İlham Əliyev: "Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını qurtara bilməz"

12931
(Yenilənib 14:37 14.09.2021)
Prezidentin yeni icra başçılarının videoformatda qəbulu zamanı dediyi sözlərə görə, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır.

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Siz Cəlilabad və Şəmkir rayonlarının icra başçıları vəzifələrinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız.

Son illər Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb. Dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra edilib, ya da ki, bu layihələrin icrası başa çatmaq üzrədir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.

Mənim iştirakımla Cəlilabad və Şəmkir şəhərlərinin içməli su layihələri mərasimləri həyata keçirilmişdir. Şəhərlərə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsi də böyük hadisə idi. Eyni zamanda, bir çox kəndlərdə bu problem öz həllini tapıb. Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib – Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib.

Cəlilabad və Şəmkirin sabiq icra başçıları rüşvətxorluq və korrupsiya hallarına görə cinayət məsuliyyətinə cəlb olunublar

Sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib - 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib. Yəni, sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır. Əlbəttə ki, bu, rayonların uğurlu inkişafı üçün əsas zəmin yaradır. Çünki əgər bu ilkin addımlar atılmasaydı rayonların inkişafından söhbət gedə bilməzdi. Bütün bu işlər dövlət büdcəsi hesabına və mənim göstərişimlə, mənim tərəfimdən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülübdür.

Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz.

Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi.

"Əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız"

Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız.

Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir.

Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz.

Eyni zamanda, yenə də deyirəm, dövlət tərəfindən, mərkəzi icra orqanları tərəfindən rayonların inkişafı ilə bağlı böyük işlər görülüb, işlərin böyük hissəsi görülüb. Siz yerlərdə elə işləyin ki, rayonlar daha sürətlə inkişaf etsin. İndi bizim bir çox rayonlarımız artıq mərkəzdən dotasiya almır. Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun.

"Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı..."

Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər.

Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi. Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik. İndi ilin doqquzuncu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik.

Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır.

"Sizdən əvvəl işləyənlərin aqibəti daim gözünüzün qabağında olmalıdır"

Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam. Xüsusilə nəzərə alınmalıdır ki, həm Cəlilabad, həm Şəmkir rayonlarının çox böyük potensialı var, münbit torpaqları var, insan resursları var, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər. Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır.

Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda, Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlillərini aparsınlar. İctimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır.

Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız.

X X X

Rafiq Cəlilov: Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm, çox təşəkkür edirəm. Göstərdiyiniz etimadı, Sizin dəstəyinizə arxalanaraq yüksək səviyyədə doğruldacağıma söz verirəm. Çox sağ olun.

X X X

Rəşad Tağıyev: Mən də öz növbəmdə, mənə göstərdiyiniz yüksək etimada görə Sizə təşəkkür edirəm. Eyni zamanda, qeyd etmək istərdim ki, mən bunu yüksək etimadla yanaşı, yüksək məsuliyyət kimi də qəbul edirəm və söz verirəm ki, rayonun iqtisadi, sosial, mədəni inkişafının təmin olunmasında əlimdən gələni əsirgəməyəcəyəm. Yüksək etimada görə, Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Həmçinin oxuyun: 

* Prezident iki rayona icra başçısı təyin etdi

12931
Co Bayden, arxiv şəkli

Müharibəni başlamaması üçün ABŞ Prezidentindən nüvə düyməsini aldılar

23
(Yenilənib 20:23 17.09.2021)
Qanuna görə, Amerika Birləşmiş Ştatları Prezidenti, ilk növbədə ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri olmaqla, hərbi rəhbərlərlə məsləhətləşdikdən sonra nüvə raketlərinin buraxılması haqqında əmr verə bilər.

BAKI, 17 sentyabr — Sputnik. Bu ilin yanvarın ayında qanuni yolla seçilən ABŞ prezidenti amerikanın nüvə silahını idarə etməyib. Bu sensasiyalı xəbəri bizə məşhur müstəntiq, hələ yarım əsr əvvəl Prezident Nikson üçün "Uoterqeyt" təşkil edən Bob Vudvord gətirib. Jurnalistikanın 78 yaşlı patriarxı yenicə nəşr olunan "Risk" ("Peril") kitabında ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Millidən sitat gətirib.

