CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polad Bülbüloğlu: RF-in Qarabağdakı missiyasının vaxtının uzadılması haqda danışmaq tezdir

© Sputnik / © Sputnik / Ilya PitalevПосол Азербайджана в России Полад Бюльбюль оглы, фото из архива
Посол Азербайджана в России Полад Бюльбюль оглы, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Diplomat bildirib ki, Rusiyanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti erməni tərəfinin zaman-zaman əl atdığı təxribatlara baxmayaraq, öz üzərinə qoyulmuş hərbi və humanitar tapşırıqları yerinə yetirməkdə davam edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RİA Novosti-nin müxbiri Dmitri Vinoqradova müsahibəsində Bakının Qarabağdakı vəziyyəti və atəşkəs barədə sazişə riayət edilməsini nəzərdən keçirdiyindən danışıb, Rusiya sülhməramlı missiyasının gedişini qiymətləndirib, Azərbaycan-Ermənistan sərhədində sakitliyin bərpa olunmasına nəyin mane olduğu barədə fikrini bildirib.

- Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Dağlıq Qarabağda atəşkəs barədə bəyanat imzalamasından artıq bir neçə ay keçib. Azərbaycan tərəfi sazişə riayət olunmasından razıdırmı? Sənədin hansı bəndləri hələ yerinə yetirilməyib?

- İlk növbədə üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinin hazırkı vəziyyəti barədə məlumatın Rusiya auditoriyasına bir daha çatdırılması üçün yaratdığınız imkana görə təşəkkür edirəm. Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın dövlət televiziyasına müsahibə verib və həmin müsahibədə, demək olar ki, regional sabitlik və təhlükəsizliyə dair bütün mətləblərə toxunub. İmkandan istifadə edərək bütün maraqlananları həmin müsahibə ilə ciddi şəkildə tanış olmağa çağırıram.

Sizin "Dağlıq Qarabağ" terminini işlətdiyiniz suala gəldikdə isə bunu xüsusilə vurğulamağı vacib sayıram ki, Azərbaycan tərəfi ən yüksək səviyyədə artıq dəfələrlə bildirib ki, ölkədə belə bir ərazi vahidi yoxdur. Dağlıq Qarabağ Muxtar Vilayəti 7 iyul 1923-cü ildə süni bir qurum olaraq yaradılıb və 1991-ci ilin noyabrında, dövlət müstəqilliyi bərpa olunduqdan sonra qanuni şəkildə Azərbaycan parlamenti tərəfindən ləğv edilib.

Yeri gəlmişkən, cari ilin iyulun 7-də Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının təsnifatı təsdiq olunub. Həmin təsnifata görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil edilib. Odur ki, ayrıca bir ərazi vahidi kimi Qarabağın dağlıq hissəsindən söhbət gedə bilməz.

Bununla yanaşı, biz Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatını təkcə atəşkəs barədə sənəd kimi deyil, həmçinin münaqişənin birdəfəlik həlli barədə saziş və Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsində öz məğlubiyyətinin etirafı kimi qəbul edirik.

Adıçəkilən bəyanatın yerinə yetirilməsi barədə danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya arasında münaqişədən sonrakı gələcək quruculuq məsələsi ilə bağlı tam qarşılıqlı anlaşma var. Hər iki ölkə müharibənin başa çatdığı və münaqişənin həll olunduğu mövqeyindən çıxış edir. Bəyanatın bəndlərinin müəyyən hissəsi artıq yerinə yetirilib. Bununla yanaşı, gündəlikdə ölkə daxilində yerini dəyişmiş şəxslərin və qaçqınların öz doğma yerlərinə qaytarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər var ki, onun da əsas tərkib hissəsi, təbii ki, Zəngəzur dəhlizidir. Şübhəsiz ki, yeni beynəlxalq nəqliyyat kommunikasiyalarının meydana gəlməsi ilk növbədə Ermənistan üçün sərfəlidir və bütün bölgənin davamlı inkişafını təmin edəcək, ticarət, orada yaşayan insanların həyatının yaxşılaşdırılması üçün şərait yaradacaq və bu planların alternativi yoxdur.

