Нефтяная платформа в Каспийском море

Türkiyə-Azərbaycan-Türkmənistan: uğurlu format

24
(Yenilənib 15:16 01.09.2015)
Enerji resurslarının Avropa bazarına çatdırılmasında bu üç dövlət ciddi əməkdaşlığa başlaya bilər

“Türkiyə-Azərbaycan-Türkmənistan uğurlu formatdır. Bu 3 türkdilli dövlətin həll edə bilməyəcəyi problem yoxdur. Viza məsələsi də həll olunmalıdır, Xəzərin statusunda Azərbaycanla Türkmənistan ortaq məxrəcə gəlməlidirlər və nəhayət "Kəpəz" yatağını birgə işlətmək üçün qolları çırmalamaq lazımdır”-, politiloq Elxan Şahinoğlu özünün facebook hesabında belə yazıb. 

Azərbaycan, Türkiyə və Türkmənistan Xarici işlər nazirləri avqustun 28-də Antalyada baş tutan birgə görüşlərində yekun bəyanat qəbul olunub. Bəyatanda regionda sülh və sabitliyin təmin olunması ilə bağlı üzərlərinə yeni məsuliyyətlərin düşdüyünü qəbul edərək, mövcud əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin artırılmasının davam etdiriləcəyi bildirilir. Politoloq Elxan Şahinoğlu hər üç ölkənini beynəlxalq və regional maraqlarında ortaq nöqtələrin olduğunu deyir:

“Ortaq regional maraqlar çoxdur. Birinci, üç türkdilli dövlət bir-birinə yaxınlaşma siyasəti aparırlar. Bir-biriləri ilə ticarət mübadiləsinin artmasına ehtiyyac var və ən əsası da, enerji resurslarının Avropa bazarına çatdırılmasında bu üç dövlət ciddi əməkdaşlığa başlaya bilərlər. İndi Azərbaycan TAP və TANAP layihələrinin reallaşmasına çalışır. Türkiyə ilə Azərbaycan arasında qaz əməkdaşlığı daha da sıxlaşacaq, amma gələcəkdə mümkündür ki, Türkmənistan da bu layihəyə qoşulsun, Xəzərin dibi ilə öz qazını Azərbaycan və Türkiyə üzərindən Avropaya daşısın. Bu baxımdan maraqlar üst-üstə düşür. Digər tərəfdən, Xəzərin statusu məsələsində Azərbaycan-Türkmənistan aralarındakı bəzi məsələləri həll edə bilərlər. Ən əsası da, Kəpəz yatağı var ki, ona həm Azərbaycan, həm Tükmənistan iddia edir. Bu yatağın birgə işlənməsində Türkmənistan və Azərbaycan razılığa gələ bilərlər”. 

Xarici İşlər Nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüşdə Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentləri arasında bu ilin oktyabr ayında Aşqabadda keçiriləcək Zirvə Toplantısına hazırlıq işləri müzakirə olunub. Nəzərə alaq ki, bu ilin sentyabrında Astanada Türkdilli dövlət başçılarının zirvə toplantısının keçirilməsi də gözlənilir. Bir müddət öncə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ilə çıxış edib. Son vaxtlar türksoylu ölkələrin tək siyasi yox, həm də isqisadi və mədəniyyət müstəvisində yaxınlaşması hansı perspektivlər vəd edir? Politoloq Elxan Şahinoğlu belə deyir:

“Azərbaycan-Türkiyə-Türkmənistan formatı çox uğurlu bir formatdır və bu formatın genişlənməsinə ehtiyyac var. Türkdilli dövlət başçıları zirvə toplantıları keçirir, müəyyən qərarlar qəbul olunur. Bu qərarları sadəcə yerinə yetirmək lazımdır. Bunlardan ən önəmlisi bu günlərdə qeydə alındı. Astanada belə bir qərar verildi ki, Qazaxstan, Azərbaycan, Türkiyə və Qırğızıstan ortaq teleməkan yaratsınlar. Bu da artıq real addımdır və bütün bu addımlar göstərir ki, türkdilli dövlətlər arasında mədəni və humanitar əlaqələrin inkifa üçün yaxşı və münbit bir zəmin var”. 

Onu da qeyd edək ki, Xarici İşlər Nazirlərinin görüşündədə Azərbaycan, Görüşdə İstanbul Boğazının altından keçən Marmaray layihəsinin, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin, Xəzər dənizində Azərbaycanın Ələt və Türkmənistanın Türkmənbaşı limanlarının region iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyi qeyd edilib, “Əfqanıstan — Türkmənistan —Azərbaycan Respublikası – Gürcüstan — Türkiyə Respublikası”" nəqliyyat dəhlizinin yaradılması məsələsi nəzərdən keçirilib.

24