Elmar Məmmədyarov və Sergey Lavrov

Lavrovun səfərindən gözləntilər

72
(Yenilənib 13:07 03.09.2015)
Politoloq İlqar Vəlizadə hesab edir ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün geniş imkanlar var

“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”. Bu fikri Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.   

Vladimir Putinin Rusiya Günündə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməsini yüksək qiymətləndirən prezident deyib ki, “ikitərəfli xarakterli bir çox məsələləri operativ və səmərəli şəkildə həll edirik, xüsusən də, hazırkı zamanda, dünyada və bizim regionda hər şeyin belə dəyişdiyi bir dövrdə mütəmadi məsləhətləşmələr aparırıq”.

“Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir”,- deyən Sergey Lavrov əlavə edib ki, hər iki ölkə beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər.

Sergey Lavrovun səfəri ölkələr arasında münasibətlkərin inkişafına nə kimi töhfələr verəcək? Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansı yeni addımlar atıla bilər? Politoloq İlqar Vəlizadənin şərhi:

“Əlbəttə ki, Qarabağ mövzusu müzakirə olunan mövzulardan biriydi. Ənənəvi olaraq bu belədi, amma, əsas prioriteti təşkil etmirdi. Çünki indi hal-hazırda vəziyyət doğurdan da çox mürəkkəbdir. Azərbaycan tərəfindən gözləntilər var ki, Rusiya Ermənistana müəyyən təzyiqlər etsin və Ermənistan tutduğu mövqedən geri çəkilsin. Amma bu təzyiqlər baş vermir. Ortalıqda müəyyən təkliflər var. Bu təkliflər isə çox çiy və prosedur xarekteri daşıyan təkliflərdir. Və heç bir real vəziyyətin dəyişməsinə gətirib çıxaran təkliflər deyil. Biz artıq qeyri müəyyənlikdən konkretliyə keçmək istəyirik. O konkretlik isə hələ ki, görsənmir”.

Prezidentlə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını vurğulayan Lavrov bu münaqişənin həllində müəyyən irəliləyişlərin əldə olunacağına ümidvar olduğunu bildirib.

Sergey Lavrov Rusiyaya göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edib. Avropa Birliyinin hazırki sanksiyaları və neftin qiymətinin düşməsiylə yaranan problemlər şəraitində Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığı necə qiymətləndirmək olar?

Politoloq İlqar Vəlizadə hesab edir ki, iki ölkə arasında iqtisadi münasibətləri inkişaf etdirmək üçün geniş imkanlar var: “Düzdür Rusiya ilə bağlı sanksiyalar mövcuddur. Amma Azərbaycan məhsulları xüsusilə də kənd təsərrüfatı məhsulları Rusiya bazarında xaricdən gətirilən digər malların yerini alıb. Bu mallar əlbəttə ki, Rusiya bazarında müəyyən boşluqları doldurmağa başlayıb. Bu da ola bilər ki, ikitərəfli ticari əlaqələrə müsbət təsir göstərib. Bununla yanaşı potensial hələ də çoxdur və tam formada reallaşmayıb. Həmçinin Lavrov qeyd eledi ki, bu səfərdən sonra Rusiyanın Sənaye və Ticarət nazirinin səfəri də gözlənilir ki, bu məsələlərə o səfər ərzində xüsusi olaraq diqqət yetiriləcək”.

Rusiya ilə münasibətlərin davam etdirilməsində maraqlı olduğunu vurğulayan İlham Əliyev deyib: “Bu səfərlər ölkələrimiz  arasında xeyli əvvəl formalaşmış və həyatımızın, demək olar ki, bütün – siyasi, iqtisadi, enerji, humanitar sahələrini əhatə edən strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir. Və biz ikitərəfli münasibətlərin səmərəli  və uğurlu inkişafının davam etdirilməsində maraqlıyıq.”

72