Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Əli Həsənov: “Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir”

39
(Yenilənib 14:53 05.12.2018)
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyir ki, Azərbaycan dili dünyadakı azərbaycanlıları bir birinə doğmalaşdıran və onlar arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edir

“Azərbaycan dili əsas dövlət atributlarından biridir, yəni, dil haqqında danışanda onun dövlətin əsas atributlarından biri olduğunu unutmaq olmaz”. Sputnik Azəbaycan xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

“Ana dili qanunla qorunur və dövlətin hüquqi-siyasi statusunu daşıyır. Bu dil “Azərbaycançılıq” ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Sözün həqiqi mənasında, dünyadakı azərbaycanlıları bir birinə doğmalaşdıran və onlar arasındakı əsas ünsiyyət vasitəsi kimi çıxış edən Azərbaycan dilidir. Azərbaycan dili nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. Dövlət dili rəngarəng, etnik və konfessional tərkibə malik olan müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən, könüllü qəbul etdiyi və onların arasında birləşdirici rol oynayan nadir mədəni, siyasi fenomendir” - deyə Əli Həsənov bildirib.

Əli Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

39