Avropa İttifaqından Azərbaycana “xalq diplomatiyası” çağırışı

© Photo : REPORTMalena Mard, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Malena Mard, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın fikirlərinə fərqli münasibət bəsləyir

Avropa İttifaqından Azərbaycana “xalq diplomatiyası” çağırışı
“Dağlıq Qarabağla bağlı Avropa Əməkdaşlıq layihəmiz var”.  APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyəti aktorlarının maliyyələşdirilməsi, qadın təşkilatları üzvlərinin görüşlərinin təşkili və digər mümkün imkanlardan yararlanmaqda davam edəcək: “Biz insanların, qadınların, gənclər təşkilatları üzvlərinin görüşməsi üçün bu kimi platformaların təşviqini davam etdirmək istəyirik. Siz yalnız dialoqla irəli gedə bilərsiniz”. 

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti təmsilçiləri, parlament üzvləri arasında vaxtaşırı olaraq  görüşlər keçirilir. Bəs bu cür görüşlərin keçirilməsinin hansı əhəmiyyəti var? Avropa strukturları bununla nəyə nail olmaq istəyindədirlər? 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Sputnik” ə açıqlamasında bildirib ki, Avropa İttifaqı da digər beynəlxalq təşkilatlar kimi münaqişənin real həlli yollarını axtarmaq əvəzinə daha çox diqqəti yayındırmaqla məşğuldur:

“Ona görədə bu təşəbbüslərin hansısa nəticə verəcəyinə inanmaq mümkün deyil. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunubdur və bu işğal, onun nəticələri aradan qaldırılmalıdır. Məsələnin həlli burdadır. Bununla məşğul olmaq istəmirlər. Onuncu dərəcəli məsələləri ortaya atırlar ki, dialoq təşkil olunmalıdır, tərəflər hərbi ritorikasından çəkinməlidirlər, atəşkəsi gözləməlidirlər. Mənasız bəyanatlarla çıxış edirlər. Məqsəd ondan ibarətdir ki, vaxt uzansın və “status kvo” saxlanılsın. Tutaq ki, icmalar arası dialoq alındı. Bu icmalar arası dialoq münaqişənin həlli prossesinə nə verəcəkdi? Azərbaycan və Ermənistan cəmiyyəti arasında və yaxud Dağlıq Qarabağda kimlər öz fikrindən daşınacaqlar? Xalq diplomatiyası yalnız o zaman nəticə verə bilər ki, torpaqların işğalı faktı aradan qaldırılsın. Ondan sonra cəmiyyətlər arasında münasibətlərin normallaşdırılması üçün, düşmənçiliyin aradan qaldırılması üçün bu cür formalardan: dialoqdan da, xalq diplomatiyasından istifadə eləmək olar”.

Akif Nağı Azərbaycan cəmiyyətində olan dialoq tərəfdarlarının da yanlış mövqedə olduğunu deyir. QAT sədrinin sözlərinə görə bu məsələdə Azərbaycan öz mövqeyini birmənalı olaraq ortaya qoymalı və münaqişə ədalətli şəkildə həll olunmadan qarşı tərəflə heç bir dialoqa getməməlidir.

Politoloq Fikrət Sadıxov isə hesab edir ki, biz istənilən halda icmaların bir araya gəlməsinə etiraz etməməliyik:

“Biz dəfələrlə bunu demişik, erməni tərəfi bunu inkar edir. Erməni tərəfi dəfələrlə deyib ki,  Dağlıq Qarabağda Azərbaycan icması yoxdur. Bu artıq “Dağlıq Qarabağ” respublikasıdır. Biz başqa bir tərəf görmürük. Onlar bunu inkar edirlər. Əgər Aİ rəsmiləri həqiqətən bu münaqişəni tənzimləmək istəyirlərsə, hansısa bir yol axtarışındadırlarsa onda gərək Ermənistana təzyiqlər göstərilsin. Əgər onlar həqiqətən səmimi şəkildə bu münaqişənin artıq həll olunmasında maraqlıdırlarsa, o zaman ermənilərə bir yol göstərsinlər. Başqa bir variant da ola bilməz”.

Qeyd edək ki, münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun mandatına daxil olsa da, Avropa İttifaqı vətəndaş cəmiyytələri arasında münasibətlərin qurulmasının təşəbbüskarı olmaq istədiyini dəfələrlə vurğulayıb.

Xəbər lenti
0