Dollar bahalaşmaqda davam edəcək

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Cəfərli: “Dekabr ayında federal rezerv sistemi Amerikada faizi artıracaq və bu da dolların bahalaşmasına gətirib çıxaracaq”

Dollar bahalaşmaqda davam edəcək
Avronun dünya bazarında zəifləməsi manatın da dollara nisbətən dəyərsizləşməsinə gətirib çıxarıb. Belə ki, iki həftə əvvəl rəsmi məzənnədə 1 dollar almaq üçün 1,0475 manat ödəmək lazım idisə, hazırda 1,0504 manatdan keçmək lazımdır.  Bu qiymət aprel ayından indiyə qədər dolların ən yüksək rəsmi məzənnəsidir. Belə ki, aprelin 20-də 1 dollar 1,0502 manata bərabər idi.

Artıq valyuta mübadiləsi məntəqələrində də əvvəlki illərlə müqayisədə qiymət artımı müşahidə olunur. Satıcılar da son bir neçə gündə dollar alanların sayında artım olduğunu bildirirlər. Valyuta dəyişənlərin hamısı artımın olduğu ilə razılaşır. Ancaq bu artımın cüzi olduğunu deyirlər.

Dolların bahalaşmasının davamlı olub-olmaycağını iqtisadçı ekspert Natiq Cəfərli belə qiymətləndirir:

 “Son dörd-beş gündə dünya birjalarında dolların əsas valyutalara qarşı möhkəmlənməsi prosesi gedir. Bunun da əsas səbəbi Amerikada son makro iqtisadi göstəricilərin gözləntilərdən çox daha yaxşı gəlməsi ilə bağlıdır. Bu da o fikri qabağa çəkdi ki, dekabr ayında federal rezerv sistemi Amerikada faizi artıracaq və bu da dolların bahalaşmasına gətirib çıxaracaq. Məhz bu alqıya görə dünyada dollar bahalaşmağa başladı və bunun təsiri Azərbaycana da oldu. Bu ilin fevral ayında devalvasiyadan sonra Mərkəzi Bank iki valyutalı məzənnə prinsipinə keçdiyini elan etmişdir. Mütləq avro-dollar nisbəti Azərbaycan manatının məzənnəsini müəyyən etmək üçün nəzərə alınmalıdır. İndi də həmin proses gedir. Amma, Azərbaycanda manata olan basqılarda fərq bundadır ki, Azərbaycan manatının məzənnəsi neft qiymətləri ilə birbaşa bağlıdır. Son zamanlar neftin qiymətinin yenidən ucuzlaşma trendinə keçməsi və 47 dollar civarında olması da buna əlavə basqı yaradır. Ona görədə manat üçün müəyyən qədər qeyri-müqabil dövrə qədəm qoymuşuq və məzənnə ilə bağlı müəyyən problemlər gələcəkdə də yaşanacaq”.

Natiq Cəfərlinin fikrincə,manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsini tək ikili valyuta səbətindən istifadə ilə əlaqələndirmək olmaz:

 “Azərbaycanda son aylarda Mərkəzi Bankın rezervlərində yenidən ciddi azalma trendi müşahidə olunur. Mərkəzi Bank məcburən bu addımı atır. Yəni bu tək ikili səbətə keçiddən asılı deyil. Həm Mərkəzi Bankın özünün ehtiyatlarının qorunması prinsipindən, həm də neftin qiymətlərindən asılıdır. Çünki ölkə gəlirləri azaldıqca Mərkəzi Bankın rezervlərinə də təsir göstərir”.

İqtisadçı ekspert Natiq Cəfərli kəskin devalvasiyanın olmayacağını düşünür:

“Çünki Azərbaycan Mərkəzi Bankıda anladı ki, fevral ayındakı kəskin devalvasiyanı Azərbaycan iqtisadiyyatı hələ həzm edə bilməyib. Məzənnənin birdən-birə 35% ucuzlaşması iqtisadiyyat üçün ciddi fəsadlar yaratdı və günün bu günündə bu fəsadlar davam edir. Bank sektorunda baş verən neqativ proseslərin əsas səbəbi məhz kəskin devalvasiya ilə bağlı idi. Ona görə kəskin addımların olacağı ehtimalı çox aşağıdır. Mərkəzi Bank addım-addım hər iki-üç gündən bir az-az manatın məzənnəsini qaldırmaqla yumşaq devalvasiyaya gedəcək və artıq bunun ilkin semptomları artıq görünür”.

Xatırladaq ki, bu ilin avqust ayının 22-də də insanlar arasında dolların qalxacağı ilə bağlı ajiotaj yaranmışdı. Hətta iş o yerə çatmışdı ki, paytaxtda və rayonlarda mübadilə məntəqələrinin çoxu öz fəaliyyətini dayandıraraq dollar satmaqdan imtina etmişdi. 

Xəbər lenti
0