşən Bağırzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”.
APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.
Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq.
Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək.
Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq.
Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq.
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər.
Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq.
Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk, Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.