O, jurnalistə bildirib ki, 6 yanvar hadisələrindən sonra Prezident Donald Trampın öz vəzifədən getməmişdən qabaq hər hansı bir qarşılıq törədəcəyindən o qədər qorxub ki, nüvə zərbəsi endirmək barədə qərar qəbul etmək alqoritmini dəyişib.

Təbii ki, mövzu o qədər həssasdır ki, Milli vəziyyəti dolayısı yolla, ezop dilində təsvir edir. Lakin onun nə etdiyini anlamaq o qədər də çətin deyil. Qanuna görə, Amerika Birləşmiş Ştatları Prezidenti, ilk növbədə ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri olmaqla, hərbi rəhbərlərlə məsləhətləşdikdən sonra nüvə raketlərinin buraxılması haqqında əmr verə bilər. Hərbçilərin fikirləri yalnız məsləhət xarakterlidir. Ancaq Milli zabitlərə xəbərdarlıq edib ki, Trampın bu sahədə verdiyi hər hansı əmr əvvəlcə ona məruzə edilməli və yalnız bundan sonra o nə edilməli barədə qərar verəcək.

Hələ bu harasıdır. Trampa heç nə demədən general Milli öz çinli həmkarına - Mərkəzi Hərbi Komissiyanın Birgə Qərargah rəisi Li Çzoçen-ə zəng edərək bir şey olarsa narahat olmayın deyib. Sözbəsöz: "Əgər biz hücum etməyə hazırlaşsaq mən sizə zəng edəcəyəm general Li. Bu, sürpriz olmayacaq".

Hazırda respublikaçılar və demokratlar qızğın şəkildə bu zəngin dövlətə xəyanət olub-olmaması barədə qızğın mübahisələr edirlər.

Spoyler: Xəyanət olub. Lakin ABŞ hökumət idarəetmə sistemində ən yüksək səviyyədə vəziyyət o qədər qarışıb ki, indi demokratlar qışqıraraq bəyan edirlər: "Siz anlamırsınız, bu başqa haldır!". Hətta çoxları onlara inanır da.

Vəziyyət Baydenin hakimiyyətə gəlişi ilə yaxşılaşdımı? Qətiyyən. Bu günlərdə ABŞ-ın Ali Baş Komandanını Əfqanıstanla bağlı suallara cavab verməsi üçün Konqresə dəvət etdilər. Lakin Baydenin başqa işləri çıxdı. Onun əvəzindən konqresmenlərin qarşısına Əfqanıstanda vəziyyətə dair heç bir anlayışı olmayan ABŞ dövlət katibi Blinken çıxdı.

Əgər, bu ordusu bir neçə yüz şəxsdən ibarət banan respublikasında olsaydı yenə nəsə demək olardı. Qərargah rəisinin düşmən ölkənin qərargah rəisinə zəng edib bunlar deməsi axı gülməlidir: "Bax qardaş narahat olma, biz sənə zərbə endirməmişdən qabaq sənə zəng edəcəyəm"

Axı, Birləşmiş Ştatlar adi, nüvə, bioloji və kimyəvi silah ehtiyatlarına görə dünya lideridir. Eyni zamanda ABŞ hərbi maşını hazırda maraqlı transformasiya mərhələsindədir. Bəzi analitiklər hesab edirlər ki, Əfqanıstandan qaçış və ABŞ-ın gözlənilmədən Səudiyyə Ərəbistanını dəstəkləməkdən imtina etməsi heç də təsadüf deyil. Bu mənasız və hamını bezdirən "beynəlxalq terrorizmlə müharibə"nin sona çatması və daha böyük beynəlxalq təcavüz proqramını həyata keçirmək cəhdidir.

"Rand" Korporasiyasına görə, hələ 2014 -cü ildə Pentaqon "Üçüncü bərpa" (The Third Offset) adlı sirli bir planı müzakirə etməyə başladı. Bu plana görə, ABŞ-ın əsas hərbi rəqibləri – gücləri təxminən eyni olan Çin və Rusiya olacaq. Onlar üzərində qələbə ABŞ-ın yeni, çoxqütblü dünyada hegemoniyasını təmin etməlidir.

