Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Şuşa Bəyannaməsinin Avrasiya üçün strateji əhəmiyyətini açıqladı

105
(Yenilənib 14:26 08.07.2021)
Prezident deyib ki, Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır.

BAKI, 8 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik ünvanlayıb.

Sputnik Azərbaycan Prezidentin saytına istinadla sözügedən təbriki təqdim edir:

"Hörmətli sammit iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm.

Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir.

Builki sammit "İnsanlık daha iyisini hak ediyor" (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq.

Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir.

Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir.

Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır.

İnanıram ki, bu toplantıda aparacağınız müzakirələr bəşəriyyətin rifahı naminə əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram".

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imza atıblar. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Bəyannamədə qeyd olunur ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

105
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Bakıdan növbəti xəbərdarlıq: ""Dağlıq Qarabağ" olmadığı kimi "status" məsələsi yoxdur"

22
Azərbaycan XİN rəsmisi qarşı tərəfin hay-küyünü şərh edib: Ermənistan “humanitar vəziyyət” adı altında öz siyasi oyunlarını davam etdirir".

BAKI, 24 iyul - Sputnik. Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə, yaxşıdır. Lakin bu müsahibələri sadəcə oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 iyul 2021-ci il tarixli açıqlamasına dair şərhində deyib.

"Birincisi, bəli, bizim dədə-babalarımız Zəngəzurda yaşayıblar, bu tarixi faktdır. Burada, eləcə də müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır. Azərbaycanın Ermənistan ərazilərini “işğal etməsi” ilə bağlı cəfəng iddiaya gəldikdə isə, Prezident İlham Əliyevin sözügedən müsahibəsində aydın şəkildə qeyd etdiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq, sərhədlərimizdə möhkəmlənirik. Postmüharibə dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan, onilliklər ərzində işğalçı ölkə kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən bir ölkə kimi, bundan sonra da beynəlxalq hüquq normalarından danışmadan öncə düşünməlidir", - L.Abdullayeva vurğulayıb.

O, eləcə də Ermənistan XİN-ə xatırlatma edib: "İkincisi, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1991-ci ilin noyabrında qanuni şəkildə ləğv edilib. AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazi Azərbaycanın tərkib hissəsidir və burada yaşayan ermənilər də, azərbaycanlılarla birgə bizim vətəndaşlarımız kimi yaşaya bilərlər.

Üçüncü, “Dağlıq Qarabağın statusu” məsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, “Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur.

Növbəti, Azərbaycanı “humanitar vəziyyəti pisləşdirməkdə” ittiham edən Ermənistana xatırladırıq ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan ərazisindən humanitar yükün daşınmasına şərait yaradıb. Beynəlxalq humanitar təşkilatlarla bölgəyə missiyanın göndərilməsinə dair tərəfimizdən əldə olunan razılığa məhz Ermənistan əngəl törətməyə çalışır. Bu isə onu göstərir ki, Ermənistan “humanitar vəziyyət” adı altında öz siyasi oyunlarını davam etdirir".

"Qanunsuz güc tətbiqinin bölgədə sülh və təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib. Azərbaycan isə BMT Nizamnaməsinə uyğun olaraq və beynəlxalq humanitar hüquqa riayət etməklə ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib və hazırda bölgədə sülh və tərəqqinin təmin olunmasına çalışır", - deyə Azərbaycan XİN rəsmisi yekunlaşdırıb.

Eləcə də oxuyun:

22
Teqlər:
Qarabağ, cavab, Ermənistan XİN, Leyla Abdullayeva, Azərbaycan XİN
Politoloq Elşən Manafov

Politoloq: “Bunlar Ermənistan hakimiyyətində illuziyaların yaranmasına səbəb olub”

10
(Yenilənib 16:09 23.07.2021)
Politoloq Elşən Manafov deyir ki, parlament seçkilərindən sonra da Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətdədir
Elşən Manafov: “Ermənistanda siyasi böhranın olması aşkardır”

“Prezidentin bölgələrə səfəri zamanı verdiyi bəyanatlarda ən diqqət çəkənlər biri də Rusiya prezidenti ilə qarşılıqlı münasibətləri barədə olan fikirlərdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.

 O bildirib ki, Moskvada prezidentlər arasında əldə olunmuş razılıqlardan biri Rusiyanın moderatorluğu ilə imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsidir. Həmin razılıqlar bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasını özündə ehtiva edir. Ermənistanda siyasi böhranın olması aşkardır. Görünür ki, parlament seçkilərindən sonra da Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətdədir. Amma bununla belə Ermənistan hakimiyyətində müəyyən ümidlər var. Bu ümidlər Avropa Birliyi sədrinin bölgəyə səfərindən sonra arta bilər. Bütün bunlar Ermənistan hakimiyyətində müəyyən illuziyaların və ümidlərin yaranmasına səbəb olub”.

Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

12
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

12
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları