Fəzail Ağamalı

Bu, ABŞ ilə münasibətlərimizin sonu deməkdir

141
(Yenilənib 15:14 28.12.2015)
Fəzail Ağamalı: “ABŞ ilə Azərbaycan arasında münasibətlər ABŞ-ın günahı ucbatından artıq sona çatır”

Azərbaycan ayrı-ayrı ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur. Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a müsahibəsində deyib. 

“Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var. Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü düşünən insanlar var. Onlar da Azərbaycan haklmiyyətindən ABŞ-la strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrlə olduğu kimi, ABŞ-la da münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik. 

Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç kəsin şübhəsi olmasın”, — deyə Əli Həsənov bildirib. 

Artıq ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan Demokratiya aktı" adlı layihəyə alternativ olaraq Azərbaycan Milli Məclisinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.

 “Sputnik”in məlumatına görə, qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir. Layihədə bildirilir ki, müstəqillik illərində Azərbaycan bir sıra ölkələrin, xüsusən də ABŞ-ın müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartlarla üz-üzə qalıb: “Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərir. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır”.  

Bununla bağlı “Sputnik” in suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırıb.

- Fəzail müəllim, ABŞ-ı belə bir anti —Azərbaycan addım atmağa nə sövq edir? 

—  ABŞ-da bu gün Azərbaycana qarşı müəyyən olunan siyasətdə erməni amili ciddi rol oynayır. Dövlət katibi kimi bir yüksək bir postda ermənipərəst insanlar kifayət qədərdir.  Onlar Amerikada yaşayan ermənilərin maliyyəsi ilə öz siyasi karyeralarını yaradıblar və bu maliyyə hesabına siyasi ambisiyalarını reallaşdırırlar. Beləliklə onlar erməni diasporundan mütləq şəkildə asılıdırlar və lobbiçilik edirlər. Bundan əvvəl də bir çox faktlar var. Demokratiyaya dəstək aktının 907-ci düzəlişi yenə də Con Kerri və onun kimi ermənilərin yanında olan insanlar həmin düzəlişin müəllifləri idi və onlar onun həyata  keçirilməsinə nail oldular. Bu günə qədərdə 907-ci düzəliş öz qüvvəsində qalır. Bir müddət bundan öncə Azərbaycanının kütləvi informasiya vasitələri anti-Azərbaycan qüvvələrin fəaliyyəti üzərində dayanılarkən bütün bunların ABŞ-in dövlət katibi Con Kerrinin ofisindən idarə olunması konkret faktlarla sübüt edildi. Smitin bu lahiyəsi birinci deyil, düşünürəm ki, heç axırıncı da olmayacaq. Azərbaycana qarşı xarici siyasətdə ABŞ kimi oturuşmuş bir dövlət qərəzli mövqe tutur. Mən deyərdim ki, bir sıra hallarda bu qərəzli mövqe Türkiyəyə də münasibətdə hiss olunur. Məncə bu qərəzli mövqeyin də arxasında erməni parası və bu para hesabına kifayət qədər şəbəkələşmiş erməni lobbisi dayanır.

- Sizcə, bu sanksiyalar həyata keçirilərsə, bunun ölkəmizə nə kimi təsirləri ola bilər?

—  Əlbəttə, bu sanksiyaların həyata keçirilməsi arzu olunan deyil. Əgər bu Konqresdə qəbul olunarsa və ABŞ qanunvericilik prinsiplərinə uyğun olaraq digər prosedur qaydalarından da keçərsə o zaman bu Azərbaycana qarşı çox ciddi xarakter daşıyan sanksiya olacaqdır. Özünüz də görürsüz ki, orada çox çətin müddəalar qoyulub. Qeyd edim ki, indiyə kimi dünyanın heç bir ölkəsinə ABŞ tərəfindən belə ağır sanksiyalar qoyulmayıb. Azərbaycana qarşı bu cür sərt sanksiyaların tətbiq olunması faktiki olaraq ABŞ ilə Azərbaycan arasında bütün münasibətlərin sonu deməkdir. Hörmətli həmkarım Rövşən Rzayev tərəfindən də bir lahiyə hazırlanıb artıq o lahiyə ortalıqdadır. Məhz, belə olarsa, Azərbaycanda bir dövlət olaraq ona uyğun addımlar atacaq. Şəxsən mən bu baxımdan Rövşən Rzayevi birmənalı şəkildə müdafiə edirəm. Ona görədə əgər ABŞ Smitin bu lahiyəsini qanuniləşdirərsə, Azərbaycan da öz tərəfindən Rövşən Rzayevin təqdim etmiş olduğu qanun lahiyəsini müzakirəyə çıxarıb onu da qəbul etməlidir. Beləliklə, ABŞ ilə Azərbaycan arasında münasibətlər ABŞ-ın günahı ucbatından artıq sona çatır əldə olunan uğurların üstündən xətt çəkilir. Bu da çox təəssüfləndirici haldır. Mən ümidvaram ki, Amerikada kifayət qədər ABŞ-ın maraqlarına xidmət edən, onun milli maraqlarını hər şeydən üstün tutan Azərbaycanın Qərb və ABŞ üçün önəmli bir ölkə olduğunu nəzərə alaraq eyni zamanda Azərbaycanda islahatların ardıcıl xarekter daşıdığını önə çəkərək belə bir qatnamənin qəbul olunmasına imkan verməyəcəklər. Hər halda mən buna ümid edirəm. Çünki, Amerika başdan-başa ermənipərəst qüvvələrdən ibarət deyil. Orada Azərbaycanı sevən kifayət qədər siyasətçilər var. Onların gücüylə haqqa ədalətə söykənərək bu qətnamə rədd ediləcək. 

141
Mövzu:
Amerikaya Azərbaycanın cavabı (8)