Milli Məclisin iclası, arxiv şəkli

Azərbaycan Türkiyə xüsusi təyinatlılarının təliminə dair sənəd parlamentə göndərilib

16
(Yenilənib 18:06 15.09.2021)
Deputatların sözlərinə görə, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci il payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, onlayn formatda keçirilən iclasda komitə sədri Səməd Seyidov gündəlikdəki məsələlərdən danışıb.

İclasda əvvəlcə, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim edilib. Bildirilib ki, bu müddətdə komitənin 14 iclası keçirilib, 19 məsələ, o cümlədən bir sıra qanun layihələri, Azərbaycanla bəzi ölkələr arasında bağlanmış sazişlər, protokollar, müqavilələr müzakirə olunub, habelə dünyada və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Komitənin tövsiyə etdiyi 12 məsələ Milli Məclisdə qəbul edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra dövlətlərin, beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşüblər. Qeyd edilib ki, ötən müddətdə komitədə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Məlumat verilib ki, ötən müddətdə komitə üzvləri, həmçinin kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallıq göstərərək, beynəlxalq münasibətlərə dair öz fikirlərini bildiriblər, xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycanın haqlı mövqeyinin geniş ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdiriblər.

Qeyd edilib ki, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəyə ümumilikdə 4742 ərizə və şikayət daxil olub, 3127 müraciətlə bağlı müvafiq tədbirlər görülüb, aidiyyəti təşkilat və idarələrə məktublar göndərilib. Komitə üzvləri tərəfindən vətəndaşların onlayn və fərdi qaydada qəbulu keçirilib.

Sonra komitənin 2021-ci ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, qarşıdakı dövrdə bir sıra qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid sənədlərə rəy verilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin irəli sürülməsi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları və oradakı soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Növbəti sessiyanın iş planına, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin, habelə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi və digər məsələlər daxil edilib.

Daha sonra komitədə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Komitə sədri bildirib ki, Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə möhkəm münasibətlər qurulub. Bu gün Azərbaycan və Türk əsgərləri birgə təlimlər keçirlər və bu, orduların bir-birinə yaxınlaşması deməkdir. Qeyd edilib ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin qorunması üçün atılan mühüm addımdır.

Tədbirdə çıxış edən komitə üzvləri Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Ramin Məmmədov, Ramil Həsən Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu barədə öz fikirlərini açıqlayıblar, təlimlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

Müzakirələrin sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə sədrinin müavini Sevinc Fətəliyeva, deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Asim Mollazadə, Rasim Musabəyov və Sabir Rüstəmxanlı iştirak ediblər.

16
İran bayrağı, arxiv şəkli

İranın xarici işlər nazirinin müavini Bakıya gəlir Üçgünlük səfər

149
Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcək

BAKI, 21 sentyabr — Sputnik. Xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri doktor Məhəmməd Kazım Səccadpur araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya səfər edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyi yayıb.

"Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, XİN rəhbərinin müavininin səfəri üç gün çəkəcək.

149
Teqlər:
İran, Azərbaycan, XİN, rəhbər, müavin, Bakı, səfər

Paşinyanın pozitiv açıqlamaları regionda vəziyyəti dəyişə bilərmi? Politoloq şərh edir

302
(Yenilənib 14:44 21.09.2021)
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin o ona mane olacaq qüvvələrdən çəkinir
Elxan Şahinoğlu: “Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır”

“Paşinyan son vaxtlar pozitiv açıqlamalar verir, ancaq real addımlar yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, normal münasibətlər istəməklə bağlı açıqlamalar vermək azdır: “Dəhlizin açılması ilə bağlı addım atılmalıdır. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır. Bəlkə də Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin ona mane olacaq qüvvələrdən çəkinir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı ölkəsinin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Elxan Şahinoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

302
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

0
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0