Məmur, arxiv şəkli

Milli Məclis jurnalistlərin ölümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

31
(Yenilənib 13:18 08.06.2021)
Milli Məclisin spikeri jurnalistlərin mina partlaması nəticəsində həlak olması ilə bağlı MDB PA və AŞPA spikerlərinə məktublar ünvanladığını deyib.

BAKI, 8 iyun — Sputnik. Milli Məclis iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib. O, bildirib ki, Kəlbəcərdəki hadisə ilə bağlı bütün parlamentlərarası işçi qruplarının rəhbərlərinə rəsmi məktub göndərilib:

“Həmçinin, mənim tərəfimdən MDB PA təşkilatına və Avropa Şurası Parlament Assambleyası spikerlərinə məktublar ünvanlanıb”.

Kəlbəcərdə faciə

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAZ" markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Məhərrəm İbrahimov Müşviqabad qəsəbəsində, Sirac Abışov isə Sumqayıtda dəfn edilib.

Beynəlxalq aləmə çağırışlar

Azərbaycanlı jurnalistlərin Qarabağda həlak olması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Ombudsmanı, Baş prokuror, Mətbuat Şurası və digərləri bəyanat yayaraq beynəlxalq qurumları mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq göstərməyə səsləyiblər. Azərbaycan Ombudsmanı diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə: "Biz Ermənistanı mina xəritələrini verməyə çağırırıq. Onlar hər gün bu tələbi rədd edirlər. Daha çox həyat təhlükə altındadır!" - deyə sosial şəbəkədəki paylaşımında bildirib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı veriblər. Başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.

31

Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

114
(Yenilənib 11:03 19.06.2021)
Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

BAKI, 19 iyun — Sputnik. Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imza atıblar. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Bəyannamədə qeyd olunur ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

114
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə

Azərbaycan haqqında doğru xəbər yayanların hesabları bağlanırdı - Prezidentin köməkçisi

1153
(Yenilənib 23:35 18.06.2021)
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib.

BAKI, 18 iyun - Sputnik. Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt isə bu problemi daha da artırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı sessiyadakı çıxışı zamanı deyib.

“Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Paneldə münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti xanım Lulian Cifunun, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaesin, Qətərin xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin sözçüsü Lolvah Rashid Al-Khaterin çıxışları dilənilib.

Paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib.

Təəssüflə qeyd olunub ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, həmçinin səfirlər, deputatlar, digər nüfuzlu şəxslər paneldə iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.

Antalya Diplomatiya Forumu

Bu gün Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb.

Tədbir iyunun 18-dən 20-dək davam edəcək. Bu gün, forumun birinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edirlər.

 

1153

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

5
(Yenilənib 13:10 19.06.2021)
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

5