“Azərbaycan ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında bu hüququ əldə edə bilməyən abituriyentlər xarici ölkələrdə təhsil almağa üz tuturlar”. Bunu Sputnik Azərbaycan-a təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, bu il pandemiya xaricdə təhsil almaq istəyənlərin sayına ciddi təsir göstərib: “Hər il 12-16 min şəxs xaricdə təhsilə üz tutur. Bu şəxslərin böyük bir qismi Türkiyədə təhsil almağı seçir. Hazırda sərhədlərin bağlı olması təhsil üçün getmək istəyənlərin planlarına təsir edib. Eyni zamanda bir çox universitetlər tədris prosesini onlayn qaydada gerçəkləşdirir, ancaq diplomların tanınması ilə bağlı qanunvericilikdə məsələnin həll edilməməsi xaricdə təhsil alan azərbaycanlıların sayının azalmasına gətirib çıxara bilər”.
Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.
Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni reallığın yaranmasının şahidi oluruq:
“Bu həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Yeni iqtisadi və siyasi reallıqların formalaşması regional əlaqələrin dərinləşməsini zəruri edir. Hesab edirəm ki, bu istiqamətdə çox böyük dəyişikliklərin şahidi olacağıq. İranla iqtisadi əlaqələrimizin dərinləşməsində xüsusən qeyri-neft sektorunun böyük payı olacaq”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.
Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:
“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".