Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır. Bunu Brüsseldə keçirilən Aİ ölkələrinin XİN rəhbərlərinin iclasının yekunları üzrə Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.
Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, uzun illərdir Avropa İttifaqı və Türkiyə arasında gərgin münasibətlər davam edir:
“Türkiyənin Aİ-yə qəbul edilməməsi üçün uzun illər problemlər yaratdılar. Xüsusən də Almaniya Türkiyənin Avropaya aid olmadığını bildirərək prosesə maneələr yaradırdı. Ancaq indi Aİ başa düşür ki, Türkiyə əvvəl olduğu kimi deyil. Türkiyənin geopolitik güclənməsini görən ittifaq onunla münasibətləri möhkəmləndirməyi üstün tutur. Digər tərəfdən münaqişə baş verən ölkələrdən gələn qaçqınlar Türkiyədə qalırlar. Bu da bir tərəfdən Avropanı Türkiyədən asılı hala gətirir”.
Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:
“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.
Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.
“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.
Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.