Plana əsasən Əfqanıstan və ya İraq kimi xırda şeylər unudulmalı, səylər isə böyük dövlətlərə qarşı birləşdirilməlidir. Bunun üçünsə ordu yüksək texnologiyalı ordu olmalıdır. Robotlar, süni intellekt, kosmik texnologiyalar, kiber qüvvələr və s.

Niyə "Üçüncü bərpa"? Hesab olunur ki, ilk dəfə ABŞ qoşunları Koreya müharibəsindən sonra texnoloji dəyişiklik yaşayıb. İkinci texnoloji sıçrayış Vyetnamdakı məğlubiyyətdən sonra gəldi. Üçüncü dəyişiklik isə terrorla mübarizədə qaçılmaz məğlubiyyətdən sonra planlaşdırılıb.

İdeya heç də dərhal dəstəklənmədi. Lakin 2018-ci ildə, artıq Trampın dövründə ABŞ-ın milli müdafiə strategiyası qəbul olundu. Strategiyada ABŞ-ın əsas rəqibləri məhz Çin və Rusiya, gələcək hərbi əməliyyatların əsas teatrı isə Hind və Sakit Okean hövzəsi elan olunur.

"Üçüncü bərpa" – bu sizin üçün təbii ki səhrada taliblərin dalınca düşmək deyil. Fərqli strategiya, fərqli silahlanma və fərqli pullar. Trampın dövründə Pentaqonun büdcəsi 700 milyard dolları ötdü. Bayden 2022-ci ildə hərbçilərə 753 milyard dollar verməyi planlaşdırır. Üstəlik, yüz milyard dollardan çox vəsait yeni hərbi texnologiyaların flaqmanına - ABŞ Müdafiə Nazirliyinin Perspektivli araşdırmalar idarəsinə ayrılacaq. 10,4 milyard dollardan çox vəsait kiberqoşunlara ayrılacaq.

Maraqlıdır ki, bu planda ən böyük rol süni intellektə düşür. "Google"-in rəhbəri Erik Şmidt, "Palantir"-in rəhbəri Piter Til və digər rəqəmsal oliqarxlar xeyli müddətdir ki uğurla öz məhsullarını Pentaqona satırlar.

Digər məsələ isə onların necə işləməsidir. Süni intellekt bağışlanmaz səhvlər edib. Məsələn, 2003-cü ildə İraq müharibəsinin başlanğıcında insan müdaxiləsi olmadan atılan ABŞ-a məxsus "Patriot" raketləri əvvəlcə ingilis, sonra ABŞ qırıcılarını vurdu. Pilotlar öldü.

Bu yaxınlarda Almaniyada yerləşən ABŞ-ın Ramştayn bazasında erkən xəbərdarlıq etmə sistemi səhvən həyəcan siqnalı verdi. Bu vaxt Baltik dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimləri keçirilirdi. Kompüter isə təlim raketlərini real raketlər kimi qəbul etdi.

Buna baxmayaraq, amerikalı tərəfdaşlar nüvə silahı sahəsində süni intellekti tətbiq etməyə planlaşdırır. Özü də raketi buraxmaq kimi həssas sahədə.

ABŞ müdafiə nəşri, o cümlədən "Rand" kompüterin təhdidləri müəyyənləşdirmək və qərarları qəbul edərkən kompüterin necə səhv edəcəyinə dair xeyli ssenari dərc edib. Məsələn, qeyri-adi bir atmosfer hadisəsi kompüteri çaşdıra bilər. Kompüter onu rəqiblərin raketləri kimi qəbul edəcək və qarşılıqlı olaraq öz raketlərini buraxacaq. Rəqib isə real raketlərlə cavab verəcək. Bundan sonra isə... Apokalipsis...

