Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Bunu Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi çox doğru qərardır:
“Bu şəhərin yetirdiyi tanınmış insanları saymaq üçün saatlar lazımdır. Şuşanın mədəniyət paytaxtımız elan olunması da göstərir ki, o elə-belə şəhər deyil. İnanıram ki, biz Şuşanı ziyarət edəndə şəhidlərimizin, əsgərlərimizin bu şəhəri necə azad etməsini xatırlayacağıq. Bu qərar da bütün dünyaya sübut edir ki, Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır!”.
Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.
Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni reallığın yaranmasının şahidi oluruq:
“Bu həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Yeni iqtisadi və siyasi reallıqların formalaşması regional əlaqələrin dərinləşməsini zəruri edir. Hesab edirəm ki, bu istiqamətdə çox böyük dəyişikliklərin şahidi olacağıq. İranla iqtisadi əlaqələrimizin dərinləşməsində xüsusən qeyri-neft sektorunun böyük payı olacaq”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.
Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:
“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".