CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib

© Sputnik / Murad OrujovВид на Баку, фото из архива
Вид на Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Bu gün Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur. Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva həm ölkədə bununla bağlı durumu şərh edib, həm də beynəlxalq təşkilatları üçtərəfli bəyanatı dəstəkləməyə çağırıb.

 

BAKI, 18 iyun — Sputnik. Hazırda ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdış hüququnun, bu şəxslərin sosial, iqtisadi, mədəni hüquqlarının və s. təmin olunması kimi çağırışlarla üzləşir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in insan hüquqlarının qorunması və təşviq edilməsi sahəsində Azərbaycanın beynəlxalq təşkilatlar ilə əməkdaşlığı barədə sualını cavablandırarkən söyləyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur.

Öncə vurğulamaq istərdik ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquqları və əsas azadlıqların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Bildiyiniz kimi, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

İnsan hüquqlarının və əsas azadlıqların qorunması və təşviq edilməsi Azərbaycan Hökumətinin gündəmindədir. Hazırda ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdış hüququnun, bu şəxslərin sosial, iqtisadi, mədəni hüquqlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin peşə fəaliyyətlərini maneəsiz yerinə yetirə bilmələri ilə bağlı söz azadlıqlarının təmin olunması kimi çağırışlarla üzləşir.

Bu xüsusda, tərəfimizdən bir daha beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırırıq", - XİN rəsmisi bildirib.

Üçtərəfli bəyanat

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun: 

  • Rəsmi Bakıdan Ermənistana sərt qınaq: Beynəlxalq hüquqa hörmət etməyi öyrənin
  • Zaxarova: "Minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir"
  • Bakıdan Şuşa səfəri ilə bağlı Yerevana sərt cavab – Həddiniz deyil
Xəbər lenti
0