Çingiz Qənizadə

Seçkilər ərəfəsində vəziyyət necədi?

16
(Yenilənib 12:19 17.09.2015)
Deputat Çingiz Qənizadə: “2005, 2010-cu illərdə daha böyük aktivlik var idi”

Sentyabrın 15-də hakim Yeni Azərbaycan Partiyası da noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında partiyanın 8 dairədən namizəd irəli sürməməsinə aydınlıq gətirib: “Həmin dairələrdən birində-Xankəndidə YAP-ın təşkilatı yoxdur. Digər 7 dairədə isə oradan namizədliklərini irəli sürmüş tanınmış şəxslərə, ziyalılara hörmət əlaməti olaraq alternativ namizəd vermək istəmədik”.  

S. Novruzov bildirib  ki, parlamentdə hazırda YAP-ın 71 mandat yeri var: “Bunlardan 5 yer boşalmışdı. Bir nəfər vəfat etmiş, bir nəfər mandatından imtina etmiş, digərləri vəzifəyə təyin olunmuşdu. Boş yerlərə və daha 13 yerə — ümumilikdə 18 yerə partiya yeni namizəd irəli sürüb. YAP-ın hazırkı 53 deputatının namizədliyi isə təkrar irəli sürülüb”.S. Novruzov deyib ki, YAP-dan irəli sürülən namizədlərin böyük əksəriyyətini  gənclər və qadınlar təşkil edir.

Artıq bir sira partiyalar və müstəqil şəxslər də namizədliklərini verməkdədir. Millət vəkili Çingiz Qənizadə deyir ki, seçkilər öncəsi hər şey qanun çərçıvəsində getsə də, nədənsə bir qədər sönüklük müşayət olunur:

“Sadəcə mən bir az aktivlik hiss etmirəm, məsəl üçün 2005, 2010-cu illərdə daha böyük aktivlik var idi. İndi isə bu hiss olunmur. Seçkilərə 50 gündən az bir vaxt qalsa da, nəsə o qədər də aktivlik yoxdur. Bütün dairələrdə artıq müraciət eləyənlərə münasibət normaldır və dərhal sənədlər qəbul olunur, qeydiyyat aparılır, imza vərəqələri verilir. Axıra qədər də belə gedəcək və noyabrın 1-də azad, ədalətli seçkilər keçirələcək”.

Namizədliyinin irəli sürülməsinə gəldikdəysə, Çingiz Qənizadə deyir ki, bu dəfə də 80 saylı İmişli-Beyləqan seçki dairəsinə müraciət edəcək:

“Bilirsiz ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Milli Məclisdə təmsil olunurdum və bu ildə namizədliyimi oradan verməyi düşünürəm. Yaqin ki, yaxın günlərdə artıq ərizə ilə müraciət eləyəcəm”.

Hakim partiyanın siyahısında yer alan vəzifəli şəxslələ bağlı da YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.

Qeyd edək ki, YAP-ın açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, bu vaxta kimi 259 şəxsin namizədliyi qeydə alınıb. Bu ilin noyabrın 1-də sayca 5-ci dəfə Milli Məclisə seçkilər keçiriləcəkdir. 

16