Mikrofon

"Radioda ola biləcək ən canlı şey" SputnikPro-nun növbəti vebinarı keçirildi

32
(Yenilənib 09:42 18.07.2020)
Onlayn-sessiyanın spikeri canlı efirdə necə müsahibəyə hazırlaşmağın, həmsöhbəti danışdırmağın və mikrofondan qorxmamağın yollarını izah edib

BAKI, 17 iyul — Sputnik. Canlı yayım səhvlər üçün bir müstəvidir. Amma eyni zamanda canlı efir radioda ola biləcək ən canlı şeydir. Səhv etmək gözəldir, bəzən bu, söhbəti bəzəməyə, ünsiyyəti rəsmiyyətdən sərbəst tona dəyişməyə qadirdir. Ancaq yadda saxlamaq lazımdır ki, jurnalistin bəzi səhvləri etməyə, sadəcə, haqqı yoxdur. Bunlardan biri müsahibəni boş söhbətə çevirməkdir.

SputnikPro maarifləndirmə layihəsi çərçivəsində iyulun 17-də keçirilən növbəti vebinar belə bir girişlə başlayıb.

"Səhv etmək hüququ olmadan. Canlı efirdə müsahibəni necə götürmək olar" mövzusunda keçirilən onlayn-sessiyanın spikeri qismində "Rossiya seqodnya" BİA-nın biznesin inkişafı direksiyasının kompleks və xüsusi layihələr idarəsinin baş redaktoru, Sputnik radiosunun "KompAs" şousunun aparıcısı Tatyana Qolovanova çıxış edib.

Tatyana Rusiyanın Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalist" ixtisası üzrə bitirib. 2013-cü ildən "Rossiya seqodnya" BİA-da işləyir. Sputnik radiosunun rusdilli redaksiyasında iqtisadi şərhçi kimi fəaliyyətə başlayıb, prezident və hökumətin jurnalist pulunun tərkibinə daxil olub. Daha sonra media qrupunun xüsusi və tərəfdaşlıq layihələri ilə məşğul olmağa başlayıb.

Sputnik radiosunun xüsusi reportajlarının, "Romanovların son səyahəti" və "Adalar" podkastlarının müəllifidir. Aparıcı və moderator kimi Rusiya və beynəlxalq forumlarda iştirak edib. Rusiya Jurnalistlər İttifaqının Ümumrusiya müsabiqəsinin laureatı, "Rusiyanın iqtisadi dirçəlişi" və "Rusiyada sahibkarlıq: Tarix, problemlər, uğurlar" jurnalist müsabiqələrinin qalibi olub.

Vebinar zamanı Tatyana Qolovanova canlı müsahibələrin müsbət və mənfi tərəfləri, müsahibəyə hazırlıq qaydaları, həmsöhbətə verilən sual tipləri, diskussiya aparma metodları, jurnalistlərin qaçmalı olduğu əsas səhvlər və bir çox digər məsələlər barədə danışıb, bəzi fəndləri (lifehack) bölüşüb.

Spiker həmçinin söhbətin yalnız predmet üzrə aparılması faktını birbaşa efirin üstünlüklərinə aid edib. O bildirib ki, canlı efir canlı dialoqdur, "bu həyəcandır, bunda emosiyalar var və bunlar dinləyicini cəlb edirlər". Bundan başqa, bu cür müsahibə zamanı jurnalist eksklüziv məlumat ala bilər.

Canlı efirin mənfi cəhətlərinə isə bu situasiyada texniki nasazlıqlar aid edilə bilər. Tatyana deyib ki, bu vəziyyətdə spiker həmsöhbətinə həqiqəti deyə və ona sadəcə yenidən zəng edə bilər.

"Spiker həmsöhbətlə təkrar əlaqə qurulana qədər efiri boş qoymamaq üçün əlinin altındakı mövzuya dair maraqlı informasiyaları bölüşə bilər. Bu işdə ona zəkası da kömək etməlidir", - spiker deyib.

