SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qafqazı Rusiyanın əlindən çıxartmağa çalışırlar - Vitse-spiker

© Sputnik / Murad OrujovАвтопробег, посвященный освобождению Агдама в Баку
Автопробег, посвященный освобождению Агдама в Баку - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Azərbaycan Parlamenitinin vitse-spikeri Fəzail İbrahimli Qarabağda baş verən son hadisələrlə bağlı fikirlərini Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyeva ilə bölüşüb.

BAKI, 10 iyun — Sputnik. "Qarabağ regionu yox, Qafqaz regionu uğrunda böyük dövlətlərin savaşı gedir. Amerika, Avropa dövlətlərinin hər biri Qafqazı Rusiyanın əlindən çıxartmağa çalışırlar".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli söyləyib. Onun fikrincə, Qafqazdakı maraqlar toqquşması Nikol Paşinyan kimi təcrübəsiz və qeyri-peşəkar bir şəxsin Ermənistanda hakimiyyətə gətirilməsinə səbəb olub.

"Gürcüstanı bitərəfləşdiriblər, Azərbaycan isə tam müstəqildir. Ermənistan Rusiyanın forpostudur. Ermənistana qondarma bir Baş nazir qoyublar ki, o da yarıtmadı. Avropa və Amerika fikirləşir, hakimiyyətə kimi gətirsin ki, onun istəyini Qafqazda reallaşdırsın. Bunun uğrunda yarış gedir. Biz sonluğu görəcəyik. Hər bir halda kim Ermənistanda hakimiyyətə gəlsə də, iqtisadiyyatı zəif, siyasi cəhətdən qarmaqarışıq, ruhdan düşmüş bir millət bizim qarşımızda heç nə edə bilməz!", - deyə vitse-spiker bildirib.

Deputat son günlər Azərbaycan-Ermənistan sərhədində qeydə alınan hadisələri şərh edərkən deyib ki, Azərbaycan dövlətinin bu məsələdə təmkin nümayiş etdirməsi normaldır:

"Hazırda Ermənistan-Azərbaycan münasibətlərində yaralar təzədir. Yaraların sağalmasının zamana ehtiyacı var. Ermənistanda Qarabağ düşüncələri üzərində dövlət quran, varlanan, harınlayanların ideologiyaları boşa çıxıb. Ona görə də onlar sakit dayana bilmirlər. Loru dildə desək, onların siyasi biznesləri bankrota gedib. Nə qədər ki, onların gücü var, sonuncu ana qədər vuruşacaqlar, iddialar irəli sürəcəklər, təxribatlar törədəcəklər və sair. Onların beyni silinməli, yuyulmalı, həqiqəti dərk etməlidirlər. Nə qədər ki, bunlar var, problemlər yaşanacaq".

Vitse-spiker sərhədlərin demarkasiyası məsələsi istiqamətində də işlərin davam etdiyini bildirib. Deyib ki, İkinci Dünya Müharibəsindən sonra sərhədlərin dəyişilməsi prinsipi qəbul olunmur:

"Beynəlxalq aləmdə də bu, belədir. Biz o vaxt SSR-nin tərkibində idik. SSR-nin tərkibində də hər bir müttəfiq ölkənin öz sərhədi vardı. İndi hərə öz sərhədinə sahib olmalıdır. Ermənistan fürsətdən istifadə edərək gəlib Azərbaycanın sərhədlərini pozdu, torpaqlarını işğal etdi, Xocalı faciəsini törətdi. İndi zaman gəlib, onlar özləri bu cəza ilə üz-üzə qalıblar. Geri çəkilməlidirlər, çəkilirlər də... Məğlubiyyət aktına imza atıblar, öz imzalarına da hörmətlə yanaşmalıdırlar.

Azərbaycan qalib dövlətdir, qalib isə mühakimə olunmur. Azərbaycan sərhədlərini bərpa etmək istəyir. Zəngəzur dəhlizi də birmənalı olaraq açılmalıdır. Bunu Paşinyan da etiraf edərək deyib ki, "Necə ola bilər, Laçın dəhlizi açılsın, Zəngəzur dəhlizi açılmasın". Artıq onlar həqiqəti başa düşməyə başlayıblar".

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, onun ölkəsi Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edir. Onun sözlərinə görə, Rusiya həmişə ehtiyacı olan ölkələrə yardım etməyə hazırdır və bunu dünya siyasətində özünü təsdiqləmək üçün etmir.

"Bizim dünya siyasətində natamamlıq kompleksimiz yoxdur. Biz həmişə ehtiyacı olanlara yardım etməyə hazırıq. Bu bizim tarixi missiyamızdır, bu, tariximizin köklərinə əsaslanır", - deyə Lavrov qeyd edib.

O deyib ki, Rusiya sülhməramlıların yerləşdirildiyi ərazilərdə böyük insidentlər ümumiyyətlə baş verməyib:

"Hazırda bizim sülhməramlılar öz mandatını yerinə yetirir, hər hansı böyük insidentlər ümumiyyətlə olmur – bunu həm Bakıda, həm də Yerevanda etiraf edirlər. Ayrı-ayrı xırda narahatlıqlar qeydə alınır. Bəli, Azərbaycan – Ermənistan sərhədinin ayrı-ayrı hissələrində gərginlik var, lakin bunun Dağlıq Qarabağa aidiyyatı yoxdur".

Qafqazda Rusiyanın sülhməramlı missiyasının başlanması

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun:

* Moskva təsdiq edir: Bakının razılığı olmadan bölgəyə heç kim ayaq basmayacaq

 

Xəbər lenti
0