Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

78
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

78
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Bakıda zibil qutuları, arxiv şəkli

Bakının sərt məişət tullantıları: problemin həlli

18
(Yenilənib 16:22 04.03.2021)
"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığından danışacaq.

Planetimizin sakinləri hər gün min ton lazımsız materialdan qurtulur. Bu, hamının başa düşdüyü mənada tullantı deməkdir. Ancaq tullantıların içində qiymətli materiallar da var: sonradan istifadə oluna biləcək şüşə qablar, kağız, platik materiallar və s. Mütəxəssislər bu fikirdədirlər ki, həmin materiallardan təkrar istifadə planetin ekologiyası ilə bağlı yükü əhəmiyyətli dərəcədə azalda bilər.

Bakıda da uzun illərdir ki, bu problem aktualdır. Orta hesabla hər bir Bakı sakini ildə 350 kq məişət tullantısı istehsal edir. Bu rəqəmi sayı 2,2 milyondan (rəsmi məlumatlara əsasən) çox Bakı əhalisinin sayına vursaq, hər il paytaxtda nə qədər böyük həcmdə tullantı istehsal olunduğunu təsəvvür etmək mümkündür. Sakinlər qarşısıalınmaz zibilxanaların yaranması ilə bağlı problemlərdən şikayətlənirlər. Bu problemi həll etmək üçün 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Təmiz şəhər" ASC yaradıldı. Bu addım qısa müddətdə sərt məişət tullantılarının idarə olunması üzrə düzgün sistemin yaradılması sayəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm uğur qazanmağa imkan verdi. Ancaq qarşıda həll olunmalı problemlər də var.

"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov martın 9-da, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında 2018-2022-ci illər üzrə Sərt Tullantıların İdarə Edilməsi üzrə Milli Strategiyanın necə həyata keçirilməsi və "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığı barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

18
Kompüter arxasında iş, arxiv şəkli

Xəbər başlığı qədər sadə olsa, bir o qədər yaxşıdır - SputnikPro layihəsi

9
(Yenilənib 19:42 26.02.2021)
SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən onlayn-sessiyada spiker həmkarlarına məqalələrə cəlbedici başlığın necə qoyulması barədə danışıb.

BAKI, 26 fevral — Sputnik. Xəbər başlığı həm cəlbedici, həm də sadə və anlaşılan olmalıdır. Nə qədər sadə olsa, bir o qədər yaxşıdır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən növbəti vebinarda bu barədə danışılıb.

Fevralın 26-da, cümə günü baş tutan onlayn sessiya "Başlıq – düşmən deyil, dostdur: tez və effektli cəlbedici başlıq necə qoyulmalı?" mövzusuna həsr olunub. Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyevdir.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçis Oleq Dmitriyev

O, "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbəri vəzifəsini icra edib.

Vebinarda Oleq Dmitriyev media mətnlərinə başlıqların qoyulması ilə bağlı müxtəlif yanaşmaları nəzərdən keçirib, onların mənfi və müsbət cəhətlərini göstərib. Məsələn, müxtəlif MDB ölkələrinin KİV-lərindən götürülmüş məqalə nümunələri əsasında jurnalistlərin öz yazılarına qoyduqları uğurlu başlıqlar barədə danışıb, eləcə də, bu sahədəki problemlərə toxunub.

"Başlıq fikirləşəndə assosiasiyalardan, sitatlardan, hətta memlərdən istifadə etmək olar", – deyən O.Dmitriyev onu da qeyd edib ki, bütün bunlar oxucu tərəfindən asanlıqla qavranılmalıdır.

Başlıqlar tamamilə müxtəlif ola bilər – məqalənin əsas ideyası ilə üst-üstə düşə, bir növ təlimat xarakteri daşıya, yaxud simvolik ifadələrin "top line"la birləşməsindən ibarət ola bilər. Əsas odur ki, oxucunu cəlb etsin və onda materialı oxumaq həvəsi yaratsın", – deyə spiker vurğulayıb.

Məqalələrin ikinci başlığına da toxunan Dmitriyev bildirib ki, yazının bu hissəsində yalnız material buna imkan verdiyi təqdirdə intriqa yaratmaq olar.

"Məqalənin girişini gəlincə, onun əsas məqsədi oxucunu mətni sona qədər oxumağa məcbur etməkdir. Ancaq bu hissənin uzunluğu üç-dörd cümlədən çox olmamalıdr", – deyə spiker vurğulayıb.

SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

9

Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxış edib

0
(Yenilənib 20:15 04.03.2021)
İlham Əliyev: "Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər".

BAKI, 4 mart — Sputnik. Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamlayıb və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq deyib:

- Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Təşkilata sədrliyin Türkiyəyə keçdiyini deyən Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu dedi. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiyaya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək deyib:

- Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu vurğuladı. Baş katib investisiyaların stimullaşdırılması zərurətindən danışdı, pandemiya ilə mübarizədə kollektiv səylərin əhəmiyyətini vurğuladı. Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək deyib:

- Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək deyib:

- Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, mənim qardaşım İlham Əliyevə söz vermədən öncə deyim ki, həqiqətən də 30 illik işğal baş vermişdir və orada olan milyonlarla azərbaycanlı qardaşımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar. İndi isə sözü, mənim əziz qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə verirəm. Söz sizindir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də toplantıda videoformatda çıxış edib.

- Əziz qardaşım, əziz Prezident,

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana olan davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur.

Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar.

Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır.

Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan,

Hörmətli dövlət və hökumət başçıları,

Hörmətli cənab baş katib,

İlk öncə mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.

Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu bütün İslam dünyasına qarşı olan düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir.

Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq.

Azərbaycan islam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini-sülh, tolerantlıq və ədaləti-təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın-Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik.

Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.

0