Məlum olduğu kimi, 11 yanvar 2021-ci ildə üç ölkənin rəhbərləri daha bir bəyanata imza atıblar. Həmin sənəddə ötən ilin 9 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulduğu kimi, konkret olaraq dəmiryolu və avtomobil nəqliyyatı əlaqəsinin açılmasına toxunulub.

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə İşçi qrup yaradılıb, bu qurum işə başlayıb, bir sıra görüşlər keçirib və gələcək fəaliyyət istiqamətlərini müəyyən edib.

Lakin çox təəssüf ki, iyun ayından başlayaraq Ermənistan həmin işçi qrupun işinə mane olur və erməni tərəfinin üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək istəmədiyini nümayiş etdirir. Buna baxmayaraq, Rusiya Federasiyası xoş məram nümayiş etdirərək əldə olunmuş razılıqların həyata keçirilməsinə kömək etməkdə davam edir, Rusiya baş nazirinin müavini isə Azərbaycan və Ermənistana səfər edərək ikitərəfli formatda məsələləri müzakirə edir.

İyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib və görüş əsnasında bizim liderlər arasında çoxsaylı məsələlər, o cümlədən regional sabitlik və təhlükəsizlik ətrafında fikir mübadiləsi aparılıb. İşgüzar görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti səfərin yekunlarını müsbət qiymətləndirərək, hər iki ölkənin strateji tərəfdaş olduğunu, ölkələrimiz arasında uzunmüddətli strateji əməkdaşlıq perspektivləri, o cümlədən münaqişədən sonrakı vəziyyətlə bağlı fikir ayrılığının olmadığını dilə gətirib.

- Rusiya sülhməramlı missiyasının gedişatını necə qiymətləndirirsiniz? Beş illik mandat başa çatdıqdan sonra onun səlahiyyətlərinin artırılması ehtimalı varmı?

- Bildiyiniz kimi, Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti erməni tərəfinin zaman-zaman əl atdığı təxribatlara baxmayaraq, öz üzərinə qoyulmuş hərbi və humanitar tapşırıqları yerinə yetirməkdə davam edir. Və bu, bölgədə uzunmüddətli sülhün əldə olunmasına yönəlmiş səylərə mənfi təsir edir.

Bu zaman ərzində mən artıq bir neçə dəfə Şuşaya getmişəm və ermənilər tərəfindən atəş açılmasının şahidi olmuşam. Lakin bunlara baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bu şəhərin bərpası istiqamətində böyük işlərin görüldüyünü deyə bilərəm.

Rusiya kontingentinin Azərbaycan ərazisində gələcəkdə də qalmasına gəldikdə isə, yəqin ki, bu gün bu barədə danışmaq tezdir. Biz dövlət başçılarımızın müəyyən etdikləri məsələlərin həlli üçün maksimum səy göstərməliyik.

- Ermənistan tərəfinin bildirdiyinə görə, Azərbaycanda hələ onlarla hərbi əsir var, halbuki, Azərbaycan tərəfi onları terror aktı həyata keçirmiş təxribatçı qismində saxlanılan şəxslər kimi nəzərdən keçirir. Eyni zamanda biz görürük ki, Azərbaycan tərəfi vaxtaşırı olaraq bu insanlardan bəzilərini Yerevana təhvil verir. Yaxın vaxtlarda həmin şəxslərin yeni qruplarının, o cümlədən minalanmış sahələrin xəritələri və daha nələrinsə müqabilində verilməsi mümkündürmü?

