Participants of the action against xenophobia and hatred to refugees from the countries of the Middle East in Prague

İslamafobiya: siyasi ideoloji tərəfləri

70
(Yenilənib 10:44 23.11.2015)
Ekspert: “Əslində İslam adı altında terror törədənlərin özləri daha çox xrinsian Qərbdən qaynaqlanan insanlardır...”

Noyabrın 13-də Parisdə törədilən terror aktları nəticəsində müsəlmanlar da zərər çəkib. May ayında Avropa Birliyi ölkələrində aparılan sorğuda məlum olmuşdu ki, Avropa Birliyi ölkələri arasında müsəlmanlara ən xoş münasibət Fransada olub. Lakin indi, vəziyyət kəskin dəyişib.

Hadisələrdən sonra, Parisdəki “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva bildirmişdi ki, Paris küçələrində adam azdır, şəhərin müsəlman əhalisi isə xüsusilə narahatdır, onlara qarşı münasibətin dəyişdiyi hiss olunur.

Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət də Fransada müsəlmanlara qarşı münasibətin dəyişdiyini bildirib:

“Əslinə qalanda, bu hadisənin baş verməsi İslam düşmənçiliyini bir qədər də qızışdırdı. Çünki terror hadisəsini törədənlərin onu İslam adına etdiyi haqda xəbərlər dolaşır. Təbiidir ki, həmən xəbərlərə əsaslanaraq ictimai rəydə İslamın yenə də bir terrorçu din olması ilə müsəlmanların terrora meyilli olması fikirləri tirajlanır.

Mən indi hazırda Fransadayam və biz burda da hiss edirik ki, İslam terroru adı altında müsəlmanlara qarşı hardasa münasibət bir qədər dəyişir. Hətta mən o gün müşahidə etdim, CNN televiziyasında belə canlı efirdə ifadə işlədildi ki, İslam demək — terror deməkdir. Görürsüz ki, bu ideolojı bir savaşın görüntüsüdür və CNN kimi bir televiziyada belə bunu açıq şəkildə deyə bilirlər”

Lakin bu neqativ vəziyyət tək Fransada baş vermir, dünyanın bir çox ölkələrində müsəlmanlara qarşı münasibət pisləşib. Belə ki, ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp ölkədə yaşayan müsəlmanlara xüsusi şəxsiyyət vəsiqələrinin verilməsini təklif edib. Bu barədə o, “Yahoo News”a müsahibəsində bildirib.

“Biz əvvəl atmadığımız addımlar atmalıyıq. Bu qərar bəzilərinin qanını qaraldacaq, lakin mən düşünürəm ki, hamı təhlükəsizliyin öz şərtlərini diktə edəcəyini anlayır”, deyə Tramp bildirib.

Prezidentliyə namizəd ölkədəki müsəlmanların xüsusi məlumat bazasının yaradılmasını, onlara  dini mənsubiyyəti ilə bağlı qeydin olacağı xüsusi şəxsiyyət vəsiqəsinin verilməsini istisna etməyib. Bundan əvvəl isə Tramp Parisdəki terror aktlarına cavab olaraq ABŞ-dakı bütün məscidləri bağlamağı təklif edib.

Bəs İslamafobiyanı artıran, İslamı dünyaya terrorçu dini kimi tanıtmağa çalışanlar kimlərdir? Azər Həsrət hesab edir ki, bunun ideolojı və siyasi səbəbləri var:

“Burda həm ideolojı, həm də siyasi səbəblər var. Əslində İslam adı altında terroru törədənlərin özləri daha çox elə xrinsian Qərbdən qaynaqlanan insanlardır. Yəni o təşkilatların məəxəzinə gedib çıxanda görürük ki, onları maliyyələşdirən, arxalarında duran, formalaşdıran və dəstək verən qurumlar Qərbin özündədir”.

Təəssüflə qəbul etməliyik ki, İslama qarşı olanlar öz istəklərinə çatırlar. Qərb cəmiyyətində irqçi və radikal millətçi dairələrin səyi nəticəsində İslamafobiya hər ötən gün daha da güclənir. Nümunə üçün bildirək ki, Çexiyada bir çoxları müsəlman miqrantların axını ilə terror hədələrini eyniləşdirirlər. Bir müddət əvvəl bu ölkənin prezidenti Milos Zeman “İslama Qarşı Blok” adlanan təşkilatın etiraz mitinqindəki çıxışında İslam fundamentalizmindən doğan təhlükələri pisləyib. Prezidentin çıxışı alqışlarla müşayiət olunub.

70