“ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər”. Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, gərək bir dalğa sönsün, daha sonra hadisələrin dinamikasını müşahidə edə bilək:
“Azərbaycanda virusla mübarizə spesifik aparılır. Birinci karantinin ləğvindən sonra qaydalara riayət edilməməsinin nəticələrini indi görürük. Artıq virusun ikinci dalğası ilə bağlı Avropada müzakirələr başlayıb. Amma nəzərə alınmalıdır ki, virus zəifləyib, xeyli mutasiyaya uğrayıb. Ona görə də ikinci dalğanın ağır fəsadlar yaradacağı proqnozlaşdırılmır. Sərt karantin qaydaları tətbiq olunmaqla bütün sosial həyat fəaliyyət bərpa edilməlidir. Payızda digər xəstəliklərin ortaya çıxması çətinliklər yaradacaq”.
Adil Qeybullanın geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz
ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) OPEC-in gündəlik neft hasilatına dair proqnozunu açıqlayıb. Cari ildə OPEC-in neft hasilatının sutkada orta hesabla 27,2 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə bu göstərici 25,6 milyon barrel olub.
OPEC proqnozlarını Sputnik Azərbaycan-a şərh edən Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft ilə bağlı OPEC proqnozları çətinləşir:
“Bunun bir neçə səbəbi var. ABŞ-da yeni administrasiyanın fəaliyyətə başlaması dövlət xərclərinin artması ilə nəticələnəcək. Bu proseslə paralel olaraq digər ölkələrdə də iqtisadi canlanma qeydə alınacaq. Hazırda ölkələr ucuz neftin alınmasında maraqlıdır. Digər faktor Səudiyyə Ərəbistanının makro-iqtisadi vəziyyəti ilə bağlıdır. Bu ölkə hasilatı azaltmaqla bazarda defisit yaratmağa çalışır. Ən mühüm təsiredici amillərdən biri də dünya miqyasında vaksinasiya prosesinin intensivləşməsidir”.
Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:
“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.
Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.