- Məsələnin məğzi belədir... Ermənistanın Şirak vilayətindən olan bir qrup şəxs Azərbaycan xüsusi xidmət orqanlarının antiterror əməliyyatı nəticəsində ələ keçirilib. Bu terrorçulardan ibarət təxribat qrup 2020-ci ilin noyabrının sonlarında Azərbaycan Silahlı Qüvvələri və mülki şəxslərə qarşı terror aktları həyata keçirmək məqsədi ilə bizim ərazilərə ötürülüb. Onlar dörd nəfər Azərbaycan hərbi qulluqçusunu qətlə yetirməyə və bir mülki şəxsi yaralamağa macal tapıblar. Təxribat qrupunun üzvləri ötən ilin dekabrında, yəni müharibə sona çatdıqdan bir ay sonra zərərsizləşdirilib və cinayət məsuliyyətinə cəlb olunublar.

Terrorçularla bağlı olan məsələ heç bir vəchlə siyasiləşdirilməməli, bu cür şəxslərin hərəkətləri isə beynəlxalq sənədlər və dövlətlərin təcrübəsi nəzərə alınmaqla milli qanunvericilik çərçivəsində nəzərdən keçirilməlidir. Tamamilə aydındır ki, bu şəxslər heç bir beynəlxalq konvensiyalara görə hərbi əsirlər kimi qiymətləndirilə bilməz və üçtərəfli bəyanatın müddəaları onlara şamil olunmur.

Haqqında danışılan qruplaşmanın üzvləri cinayət məsuliyyətinə cəlb olunublar və məhkəmə prosesi çərçivəsində müvafiq qərarlar qəbul olunub. Azərbaycan tərəfi bu məsələyə həmin şəxslərin cinayətlərinin tərkibi və ağırlıq dərəcəsindən asılı olaraq obyektiv yanaşıb. Onlardan çoxu erməni tərəfinə təhvil verilib, bəziləri isə Azərbaycan Respublikasında cəza çəkməyə məhkum olunub. Beynəlxalq hüquq normalarına sadiq olan Azərbaycan tərəfi Bəyanatın müvafiq bəndini yerinə yetirib və artıq Ermənistana bütün hərbi əsirləri və müharibə dövründə öldürülmüş şəxslərin cəsədlərini təhvil verib.

Demək istərdim ki, Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə bu məsələyə münasibətini bildirib. Rusiyanın xarici işlər naziri də cari ilin yanvarın 18-də, onlayn mətbuat konfransında analoji mövqeni dilə gətirib. Lakin qarşı tərəf bizim arqumentləri eşitmir və vəziyyəti manipulyasiya etməyə çalışır.

- Azərbaycan-Ermənistan sərhədindən vaxtaşırı olaraq atışma barədə qorxulu xəbərlər gəlir, hər iki tərəfdən ölən və yaralananlar var. Sərhəddə sakitliyin bərqərar olmasına nə mane olur?

- Əvvəlki suala cavab verərkən dediyim kimi, erməni tərəfi gərginlik yaradaraq müxtəlif təxribatlara əl atır. Elə bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri sərhədin Kəlbəcər rayonu hissəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Snayperin açdığı atəş nəticəsində bizim hərbi qulluqçumuz həlak olub. Əminəm ki, bu cür hərəkətlərə adekvat cavab veriləcək. Sərhəddə vəziyyətin gərginləşdirilməsi yolverilməzdir və vəziyyətin istənilən mənfi məcrada davam edəcəyi ssenariyə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür. Biz isə öz tərəfimizdən dəfələrlə bildirmişik ki, müharibə başa çatıb, münaqişə arxada qalıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh müqaviləsini imzalamalı, habelə sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır.

Lakin biz görürük ki, erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi proseslərini uzatmağa çalışır və bununla da bütün bölgənin tam miqyaslı inkişafı üçün yeni şəraitin yaradılmasına mane olur.

Gec və ya tez Ermənistan yeni reallıqla razılaşmalı olacaq. Bu nə qədər tez baş verərsə, sülh də o qədər tezliklə bərqərar olar və insanlar Cənubi Qafqaz regionunda normal yaşamağa başlayarlar.

