“Özəl televiziyaların işinə müdaxilə edə bilmərəm”. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
“Onlara yalnız tövsiyə verə bilərik. Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır” - deyə nazir bildirib.
Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.
Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:
“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:
“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 22 yanvar — Sputnik. Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Dəyişikliyə görə, Məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, 346-cı maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.