SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mina xəritəsinin əvəzində qaytarılanlar, Putinin bəyanatı və davam edən ekoterror - İcmal

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВид на город со смотровой площадки в Баку
Вид на город со смотровой площадки в Баку - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Ötən həftə ərzində Rusiyanın təşəbbüsü ilə Azərbaycan Ermənistanın vaxtilə işğal etdiyi daha iki rayonumuzun tank və piyada əleyhinə minalara dair xəritəsini alıb.

BAKI, 4 iyul — Sputnik. Başa çatmaqda olan həftənin yaddaqalan siyasi hadisələrinin başında şübhəsiz ki, Bakının iki rayonun mina xəritələrinin müqabilində Ermənistana 15 nəfəri təhvil verməsi dayanır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir:

"3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik".

XİN-in bəyanatında mina xəritələrinin əldə edilməsinin on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcəyi və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəyi vurğulanır.

"Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib", - məlumatda deyilir.

Yaxın Şərqin tarixində ilk səfər

Xaricdəki xəbərlərin önd gələndlərindən Yaxın Şərqə aid olanı qeyd etmək lazımdır. İsrailin xarici işlər naziri Yair Lapid iyunun 29-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ölkə tarixində ilk rəsmi səfər həyata keçirib. O, BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zaid əl-Nahyanın qonağı olacaq. Səfər iki gün sürüb. Lapid Əbu-Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğunun açılışında iştirak edib.

Azərbaycanın qırıcı təyyarələri şərti düşmənə zərbələr endirib

Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.

Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərini aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.

Ermənistanın davam etdirdiyi ekoloji terror

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı iyunun 29-da bildirib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşır, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır.

Nazirlik rəsmisi bildirib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: "Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər".

"Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir.

Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir", - deyə E.Qarabağlı əlavə edib.

O vurğulayıb ki, ekoloqlar işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparıblar: "Oxçuçaydan bu ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Nazirliyin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın kütləvi ölümü qeydə alınıb".

Heç kəs Qarabağ münaqişəsinin yenidən inkişafında maraqlı deyil

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən rol oynadı. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya Dağlıq Qarabağın sakinlərinə təhlükəsizlik zəmanəti verə bilərmi?" sualını cavablandırarkən qeyd edib.

"Rusiya bu ciddi böhranın nizamlanmasında müəyyən rol oynadı. Heç kəs onun yenidən inkişaf etməsində maraqlı deyil. Nə Azərbaycan, nə Ermənistan. Çünki işin digər tərəfi bundan ibarətdir ki, əgər biz hamımız dinc və dost şəkildə yaşasaq, onda biz insanların həyatlarının yaxşılaşması üçün şərait yaradacağıq. Bu yalnız təhlükəsizlik şəraiti deyil, mən hazırkı şəraitdə ailələrin yaşamasını, iqtisadi, sosial inkişafı nəzərdə tuturam. Qarabağda yaşayan insanların buna ehtiyacı var. Çünki daim silahlı münaqişənin yenidən bərpası qorxusu ilə yaşamaq mümkünsüzdür. Biz bunu gözəl anlayırıq. Bunu həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi anlayır. Bəli, xeyli sayda problem yığılıb qalıb. Normal infrastrukturun yaradılması ilə bağlı suallar var. Sərhədlərin müəyyənləşməsi ilə bağlı suallar var", - deyə Putin qeyd edib.

Putin qeyd edib ki, Rusiya – Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli qrup yaradılıb: "Biz regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik. Bu işin benefesiarları isə şübhəsiz, Dağlıq Qarabağın sakinləri olmalıdır. Mən düşünmək istəyirəm ki, bu belə də olacaq. On illərdir yığılan problemlərə baxmayaraq".

Azərbaycan Ermənistana sərhədlə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edib

"Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib. Bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün, bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur. Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur: "Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.

Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir".

Lavrov və Çavuşoğlunun Antalya görüşü və Qarabağ müzakirəsi

"Rusiyalı həmkarım Sergey Lavrovla ikitərəfli münasibətlərimiz barəsində ətraflı fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərimizdə elə bir ciddi problem yoxdur". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Antalya şəhərində görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, Qarabağdakı vəziyyət bu gün regionla bağlı müzakirə mövzularından biri olub.

Çavuşoğlunun sözlərinə görə, rusiyalı həmkarı ilə Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.

"Məqsədimiz bütün bu ölkələrdə sabitliyin, dincliyin və sülhün daimi olmasıdır", - deyə türk nazir əlavə edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərini təbii qarşıladıqlarını qeyd edib: "Prezident Ərdoğanın Şuşa səfərinə Azərbaycan-Türkiyə arasında ikili münasibətlər çərçivəsində baxmaq lazımdır. Biz Rusiya olaraq bölgədə sülhün təsis edilməsi, ermənilərin və azərbaycanlıların yan-yana yaşaya bilməsi üçün, həmçinin bütün qonşular arasında etimad mühitinin yaranması üçün dəstəyimizi verəcəyik".

Azad olunan ərazilərdə siyahıya alınan daşınmaz əmlakların sayı açıqlanıb

İyulun biri Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun növbəti iclasında Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər barədə sözügedən nazirliyin rəsmisi hesabatı dinlənilib.

Hesabatda qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb.

1 525 km avtomobil yolunun, 292 km elektrik verilişi xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılıb. Bundan əlavə 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.

Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

Azərbaycan Prezidenti Ələt Azad İqtisadi Zonasının təməlini qoyub

İyulun biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Qırğızıstan xarici işlər nazirinin Bakı səfəri

2 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və Qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini qeyd edərək, inkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla ifadə edib. İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Nazir, dost ölkə Qırğızıstanın bu günədək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir Ruslan Kazakbayev Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla münasibətlərə önəm verildiyini qeyd edən Qırğızıstan naziri, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi marağını ifadə edib.

Nazirlər ikitərəfli gündəliyin bir çox istiqamətləri, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, tranzit sahəsində əməkdaşlıq, o cümlədən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi, habelə kənd təsərrüfatı, turizm, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin dəstəklənməsi, biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə onilliklər ərzində törədilmiş dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb. Bu ərazilərdə hazırda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı" sənədini imzalayıblar.

Xəbər lenti
0