Ситуация на венгерско-сербской границе

Almaniya istəyir ki, qaçqınlar Türkiyədən Avropa tərəfə getməsinlər

34
(Yenilənib 11:37 19.10.2015)
Politoloq İlqar Vəlizadə: “Avropa siyasi məsuliyyət daşımağa hazır deyil”

Avropa İttifaqı və Türkiyə qaçqınların Avropaya axınının dayandırılmasına dair tədbirlər planının razılaşdırmasını davam etdirəcək. Bunu Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildiriblər.

Miqrantların vətəninə qaytarılması üçün  isə Avropanın “Frontex” agentliyinə əlavə səlahiyyətlər verilib. “Biz “Frontex” agentliyinin mandatını gücləndirmək qərarına gəldik. Yaxın aylarda agentlik daha funksional orqana çevriləcək. Bizim məqsədimiz  miqrantların vətəninə qaytarılması üçün “Frontex”ə əlavə səlahiyyətlər verməkdir”, deyə Donald Tusk qeyd edib. Yunkerin sözlərinə görə isə, Ankara ilə danışıqların əsas məqsədi Türkiyə ərazisində olan  qaçqınların bu ölkənin ərazisində qalmasına nail olmaqdır.

Politoloq İlqar Vəlizadənin fikrincə, bununla Avropa ölkələri bütün məsuliyyəti Türkiyənin üzərinə atmaq istəyirlər:

“Avropa İttifaqı Türkiyəyə, qaçqınlar problemi ilə yanaşı, bir bufer zonası kimi baxır və məhz bufer zonası kimi də effktivliyini artırmağa çalışır. Avropa İttifaqının aparıcı ölkələri, xüsusilə də Almaniya maraqlıdırlar ki, qaçqınlar Türkiyədən Avropa tərəfə getməsinlər, orada məskunlaşsınlar və ona görə Türkiyə üçün müxtəlif proqramlar, maliyyə yardımları təklif edirlər. Amma bu Türkiyəni qane etmir, çünki onlar müvəqqəti xarakter daşıyır və bütün hallarda əsas yük həm iqtisadi, həm siyasi baxımdan Türkiyənin öz üzərinə düşür. Türkiyə isə bu yükü Avropa ilə paylaşmağa hazırdır ki, onlar da müəyyən məsuliyyət daşısınlar, təkcə pul və hansısa iqtisadi yardımla kifayətlənməsinlər, həm də siyasi məsuliyyət daşısınlar. Amma Avropa bu siyasi məsuliyyəti daşımağa hazır deyil. Nəinki hazır deyil, hətta çalışır ki, siyasi məsuliyyətin tam hissəsini Türkiyə öz üzərinə götürsün. Bunu Türkiyə istəmir”.

Fransa prezidenti Fransua Olland isə sammitin ilk günün yekunlarını şərh edərkən Aİ sammitinin birliyin sərhədyanı ölkələrində miqrantların “çeşidlənməsi”  mərkəzlərinin yaradılmasını təsdiqlədiyini qeyd edib.

“Biz qaçqınların qəbulu və çeşidlənməsi üzrə mərkəzlərin yaradılmasını təsdiqlədik. Bu mərkəzlər onların qeydiyyata alınmasını, sığınacaq verilməsini və arzuolunmaz şəxslərin geri qaytarılmasını təmin edəcəklər”-, deyə o qeyd edib. Ollandın sözlərinə görə, bu cür mərkəzlərdən altısı artıq İtaliyada, bir neçəsi isə Yunanıstanda yaradılır.

Bəs bütün bu tədbir və planlar qaçqınlara necə təsir edəcək? İlqar Vəlizadənin sözlərinə görə, Türkiyə onların vəziyyətinin yaxşılaşdırılmasında maraqlı olsa da, qaçqınların öz evlərinə qayıtması üçün də plan hazırlayır:

“Türkiyə maraqlıdır ki, Türkiyə-Suriya sərhədində kifayət qədər işlək infrastruktur yaradılsın və bu infrastruktur nəinki qaçqınları qəbul etmək işləri ilə məşğul olsun, eyni zamanda bu, qaçqınların gündəlik həyatını tənzimləməyə imkan versin. Yəni onlar sırf qaçqın kimi yox, imkan daxilində dolğun həyat yaşasınlar. Orada işləsinlər, uşaqları məktəbə getsin, səhiyyə infrastrukturu yaradılsın. Yəni belə bir zona yaradılsın ki, burada suriyalılar özlərini sərbəst hiss etsinlər, eyni zamanda da gündəlik işlərlə məşğul olsunlar. Türkiyə maraqlıdır ki, bu infrastruktur müvəqqəti xarakter daşısın. Parallel bu plan da hazırlanır ki, bu insanlar burada müvəqqətidirlər, onlar öz evlərinə qayıtmalıdırlar”.

Qeyd edək ki, Avropa Birliyi ölkələri Suriya qaçqınlarının Türkiyə ərazisində qalması üçün Ankaraya 3 mlrd. Avro ayırmaq imkanını nəzərdən keçirirlər. Bunu Almaniya kansleri Angela Merkel qaçqınların məsələsi ilə bağlı Ankara ilə əməkdaşlığa dair Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. O, bundan əvvəl Türkiyənin qaçqınlar probleminə 7 mlrd. Avro xərclədiyini bildirib. Ölkəyə bu məsələdə xarici yardım isə 1 mlrd. Avro təşkil edib.

34