Greek fruit and vegetables market

Qiymət artımının öhdəsindən necə gəlməli?

53
(Yenilənib 16:41 31.08.2015)
Ekspert çıxış yolunu bazarın bolluğu və istehlakçıların seçim hüququnun artırılmasında görür

Mərkəzi Bankın 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin 33,5% ucuzlaşması və dolların bahalaşması fonunda əhali xüsusilə ərzaq məhsullarının bahalaşacağından narahat idi. İndi isə bu narahatlıq özünü doğrultmağa başlayıb.

Azərbaycanın istehlak bazarındakı qiymətlərin hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Məsələn, kənd təsərrüfatı məhsulları bazarında keçən ilin müvafiq dövrü ilə müqaisədə qiymətlərdə 18-20% artım var. Arzuolunmaz oxşar artım özünü tikinti materialları və hətta məktəb ləvazimatlarında da göstərir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qiymət artımına yerli tikinti materialları da məruz qalıb:

“Tikinti materialları bazarında da problem, artma var. Hətta yerli tikinti materillarının, hansı ki, burada istehsal olunur 25-30% qiyməti qalxıb. Bazarın bu siqmentinin xeyli passivləşməsi və tələbatın azalmasına baxmayaraq, bütün hallarda yenə də qiymət artımı mövcuddur. Xaricdən gətirilən tikinti materiallarında isə keçən il ilə müqaisədə 20%-dək qiymət yüksəlməsi var”.

Eyyub Hüseynov eləcə də əhalinin məktəbli formalarının qiymətindən narahatlığını şərh edib:

“Düşünürük ki, məktəbli formalarının qiyməti çox yuxarıdır. Burda da Bakı Tikiş Fabriki və daha bir fabrik özünün hökmüran mövqeyini bazarda bərqərar edib. Dövlət orqanları məktəbli formalarının standartını elan etməlidir və istənilən biznesmen, istənilən adam onu tikib gətirib satmalıdır. Düşünürük ki, belə bir siyasət gedərsə 50% məktəbli formalarının qiyməti aşağı düşər”.

Ekspert hesab edir ki, qiymət artımın öhdəsindən cərimələr deyil, bazarın bolluğu və istehlakçıların seçim hüququnun artırılması gələ bilər:

“Dövlət orqanları istəyirlərsə ki, bazarda qiymət aşağı düşsün, yalnız bolluqla, istehlakçının seçim hüququnun artırılması ilə bu işlər həll oluna bilər. Dövlət məmurunun gedib barmaq sirkələməsi, cərimə qoyması ilə müəyyənləşən cərimələr də son nəticədə yenə də biz istehlakçıdan alınır. Daha yaxşı yanaşma gömrük rüsumlarının aşağı salınması ola bilər. İzafi xərclərin, verilən rüşvətlərin yığışdırılması ola bilər”. 

53
Teqlər:
qiymət artımı, Eyyub Hüseynov