Azərbaycan XİN

Rəsmi Bakıdan Ermənistana sərt qınaq: Beynəlxalq hüquqa hörmət etməyi öyrənin

37
(Yenilənib 12:51 18.06.2021)
Ermənistan XİN-in Şuşa Bəyannaməsinə dair açıqlamasını şərh edən Azərbaycan XİN qarşı tərəfə öncə istinad etdikləri beynəlxalq hüquqa hörmət etməyi məsləhət görüb.

 

BAKI, 18 iyun — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan XİN-in açıqlamasında bildirilir:

"Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini şərh edərək bu sənədin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan XİN-i hələ də Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının, xalqın rifahına deyil, bir qrup insanın maraqlarına xidmət edən siyasət yürütməsinin və nəhayət, sərgilədiyi revanşist mövqeyinin məhz erməni xalqına qarşı olduğunu dərk etmir. Ermənistanın bu barışmaz mövqeyi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına başlıca maneədir.

Beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklə ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-inin indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir. Beynəlxalq hüquqa istinad edən Ermənistan, ilk növbədə ona hörmət etməyi öyrənməlidir.

Azərbaycan və Türkiyə liderləri tərəfindən təklif edilən regional əməkdaşlıq platformasını rədd edən Ermənistanın XİN-in, bunu "erməni xalqına qarşı təhlükə" və "bölgə üçün təhdid" bəhanələri altında təqdim etməsi isə Ermənistanın sülh, əməkdaşlıq, inkişaf meyillərindən nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni vəziyyət formalaşıb və regional əməkdaşlığın həyata keçirilməsi üçün unikal imkanlar yaranıb. Bu vəziyyəti dərk edərək, əməkdaşlıqdan faydalanmaq və ya bunun əksi artıq Ermənistanın verəcəyi qərardır. Azərbaycan və Türkiyə isə Şuşa Bəyannaməsində də ehtiva olunduğu kimi, "beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirəcəklər".

Eləcə də oxuyun:

  • Bakını Avrasiya İqtisadi Birliyində görməyə yaxınıq - Leonid Kalaşnikov

  • Zəngəzur dəhlizi, Şuşa Bəyannaməsi, Moskvanın rolu – Markov Ərdoğanın səfəri barədə

  • Şuşa Bəyannaməsinin TAM MƏTNİ dərc olunub

37
Teqlər:
Ermənistan, Azərbaycan, Şuşa, bəyannamə, şərh, Azərbaycan XİN
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib

32
Moskva Bakı və Yerevanı vəziyyətin daha da pisləşməsinə gətirə biləcək hərəkətlərdən çəkinməyə və ortaya çıxan məsələləri siyasi-diplomatik yolla həll etməyə çağırıb.

BAKI, 30 iyul — Sputnik. Moskva Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlərdən narahatdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya və mətbuat departamenti direktorunun müavini Aleksandr Bikantovun qurumun saytında dərc olunmuş şərhində deyilir.

"Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində baş verən və insan tələfatı ilə nəticələnən son silahlı toqquşmalardan ciddi narahatlıq keçiririk. Həlak olanların ailələrinə başsağlığı verir, zərərçəkən və yaralılara sağalmağı arzu edirik. Təəssüf ki, sərhəddə vəziyyət gərgin olaraq qalır", - deyə o qeyd edib.

Daha sonra qurum rəsmisi bildirib ki, Rusiya Bakı və Yerevanı vəziyyətin daha da pisləşməsinə gətirə biləcək hərəkətlərdən çəkinməyə və ortaya çıxan məsələləri siyasi-diplomatik yolla həll etməyə çağırır.

"Rusiya bundan sonra da gərginliyi aradan qaldıracaq tədbirlər vasitəsilə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşdırılması üçün bütün mümkün səyləri göstərməyə və tezliklə sərhədlərin delimitasiyası və demarkasiyasına dair birgə işlərin başlanmasına hazırdır", - deyə şərhdə bildirilir.

Bikantov onu da əlavə edib ki, Moskva Cənubi Qafqazın sabitlik, təhlükəsizlik zonasına çevrilməsi və Qarabağa dair üçtərəfli bəyanata uyğun şəkildə çiçəklənməsi üçün fəal iş aparmaq niyyətindədir.

Azərbaycan-Ermənistan sərhədində iyulun 30-na olan məlumat

Cümə günü, iyulun 30-da Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin növbəri dezinformasiyasını təkzib edib. Bildirilib ki, Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Azərbaycan-Ermənistan sərhədində iyulun 29-na olan məlumat
11:10

Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Bildirilir ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.

Ermənistan tərəfi son saatlarda guya Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində erməni hərbçinin yaralandığı barədə məlumat yayıb.  

09:10

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İyulun 28-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər
09:57

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

05:05

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. 

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. 

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

İyulun 27-də dövlət sərhədində baş verənlər

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 26-da dövlət sərhədində baş verənlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. 

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

İyulun 25-də dövlət sərhədində baş verənlər

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İyulun 24-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər

11:07

Hazırda Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. 

"Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır", - məlumatda qeyd olunur.

03:23

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

İyulun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlər

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. 

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

32
Teqlər:
Rusiya, Ermənistan, Azərbaycan, XİN, sərhəd
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?

20
(Yenilənib 11:27 30.07.2021)
Bundan sonra ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev təmsil edəcək, o, bu vəzifədə 10 ildən çox çalışmış İqor Popovu əvəz edib.

BAKI, 30 iyul — Sputnik. ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. Bundan sonra qurumda İqor Popovun əvəzinə Rusiya Federasiyasını İqor Xovayev təmsil edəcək. Qeyd edək ki, İqor Popov 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olub.

Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı

İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.

İngilis, fransız və Vyetnam dillərini bilir.

Eləcə də oxuyun:

20
Teqlər:
ATƏT-in Minsk Qrupu, Rusiya, həmsədr, İqor Popov
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib

0
(Yenilənib 00:09 31.07.2021)
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru və bir sıra bölmələrə baş redaktorlar təyin edilib.

BAKI, 30 iyun - Sputnik. Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.

Teleradio şirkətindən AZƏRTAC-a bildiriblər ki, Məmmədov Orxan Elşən oğlu Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Əliyeva Nigar Əli qızı telekanalın “İctimai siyasi verilişlər” bölməsinin baş redaktoru, Musazadə Elmira İlqar qızı “Müəllif verilişləri” bölməsinin baş redaktoru, Rzayev Sənan Məhəmməd oğlu redaktor-baş siyasi icmalçı, Lavrina Anastasiya Vitalyevna beynəlxalq münasibətlər üzrə ekspert – aparıcı, Cəbrayılov Həbib Mikayıl oğlu isə “Xarici dilli yayım” departamentinin baş rejissoru vəzifələrinə təyin ediliblər.

Telekanal barədə

CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalıdır.

Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə edib.

9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verib. Yayım Azərbaycan dilində həyata keçirilib. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başlayıb.

2020-ci ilin dekabrında Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda keçirilən iclasında “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

CBC özü haqqında

CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

0