- İyun ayında Azərbaycan və Türkiyə prezidentləri Şuşa bəyannaməsini imzalayıblar ki, bu sənəd də konkret olaraq Zəngəzur koridorunun açılmasını nəzərdə tutur. Koridor nə vaxt açılacaq? Əgər o Ermənistanın ərazisindən keçəcəksə, Azərbaycan koridorun Yerevanın nəzarətində qalmasına razı olacaqmı? Yoxsa koridor eks-ərazi statusunda olmalıdır?

- Bəli, cari ilin iyunun 15-də Şuşada tarixi hadisə baş verib. Azərbaycan və Türkiyə prezidentləri arasında 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə səsləşən bəyannamə imzalanıb. Həmin müqaviləyə əsasən, Türkiyə Naxçıvanın qarantı qismində çıxış edir. Həmin bəyannamə iki ölkə arasında müttəfiqlik münasibətlərinin yeni səviyyəsinin əsasını qoyub.

Zəngəzur koridorunun açılması isə təkcə Şuşa bəyannaməsində deyil, həmçinin 9 noyabr 2020-ci il bəyanatında da göstərilib. Həmin bəyanatda Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasına dair öhdəlik dəqiq yazılıb.

Son vaxtlar Ermənistan tərəfindən çoxsaylı KİV-lərdə Azərbaycanın bu ölkəyə qarşı ərazi iddialarının olması barədə yazılar tirajlanır. Burada başa düşmək lazımdır ki, 30 il ərzində bizim ərazilərimizi işğal etmiş, etnik təmizləmə aparmış, bir zamanlar çiçəklənən şəhər və kəndləri təməlinə qədər dağıtmış Ermənistanın bu cür bəyanatlar verməyə mənəvi haqqı yoxdur. Bütün bu zaman ərzində Ermənistan uydurma tarixi faktlar əsasında Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Lakin reallıqlar tamam başqa şeyləri deyir. Hazırda Ermənistan ərazisində olan Qərbi Zəngəzur ötən əsrin əvvəlinə qədər tarixi Azərbaycan torpağı olub və ancaq 20-ci illərdə heç bir hüquqi əsas olmadan Azərbaycandan qoparılaraq Sovet hökuməti tərəfindən Ermənistana verilib.

Zəngəzur koridoruna nəzarətə dair sualınıza gəldikdə isə, burada yenə də üçtərəfli bəyanata müraciət etmək lazımdır. Həmin sənəddə dəqiq yazılıb ki, nəzarəti Rusiya federal təhlükəsizlik xidmətinin Sərhəd xidməti həyata keçirəcək, hansı ki, onsuz da müasir Ermənistanın xarici sərhədlərinin müdafiəsini həyata keçirir.

Konkret vəziyyətə bir qədər kənardan nəzər salaraq qeyd etmək istəyirəm: sərhədlərini başqa bir dövlətin qoşunlarının qoruduğu dövləti necə müstəqil adlandırmaq olar?

- Şuşa bəyannaməsi imzalandıqdan sonra Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının mümkünlüyü barədə məlumatlar meydana çıxdı. Bu cür baza harada və nə zaman yaradıla bilər? Onun parametrləri məlumdurmu?

- Bu sualın cavabını Azərbaycan tərəfinin rəsmi bəyanatlarında axtarmaq lazımdır, müxtəlif söhbətlər və fərziyyələr hansısa fikir yürütmək üçün əsas ola bilməz. Bununla əlaqədar olaraq təcrübəli diplomat, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında həmin mövzu ilə əlaqədar sözlərinə diqqət çəkmək istərdim – "biz şayiələri şərh etmirik".

Hesab edirəm ki, hazırda bütün bölgə ciddi dəyişiklilərin astanasındadır və yeni reallıq üçün bu tarixi şansı əldən verməmək üçün mümkün olan hər şeyi etmək lazımdır.

Eləcə də oxuyun:

Xəbər lenti
0