İqtisadçı-ekspert Natiq Cəfərli

Ekspert dövlət borcunun azaldılması imkanlarını açıqladı

285
(Yenilənib 14:07 28.08.2018)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, hökümətin strateji planlamasında bu kredit səviyyələrinin azaldılması əsas hədəf kimi götürülüb

Orta və uzun müddətdə Azərbaycanın dövlət borcunun idarə edilməsi üçün 3 əsas məqsəd müəyyən edilib. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, 2014-2015-ci illərdə Azərbaycan böyük enerji layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından kreditlərin cəlb olunmasına başlayıb: “Son illərdə 8 milyard dollara yaxın kredit müqavilələri imzalanıb. Yaxın iki ildə 3 milyardlıq müqavilələrin imzalanması gözlənilir. Kreditləşmənin böyük həcmdə olması riskləri artırıb. Ona görə də hökumətin strateji planlamasında bu kredit səviyyələrinin azaldılması əsas hədəf kimi götürülüb. Bu ilk baxışdan yerinə yetirilməsi problemli görünən yanaşmadır. Amma hər şeyin neftin qiymətindən asılı olacağı layihələrdə göstərilib. Neftin qiymətlərinin 75-80 dollar civarında qalması bu planın həyata keçirilməsinə imkan yaradacaq. Əgər neftin qiyməti aşağı düşərsə, bu planların həyata keçirilməsində problemlər yaşanacaq”.

Qeyd edək ki, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir.

285