"Mövzunun öyrənilməsi və vurğuların seçilməsi hər hansı bir yaradıcılıq fəaliyyətində əsasdır, əks halda söhbətin maraqlı alınması çətin olacaq. Mövzunu necə tapmaq olar? Sosial şəbəkələrdə: ictimai şəbəkələrdə, teleqram kanallarında, Twitterdə. Əsas odur ki, mövzuları yoxlamağı bilmək lazımdır: ən azı iki mənbə məlumatı təsdiqləsə, onda götürə bilərsiniz. Xəbərləri oxumaq və onları təhlil etmək lazımdır. Məlumatı həmçinin relizlərdən, arxivlərdən, fərmanlardan, hesabatlardan və digər mənbələrdən əldə etmək olar", - deyə Tatyana Qolovanova bildirib.

Spiker həmçinin canlı efirdə işləmək üçün bir neçə tövsiyəni bölüşüb:

- Qonağa sualların hazırlanması - yalnız vacib olanı soruşun, amma bəzən müsahibəni gözəlləşdirsə, mövzudan uzaqlaşmaq olar;

- Vəzifənin və ad-soyadın dəqiqləşdirilməsi – bəlkə də spiker artıq vəzifəsini və s. dəyişib;

- Birbaşa efirdən əvvəl isinmə hərəkətləri – qonağın efir qorxusunu aradan qaldırmaq üçün ondan bir şey haqqında danışmasını xahiş etməliyik;

- Həmsöhbətə qulaq asın, sözünü kəsməməyə çalışın (ya bunu gözəl formada edin, ya da tez-tez kəsməyin);

- Efirin sahibi olun – efir üzərində nəzarəti itirməyin və heç bir halda təşəbbüsü spikerlərə verməyin;

- Danışmaqlarına imkan verin, lakin mövzudan qaçmağa qoymayın;

- Yaxşısı budur, müsahibə 12-15 dəqiqədən çox çəkməsin. Əgər tanınmış spikerdirsə, onda 25 dəqiqə də olar, lakin əsas işi korlamamaqdır.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

32

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

69
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

69

Səhər yeməyinin şahı: Pendirin mayalanma resepti

105
(Yenilənib 11:29 25.12.2020)
Azərbaycanda səhər yeməyini pendirsiz təsəvvür etmək mümkün deyil. Adətən biz onu mağazalardan alırıq. Sputnik Azərbaycan isə sizə pendiri mayalamağın üsulunu təqdim edir. Daha ətraflı – videomuzda.

Azərbaycanda ağartı məhsulları çox sevilir, xüsusilə pendir. Demək olar hər ailədə pendir masadan əskik olmur. Azərbaycanlılar ümumiyyətlə evdə hazırlanmış pendirə həmişə daha çox üstünlük veriblər. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri Beyləqan rayon sakini Şəlalə Əzimovadan pendirin ev şəraitində hazırlanma qaydasını təqdim etməyi xahiş edib. Pendirin hazırlanması üçün bizə süd, hər bir mağazada satılan pendir mayası və duz lazım olacaq.

İlk öncə süd sağılır, süzülür və isti-isti maya əlavə olunur. 10 dəqiqə gözlədikdən sonra mayalanmış süd şor torbasına tökülür və yaxşıca süzülür. Üzərinə mütləq ağır əşya qoyulmalıdır ki, pendir daha yaxşı süzülsün. İki saata yaxın gözlədikdən sonra pendir kəsilir və duzlanır. Duzlayandan sonra pendir duzda bərkiyənə kimi sərin yerdə saxlanılır.

Qeyd edək ki, südü qaynatdıqdan sonra da mayalamaq olar. Belə olan halda südün soyuması gözlənilir, ilıq halda mayalanır. Bu cür pendir bişmiş pendir adlanır.

105

Cavad Zərif Azərbaycana gəlib

0
(Yenilənib 23:00 24.01.2021)
İranlı diplomatın Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

BAKI, 24 yanvar - Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib. 

Zərif səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb:

“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”. 

İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.

Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə də toxunulacaq.

İranlı diplomat əlavə edib ki, Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

0
Teqlər:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Məhəmməd Cavad Zərif, Qarabağ, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran