Protesters against a hike in electricity prices scuffle with policemen in Yerevan, Armenia, July 6, 2015.

Ermənistanda anti-Rusiya hərəkatı alovlanır

79
Ermənistanın hazırkı mənzərəsi: korrupsiya, iqtisadi-sosial həyatın iflasa uğraması, klançılıq

Yerevanda yenidən etiraz aksiyaları alovlanıb. Sentyabrın 1-i Yerevanın mərkəzindəki Bağramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.

Etirazçılar prezident sarayı qarşısında toplaşaraq prezident Serj Sarkisyan ilə görüş tələb ediblər. Lakin onlar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib. Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb, daha bir neçəsi saxlanılıb. Hazırda meydanda gərginlik qalmaqdadır.  Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.

Xatırladaq ki, aksiyalar silsiləsi ölkənin elektrik bazarının inhisarçısı, Rusiyanın “İnter RAO” şirkətinə məxsus olan “Elektriçeskie seti Armenii” elektrik enerjisi tariflərinin 17 faiz bahalaşmasını elan etdikdən sonra alovlanıb. Sosial tələblərlə başlanmış aksiya tezliklə siyasi səciyyə daşımağa başlayıb.

Politoloq Mübariz Əhmədoğlu hesab edir ki, bu aksiyalar əslində anti-rusiya mahiyyətini daşıyır:

“Ermənistanda azadlıq uğrunda mübarizə deyiləndə Rusiyadan azad olma başa düşülür. Ermənistan həmişə anti-Rusiya olub. Çünkü ermənilərin heç vaxt öz siyasəti olmayıb. Onlar həmişə böyük dövlət kimdirsə ona əyiliblər. İndi onlar dünyanın ən böyük dövləti Amerikanı hesab edirlər, ona görə o tərəfə əyilirlər. Amma Ermənistanın anti-Rusiyaçılığı 2008-ci ildə Serj Sarkisyan prezident seçiləndən sonra aşkar şəkildə üzə çıxdı. Serj Sarkisyanın ümumiyyətlə ləqəbi vardı – ikinci Ənvər Sədat. Sadəcə Rusiyada siyasi-hərbi mühitdə olan bəzi şəxslər ermənilərin xəyanətinə inanmır. Ermənistanda azadlıq uğrunda mübarizə deyiləndə Rusiyadan azad olma başa düşülür”.

Məlumdur ki, Ermənistan iqtisadiyyatı çoxdan Rusiyadakı vəziyyətdən asılıdır. Təsadüfi deyil ki, neftin qiymətinin dəyişilməsi və Rusiyaya Qərb tərəfindən iqtisadi sanksiyaların tətbiq edilməsi nəticəsində Rusiyadakı iqtisadi vəziyyət pisləşdi və bu da ən çox Ermənistana təsir etdi. Belə ki, Rusiyada vəziyyətin yaxşılaşmasına kimi Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanda resessiyanı 15 faiz proqnozlaşdırdı.

Dünya Bankının məlumatına görə, Ermənistan iqtisadiyyatının 21 faizi RF-dən pul köçürmələrindən asılıdır. Ermənistan faktiki olaraq beynəlxalq donorların hesabına yaşayır. RF Mərkəzi Bankının məlumatına əsasən, ölkənin Ermənistana yalnız 2007-2014-cü illərdə qoyduğu sərmayə təqribən 1,3 milyard dollar təşkil edib.

Politoloq Elxan Şahinoğlu isə “Sputnik”ə bildirib ki, Ermənistanda “rəngli inqilab”ın baş verecəyi təqdirdə Cənubi Qafqazda ikinci Ukrayna ssenarisi reallaşa bilər. Onun sözlərinə görə, Ermənistanda sosial vəziyyətin ağırlaşmasına iki faktor təsir göstərib:

“Korrupsiya, iqtisadi-sosial həyatın iflasa uğraması, klançılıq – bütün bunlar Ermənistanda var. Ermənistanın resursları yoxdur ki, vəziyyəti düzəltsin. Ermənistan Avropadan və digər dövlətlərdən maliyyə yardımı istəyir. Bu maliyyə yardımını ala bilmədiyinə görə, problemləri də həll edə bilmir. Ermənistanda sosial vəziyyətin ağırlaşmasına iki faktor təsir edir: Birinci, Rusiya ora maliyyə ayırmır. Rusiyanı Ermənistanın dilənçi günündə olması heç maraqlandırmır. İkinci amil erməni lobbisi ilə bağlıdır ki, o keçmiş illərdə olduğu kimi Ermənistana pul göndərmir. Bu iki amil ciddi surətdə Ermənistandakı hadisələrə təsir edir, ona görə Ukraynadakı hadisələrin Ermənistanda təkrarlanması ehtimalı yüksəkdir”.

Bu kütləvi aksiyalar Serj Sarkisyan rejiminə, sosial problemlərin, korrupsiya və rüşvətxorluğun artmasına, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı erməni xalqının üsyanıdır. Əlavə edək ki, aksiyaların hakimiyyət tərəfindən sərt və xüsusi amansızlıqla dağıdılması bu ölkədə anti-demokratik durumun əyani göstəricisidir.

79