“Seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Milli Məclisin deputatı Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, yeni parlamentin işində müxtəlif praktikalardan istifadə ediləcək: “Yeni parlamentdə həm də dövlətin siyasi maraqlarını təmsil edən şəxslər təmsil olunur. Prezident İlham Əliyev məmur-vətəndaş münasibətlərinin düzgün qurulması ilə bağlı mühüm tövsiyələr verdi. Yeni parlament işlək parlamentə çevrilə bilər”.
Arzu Nağıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.
Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni reallığın yaranmasının şahidi oluruq:
“Bu həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Yeni iqtisadi və siyasi reallıqların formalaşması regional əlaqələrin dərinləşməsini zəruri edir. Hesab edirəm ki, bu istiqamətdə çox böyük dəyişikliklərin şahidi olacağıq. İranla iqtisadi əlaqələrimizin dərinləşməsində xüsusən qeyri-neft sektorunun böyük payı olacaq”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.
Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:
“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.