Bütün bunlara baxmayaraq süni intellekt ideyası ABŞ-da daha da populyarlaşır. İstər-istəməz adamın ağlına gəlir ki, süni intellekt sadəcə bəhanə üçün amerikalı tərəfdaşlara lazımdır. Kim raketləri buraxmaq barədə əmr verdi? Bilirsiniz, kompüter. O, sadəcə çaşdı. ABŞ filmlərində kompüterlərin ağlını itirdiyi kimi – "Kosmik odiseyadan" tutmuş, "İnterstellar"-a qədər. Biz heç bir məsuliyyət daşımırıq. Kompüteri ki Nyunberqə aparmayacaqsan ki.

Baxın görün ABŞ elitasında necə qarışıqlıq yaşanır. Ətrafa adaptasiya olmayan prezident. Həmişə ən lazımlı vaxta yoxa çıxan vitse-prezident. Köməksiz dövlət katibi.

Hərbçilər? General Mark Milli ABŞ ordusuna müxtəliflik və multikulturalizm aşılamaq fikrini təbliğ edir. O, LGTB nümayəndələrinə himayədarlıq edir. Bunun üçün ABŞ Ordusunda xidməti təbliğ edən və Millinin çəkildiyi reklama baxmaq kifayət edir.

Nümayişkaranə şəkildə zəif elita. Qəribə hərbiçi - friklər. Qeyri-iradi olaraq komandanlığı süni intellektə ötürmək istəyirsən. Sonra isə "dərin dövlətdən" naməlum oliqarxların verdiyi hər hansı bir qərara görə kompüter səhvinin üstünə atmaq olar.

Keçmiş respublikalar SSRİ -dən ayrılarkən 1990 -cı illərdə amerikalı tərəfdaşlar nə qədər hay küy qaldırdılar. Nüvə silahlarının oğurlanması, yayılması və qaçaqmalçılığı ilə bağlı nə qədər proqnozlar var idi. Onların heç biri gerçəkləşmədi. Sovet sivilizasiyası öz son sınağından da uğurla keçdi: Nüvə silahını saxladı və hər kəs üçün təhlükəsizliyi təmin etdi.

ABŞ-ın öz raketlərinə münasibətini ən yaxşı halda etinasız adlandırmaq olar. Bu xəbərlər fonunda ümumiyyətlə raketlərin işə salınması üçün kodları itirməyə belə bacaran Bil Klintonu xatırlamamaq olmaz. Kodları daha sonra uzun müddət axtarırdılar.

Əgər ABŞ elitası belə intellekt nümayiş etdirirsə, onların süni intellektinin daha yaxşı işləyəcəyinin zəmanəti haradadır? Bəlkə də beynəlxalq ictimaiyyətin ABŞ -dakı nüvə düyməsi ilə baş verən kabusa diqqət yetirməsinin vaxtıdır. Onların nüvə arsenalları beynəlxalq nəzarətə götürməlidirmi? Yeri gəlmişkən, Rusiya kömək edə bilər.

Həmçinin oxuyun:

Professor: “Nə ABŞ-a, nə də Çinə qarşıdurma lazım deyil”

23
Teqlər:
Co Bayden, nüvə, nüvə silahı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

22
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.

BAKI, 17 sentyabr - Spotnik. Döyüşlərin, dağıntıların acı xatirələri hər zaman qalacaq, lakin əsas odur ki, biz gələcəyə doğru baxaq. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfəri əsnasında deyib.

Aİ rəsmisi bildirib ki, oxşar təcrübəni Avropa İkinci Dünya müharibəsində yaşayıb:

“İkinci Dünya müharibəsindən sonra bizim liderlər bəyan etdilər ki, yeni yol tapmaq lazımdır, biz birgə yaşamağa və irəliyə doğru getməliyik. Düşünürəm ki, Avropa İttifaqının bu təcrübəsini Azərbaycanla, Ermənistanla və ümumilikdə Cənubi Qafqazla bölüşə bilərik. İki dünya müharibəsinin çox acı irsinin, nəticələrinin öhdəsindən gəlmək təcrübəmiz bəlkə də burada irəliyə getmək üçün bir yoldur. Biz regionda fərqli gələcəyin qurulmasına kömək etmək üçün Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla birlikdə çalışmaq istəyirik. Acı xatirələr var, amma biz gələcəyə baxmalıyıq".

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub. T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.

E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə nə danışıb?

22
Teqlər:
Sahibkar Maqsud Mahmudov

Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi