Bəxtiyar Əliyev

Bəxtiyar Əliyev: “Avropa Parlamenti Azərbaycanla münasibətlərə xələl gətirir”

173
(Yenilənib 15:00 21.01.2019)
Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyir ki, ayrı-ayrı qüvvələr Azərbaycana müəyyən şərtlər qəbul etdirməyə çalışırlar

“Avropa Parlamentində Azərbaycanla bağlı son dinləmələr, Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli və böhtan xarakterli qətnamənin qəbul edilməsi qətiyyən yolverilməzdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

“Bu, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə böyük bir xələl gətirən məsələdir. Burada ayrı-ayrı qüvvələr var ki, Azərbaycanın uğurlu siyasət həyata keçirdiyi bir dövrdə, dünyada söz sahibi olduğu bir dövrdə ölkəmizə təzyiqlər etməyə, öz iradələrinə tabe etdirməyə və Azərbaycana müəyyən şərtlər qəbul etdirməyə çalışırlar. Amma bu dairələr birdəfəlik anlamalıdırlar ki, Azərbaycanın iradəsinə təsir etmək heç cür mümkün deyil. Prezident İlham ƏIiyevin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsidir və buna qarşı hər hansı bir kampaniya yalnız məğlubiyyətə məhkumdur. Bu gün Azərbaycan Avropaya lazımdır. Çünki onun enerji təhlükəsizliyini də, iqtisadi təhlükəsizliyini də müsbətə doğru yönəldən və bu baxımdan ən etibarlı tərəfdaş olan Azərbaycandır”, - deyə B.Əliyev bildirib.

Deputatın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

173